Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2015

Tarixin utanc və şərəf səhifəsi

Böyük şairimiz Hüseyn Cavidin həyat yoldaşı Mişginaz xanım xatirələrində yazır ki, ailə “xalq düşməni” elan olunduqdan sonra insanlar onlardan yeddi ağac uzaq qaçırmış. Qonşudakı qoca qadın isə ona “qraq narod” (vraq narod) adını qoyubmuş. Dəyərli ziyalımız Eldəniz Zeynalovun FB səhifəsində bu yazdıqlarını oxuyanda o tarixi xatırladım: “Bu günlərdə bilmişəm və əlim üzümdə qalıb... Sən demə, bəzi dostlar (özü də, real dostlar ha!) FB statuslarımı nəinki ”like" etməkdən qorxurlar, hətta mənim onların yazı-pozularını bəyənməyimi də özlərinə real təhlükə hesab edirlər (?!). Ölmədik, bu günü də gördük, Ilahi!... Sanki, ölkə deyil, əsl ruhi xəstəliklər dispanseridi..."
Mən Eldəniz bəyin bu şeyləri çoxdan bildiyinə inanırdım. Çünki bu məsələlər bizə çoxdan aydındır. Illərdir həmin qılaflı adamların əhatəsində yaşaya-yaşaya nələr öyrənmədik? Bu maskalı üzlərin mövsümdən mövsümə nə qədər dəyişdiyini gördük zamanla! Neçəsinin “dolanışıq”, “gün-güzəran” xatirinə dostlarından, yaxınlarından, çevrəsindən üz çevirdiyinə, neçəsinin zəmanə üçün “qorxulu” hesab edilən insanlardan qaçıb qınında gizləndiyinə şahid olduq. Siz ki, bunu hamıdan yaxşı bilirsiniz. Repressiya maşını sizi məhkəmədən məhkəməyə çəkəndə, o qurbağa gölündə necə səssizlik hökm sürdüyünü unutmusunuz məgər?
Bəs ödəyə bilmədiyiniz pul cəriməsi müqabilində küçə süpürməyə məcbur ediləndə necə? Kimin cəsarəti çatdı o rəzalətin, biabırçılığın qarşısına çıxıb, “yetər, artıq bu qədər də irəli getməyin” deməyə? Bu gedişlə kiminsə səsi çıxacağına inanmayın da. Bilirsiniz niyə? Çünki biz tarixin utanc səhifələrindən dərs ala bilməyən millətik. 37-ci illərdə Cavidlərə “qraq narod” ayaması vuran, general Mehmandarov kimi şəxsiyyətə küçə süpürtdürən millətik həm də. Tarixin təkrarlanmasına təəccüblənirsinizmi? Heç təəccüblənməyin, dəyməz...
“Like” məsələsinə gəlincə... Özündə bu düyməni vurmaq cəsarəti tapan şəxs avtomatik olaraq sizin düşüncənizi bəyənmiş, paylaşmış olur. Hardadır bu ölkənin ziyalı deyilən kəsimində o hünər? Bunu hamımız yaxşı bilirik axı. Yaxşı bilirik ki, o kəsimin böyük əksəriyyətinin gücü uzağı sizə “nəyinə lazım, başını dərdə salırsan” nəsihəti verməyə yetər. O da hələ yetsə... “Qiyamçı” səfir Arif Məmmədovun məlum paylaşımını “like” edən, sonra da təzyiqlərə davam gətirməyib üzr istəyən XIN sözçüsünü xatırlayın. Biz insanların belə alçaldıldığı, əzildiyi, qorxaq, gözüqıpıq hala salındığı bir ölkədə yaşayırıq axı. Kimdir günahkar təkcə mövcud sistemmi? Xeyr, həm də o sistemə bu qədər haqq vermiş, onu bu qədər başına çıxarmış, kölə kimi özünü ona təslim etmiş insanlardı günahkar. Bir sistemi yaradan, mexanizmlərini hərəkətə gətirən, qidalandıran insanlar olduğuna görə, kənarda günahkar axtarmağa dəyməz. Indi biz həmin qorxacaq, dili gödək, başıaşağı adamların hansı məqamdasa ortaya çıxıb böyük bir cəsarət göstərəcəyinə ümid edirik. Mən onlardan əlimi çoxdan üzmüşəm, lap bir zamanlar yaxın bildiklərimin çoxundan da. Siz də birdəfəlik üzün ki, hər dəfə vaysınıb özünüzü üzməyəsiniz.
Əslində, bütün bunlar çox kədərlidir. Çevrəndə dosdoğma saydığın insanların dürüstlüyünə görə səndən “qorxması”, doğrunu söyləyib hədəfə gəldiyinə görə səndən qaçmaq cəsarətsizliyi çox kədərlidir. Amma gözəl olan bir şey də var - bu qədər çirkabın içində doğru, sağlam, cəsur qala bilmək. Bəlkə zaman bizə görə çox amansızdır. Ancaq gec olsa belə, tarix dönüb-dolanıb hər şeyi haqq etdiyi yerə qoyur. Necə ki, yetmiş illik tarixin bir utanc səhifəsini Mehmandarova küçə süpürtdürən insanlar, başqa bir şərəf səhifəsini isə onun adını küçəyə verən insanlar yazıb...

Səadət Cahangir /azadlıq
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36