Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Gülər Əhmədovanın son sözü - Stenoqram

“Gətirin Qurana əl basım ki, mən dələduz deyiləm”; Sabiq deputatın məhkəmədəki çıxışında ilginc mesajlar; hökm oxundu – 3 il həbs!
Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi üzrə növbəti məhkəmə iclası keçirildi. Bu dəfəki iclasda G.Əhmədova son sözünü dedi. Amma bundan əvvəl onun vəkili Əfsər Talıbov keçmiş deputatın prezidentə ünvanladığı teleqramı iş materiallarına əlavə olunması üçün məhkəməyə təqdim etdi.

“SON SÖZÜMÜN ƏN YAXŞI SÖZÜNÜ SEVİNC BABAYEVA DEYİB”
Daha sonra G.Əhmədova çıxışa başladı. Bildirdi ki, cinayət işinin materiallarında onun istintaqa bir dəfə ifadə verdiyi, digər hallarda isə ifadə verməkdən imtina etdiyi yazılıb. Keçmiş deputat imtinanın səbəbini belə izah etdi: “Əslində imtina etməmişəm. Müstəntiqə bütün məsələləri danışmışam. Amma onların bəziləri cinayət işinə daxil edilib, bəziləri yox. Məsələn, vəkilimin müdafiə çıxışında dediyi 7 mesaj məsələsi, Elşad Abdullayevin Sevinc Babayeva ilə telefon danışıqları, Sevinc Babayeva, Tavat Şirinova və Lyudmila xanımın hüquq müdafiəçisi Novella Cəfəroğlunun ofisində çəkdirdiyi qanuni videoçəkiliş. Mən istintaqda suallar verirdim, amma cavab ala bilmirdim, ona görə də susmağa üstünlük verirdim. Düşünürdüm ki, Sevinc Babayevanın 26 sentyabrda kabinetimdə mənə dedikləri onsuz da bir-bir açılacaq. Belə də oldu. Bacısının, oğlunun, rəfiqəsi Sədaqət İmranovanın da ifadəsində var ki, bu adam 2006-cı ildə birdən-birə varlanıb, maşınlar alıb. İş bu qədər bəsit ikən Elşad Abdullayevin qurama videosu ətrafında belə səs-küy qalxması cılız görünür. Palaz-palaz yazılar yazan, dövləti sevməyən adamlar da bu gün görür ki, məsələ bu qədər bəsit imiş. Vaxtında o 7 mesaj, Elşad Abdullayevlə Sevinc Babayevanın telefon danışıqları, “Sevinc, mən Gülərə yox, sənə pul vermişəm” dediyi yazı iş materiallarına daxil edilsəydi, Lyudmila xanım dindirilsəydi, iş bu yerə çıxmazdı, mən bir il həbsdə saxlanılmazdım. Mən səbirlə gözlədim. Bu yalanlara xalqın böyük hissəsi, media inandı. Göbbelsin bir sözü var ki, əgər xalqı idarə etmək istəyirsənsə, çox böyük yalanlar danış və hər gün onu təkrar et. Elşad Abdullayev çox böyük yalanlar danışdı. Ölmüş adamların adından yalan ifadələr verilir. Bu ifadələrin ardından isə Sevinc Babayevanın hələ sağ ikən göndərdiyi mesajlar çıxır. Mənim son sözümün ən yaxşı sözünü Sevinc Babayevanın mesajları deyir. O, mənim son sözümün ən yaxşı sözünü hüquq müdafiəçisinin yanında lentə alınan videoda səsləndirdiyi fikirlərdə deyib.

“ELŞAD ABDULLAYEV DEPUTAT SEÇİLMƏK İSTƏMƏYİB”
"Elşad Abdullayev ətrafında əməliyyat tapşırığı verilib, onun Moskvada, Fransada, Dubaydakı telefon nömrələri müəyyənləşdirilib, 1 həftə Karlovı Varada olması aşkarlanıb

Sevinc Babayeva ilə Elşad Abdullayev biznes ortağı olub, Moskvaya bir yerdə gedib-gəliblər. Elşad Abdullayev necə seçkiyə hazırlaşırdı ki, seçki marafonu dövründə 40 gündən artıq Dubayda olub? Heç bir namizəd seçki marafonu dövründə nəinki ölkədən, heç seçildiyi dairədən kənara çıxmırdı. Elşad Abdullayev nə deputat seçilmək istəyib, nə də buna cəhd göstərib. Bildiyim çox faktlar var ki, bunları müstəntiqə danışmışam. Amma gördüm ki, necə toxumu əkərsən, bitməz, dediklərimə də əhəmiyyət verilmir. Sevinc 3 ay Türkiyədə olub. Onun yanına yaxınları gedib-gəlib. Niyə bu 3 ayda onunla bağlı bir dəfə olsun əməliyyat tapşırığı verilməyib? İstintaq zamanı bir dəfə Elşad Abdullayevin dindirilməsi ilə bağlı vəsatət qaldırdım. Heç olmasa skayp vasitəsilə üzləşdirməni istədim. O isə mətbuat vasitəsilə bildirdi ki, heç bir müstəntiqi qəbul etməyəcəm və üzləşməyəcəm. Amma Əsədovun imzası ilə Elşad Abdullayev ətrafında əməliyyat tapşırığı verilib, onun Moskvada, Fransada, Dubaydakı telefon nömrələri müəyyənləşdirilib, 1 həftə Karlovı Varada olması aşkarlanıb. Belə bir əməliyyat tapşırığını Sevinc Babayeva barəsində də vermək olmazdımı? Amma verilməyib, səbəbi də məlumdur. Onun yeri gizlin deyildi, Bu adam niyə dindirilmədi? Niyə telefonla da olsa zəng edib soruşulmadı ki, ay xanım, nə vaxt gələcəksiniz? İttiham aktına baxıram. Bilmirəm, öz günümə gülüm, ya ağlayım? İttihamların heç biri hüquqi baxımdan sübut olunmayıb. Yazıblar ki, Sevinc Babayeva mənim kabinetimin qabağında ağlayıb. Dərdini danışmağa gələn o qədər adam ağlayır ki? Bəyəm kiminsə kabinetinin qarşısında ağlamaq cinayəti sübut etmək üçün faktdır?

“ANASI TÜRKİYƏDƏ CAN ÇƏKİŞƏNDƏ AYXAN MƏMMƏDOV BURDA TOY EDİB”
İttiham aktında göstərilib ki, mənə pul verilib. Harada, kimin yanında, nə vaxt? Yazırlar ki, 60 gün ərzində. Bu 60 günün vaxtı, saatı olmur? Pulu 60 günə bölüblər? Mənimçün ən ağır cinayət insan öldürməkdir. Onu da yazmırlar ki, 60 gün ərzində öldürülüb. Konkret vaxtını, saatını yazırlar. Bu iş ətrafında ajiotaj yaradan iki nəfər vardı: Elşad Abdullayev və Sevinc Babayevanın oğlu Ayxan. Deyirdilər ki, ay bunu öldürdülər, zəhərlədilər. Amma sübut olundu ki, onu heç kim zəhərləməyib, nə də öldürməyib. Burda sinəsinə döyüb, “bir tək anam vardı, tək qaldım” deyən oğulun anası Türkiyədə can çəkişəndə özü burda, şadlıq sarayında toy edirdi. Sənin anan infarkt keçirib, Türkiyədə ağır vəziyyətdədirsə, sən burda toy edərkən nə dərəcədə səmimisən? Elşad Abdullayev deyir ki, mən onun etibarından sui-istifadə etmişəm. Halbuki bu adamın doğma qayınatası onun haqqında deyir ki, Elşad ondan şübhələnib ki, universiteti əlindən alacaq. İllərlə yaşadığı xanımının atası onun haqqında “yaramaz” deyirsə, belə bir adamın nə etibarı ola bilər? O Elşadla mənim nə ortaq cəhətimiz ola bilər? O, Kürdəmirdə anadan olub, mən Bakıda. O, universiteti qurtarıb, mən APİ-ni. Yaşımız uyğun deyil, qohumluğumuz yoxdur, qız verib qız almamışıq, bir-birimizin də tədbirlərinə getməmişik. Bu adam mənə niyə etibar etməlidir ki? Hörmətli millət vəkilləri var ki, onun universitetində dərs deyiblər. Onlardan biri soruşun ki, Gülər bu işlərin içində olub, ya yox? İttihamın bir hissəsində var ki, mənim Elşadla telefon danışığım var. Bu adam can bir qəlbdə olduğu Sevinc Babayeva ilə telefon danışıqlarını yayırsa, hətta ən məhrəm söhbətlərini belə internetdə yaymaqdan çəkinmirsə, mənimlə pul söhbəti olsaydı, onu saxlayardımı? O, illərlə dostluq etdiyi adamların, hətta qayınatasının videosunu da çəkib.

“MƏN ELŞADIN FELLİNİ OLDUĞUNU BİLMİRDİM”
O, mənə “mənim pulum səndədir” demək cəsarəti göstərsəydi, bunu yayardı. O ki qaldı, Sevinc Babayevaya verib, o da mənə, bu, gülüncdür və heç cür sübut etmək mümkün deyil. Söhbət bir-iki manatdan yox, bir milyondan gedir. Sevinc bu pulu mənə veribsə, niyə 7 il məndən istəməyib, əksinə, mənim qulluğumda dayanıb, hətta axtarmadığım vaxt da gəlib. Əslində Sevinc məni aldadıb gedib. 2009-2010-cu illərdə Əvəz Zeynallının məhkəməsində az qalırdı Əvəzi öldürsün. Kimin kimə borcu olanda gəlib onun işinə yarayır? Bu adam məni aldatdı ki, mən xəstəyəm. Mən bilmirdim ki, bunlar Elşadla nə qələtlər qarışdırırlar. Mən Elşadın Fellini olduğunu bilmirdim, Sevinci, Məmmədəli kişini qabağında aktyor kimi oynadıb, nağıllar danışdırdığını da. Məmmədəli kişi özü bunu dedi. Sevinc gedəndə mənə cəmi bir cümlə dedi ki, mən onlardan qorxuram, sənin bilmədiyin çox şeylər var. O şeyləri mən indi başa düşürəm. O vaxta qədər mən cəmi bir videonu görmüşdüm. O biri videoları görəndən sonra Sevinclə skayp danışıqlarında dedim ki, o nə videolardır, nə artistlikdir sən eləmisən? Dedi ki, məni məcbur ediblər. O gündən də dedim ki, qayıt gəl. O sözü deyəndən özü də, ailəsi də mənə düşmən oldu. Mən normal azərbaycanlı qadın, millət vəkili kimi düzgün hərəkət eləmişəm. Bu adam Türkiyəyə gedəndə vəzifədə idi, kitabxana müdiri idi. Mən falçı deyildim. Hardan biləydim ki, onun barəsində iki dəfə xitam verilmiş işi bir müddət sonra yenə qaldıracaqlar? Mən 3 dəfə millət vəkili seçilmişəm, dərhal barəmdə qətimkan tədbiri seçildi. Ona isə iki il ərzində nə stop qoyulmuşdu, nə də qətimkan tədbiri seçilmişdi. Mənim o işdə iştirakım sadəcə torpaq məsələsi ilə bağlı iş başlananda ona vəkil vermək olub. Kimisə vəkillə təyin etmək günah idi bəyəm? Sevinc Babayevanın oğlu Ayxan istintaqa 8 dəfə ifadə verib. Birində deyir ki, Gülər Əhmədova anama “ölkəyə qayıtma, sənə stop qoyublar” deyib. Bir başqa ifadəsində deyir ki, mən ona telefon danışığımda “anan istəyir gəlsin, istəmir yox, özü bilsin” demişəm.

“BİLSƏM SEVİNCİ EVİMDƏ SAXLAYAR, SƏHƏRİ GÜN PROKURORLUĞA APARARDIM”
Təəssüf edirəm ki, o vaxt Sevinc məndən ağıllı çıxdı, məndən cəld tərpəndi. Mən özüm aldanmış, şərə düşmüş adamam

O, gedəndə mən onun cəmi bir videosunu görmüşdüm. Düşünürdüm ki, ekspertiza bunun saxta olduğunu üzə çıxaracaq. Əgər o biri videoları da görsəydim, həmin gecə onu evimdə saxlayıb, səhəri gün prokurorluğa aparardım. 16 il dövlət işində işləmişəm, onun 12 ilini parlamentdə olmuşam. Məni tanıyanlar bilir ki, Heydər Əliyev siyasi kursuna sadiqəm. Bu komandanın hər bir üzvünün arxasındayam. Təəssüf edirəm ki, o vaxt Sevinc məndən ağıllı çıxdı, məndən cəld tərpəndi. Mən özüm aldanmış, şərə düşmüş adamam. Elşad Abdullayevi milli qəhrəman, Sevinc Babayevanı isə qurbana çevirmişdilər. Halbuki onların hər ikisi sözün bütün mənalarında bir-birindən yararlanıblar. Bəli, mənim günahım var. Günahım da odur ki, özümə güvənim böyük olub. Ağlıma da gəlməyib ki, kimsə məni aldada bilər, o cümlədən də Sevinc Babayeva. Bu həmişə yanıma gəlib, oğlundan, bacılarından şikayətlənən, kömək istəyən adam olub. Gecə-gündüz buna təsəlli verirdim. Hardan biləydim ki, başıma bu oyunları gətirəcək? Əsas sübut kimi mənim ifadəmi götürüblər. Dəfələrlə demişəm ki, bu ifadə hansı şəraitdə verilib. Ən əsası isə o ifadədə nə demişəm? Mənim 17 dekabr tarixli ifadəmi kontekstdən çıxarmaq lazım deyil. O ifadədə birmənalı şəkildə göstərmişəm ki, Elşad Abdullayev və digərlərindən pul almamışam, heç kimə də pul verməmişəm. Heç bir sövdələşmə də olmayıb. 36 saat, ac-susuz, xəstə ailə üzvümlə birlikdə saxlayıblar.
Qazaxda o cür mənəvi zərbə almışdım, iki gecə yatmamışdım. Xəstə ailə üzvümə bu cür işgəncə verirdilər. Belə şəraitdə nə desəydilər, yazardım. Hətta desəydilər ki, “Elşad Abdullayevi mən öldürmüşəm” yaz, onu da yazardım

Dedim ki, 2 gecədir, yatmamışam, həmişə hörmətlə gəzən adam olmuşam. İndisə camaat arasında biabır olmuşam. İmkan verin, gedim evimə, sabah gəlim, təmiz başla ifadə verim. Dedilər ki, yox. Onda dedim ki, cəhənnəmə, nə istəyirsiz verin, onu da yazım. Soruşdum ki, nə yazım? Dedilər ki, yaz, yorulmuşam, bezmişəm, Elşad Abdullayevin pulunu qaytarmaq barədə düşünərəm. Mən azərbaycanlı qadınam, Qazaxda o cür mənəvi zərbə almışdım, iki gecə yatmamışdım. Xəstə ailə üzvümə bu cür işgəncə verirdilər. Belə şəraitdə nə desəydilər, yazardım. Hətta desəydilər ki, “Elşad Abdullayevi mən öldürmüşəm” yaz, onu da yazardım. Mən Zoya Kosmedemyanskaya deyiləm, adi qadınam. Fikirləşirdim ki, indi zora salıb, yazdırdılar, sonra bunu açıqlayacam. Bununla belə, başım işlədi, müstəntiqə dedim ki, birinci öz dediyimi yazacam, sonra sən istədiyini. Ona görə də “heç kimdən pul almamışam, verməmişəm” cümləsini yazdım. Səlcuq Ağlayan deyəndə ki, bizim müstəntiqlər ona “Gülər Əhmədovanın adını çək, yoxsa sənin bütün işlərini araşdıracağıq” deyiblər, ürəyim ağrıdı. Mən Sevinc Babayevanı başlı-başına buraxmamaqla əslində dövlətin nüfuzunu qorumuşam.

“ELŞAD ABDULLAYEV SEVİNCƏ PUL VERİB, O DA ÖZÜNƏ, OĞLUNA BAHALI MAŞINLAR, “NOVOSTROYKA”DA EVLƏR ALIB”
Gətirin Qurana əl basım ki, mən dələduz deyiləm, Elşad Abdullayevin pulu da məndə deyil, ondan pul almamışam

Gətirin Qurana əl basım ki, mən dələduz deyiləm, Elşad Abdullayevin pulu da məndə deyil, ondan pul almamışam

O, başlı-başına bir otel köşəsində ölsəydi, Elşad Abdullayevin həyasızlığının qabağında dayanmaq olardı? Çox sevindim ki, Səlcuq Ağlayana qarşı cinayət təqibi bəraətlə sonuclandı. Mən elə bilirdim ki, demokratiya nədir bilirəm. Amma bir il əvvəl başa düşdüm ki, əslində bilmirəmmiş. Mən sivil bir addım atıb, mandatımdan imtina etdim. Amma bir çoxları bunu başqa cür yozdular ki, günahını bununla boynuna alır. Ondan sonra mənə basqılar birə-beş artdı. Nə qədər zavallı insanlarıq. Millət vəkili kimi bir iclasda imkanım olmayacaqdı ki, düyməni basıb sözümü deyim? Gətirin Qurana əl basım ki, mən dələduz deyiləm, Elşad Abdullayevin pulu da məndə deyil, ondan pul almamışam. Tarix bunu sübut edəcək. Mən bir söz deyən adamam, qırx söz yox. Məni heç kimsə səhv salmaq lazım deyil. Ağzımdan bir söz çıxırsa, arxasında da dayanıram. Bu dünyada insanın adı qalır. Məndən sonra 3 oğlum var. İmkan vermərəm, kimsə desin ki, bunun anası dələduzun biri idi, gah elə danışırdı, gah belə. Elşad Abdullayevin videoları başdan-ayağa quramadır. Sevinclə skayp danışıqlarında çox şeylərdən danışmışıq, onu tənbeh etmişəm. Elşad Abdullayev bura gəlsəydi, onun bu qadına, eləcə də çox qadınlara - biri də mən necə zülm etdiyini deyərdim. Məni yandıran başqa şeydir: istintaqı elə aparıblar ki, Elşad Abdullayevin dediyi olsun. Əks halda, mesajlar, telefon danışıqları işə daxil edilərdi. Elşad Abdullayev Sevincə pul verib, o da özünə, oğluna, bahalı maşınlar, “novostroyka”da evlər alıb.

“MƏNİM ÜÇÜN DEYİBLƏR Kİ, HƏBSDƏ ÖLƏCƏKSƏN...”
Niyə mütləq Gülər Əhmədovanı günahkar çıxarmaq istəyirlər? Bu dünyada heç kim bilmir ki, qabağına nə çıxacaq. Heç kim əlini sinəsinə döyməsin ki, şərə düşməyəcək. Angela Merkel kimi adamın telefonlarının ABŞ tərəfindən dinlənildiyi üzə çıxdı, buna görə yeri-göyü dağıdırdı. Bundan sonra kim deyə bilər ki, haradasa dediyim 3-5 cümləni düzüb-qoşub, montaj edib internetdə yaymayacaqlar? İstintaqı belə aparırdılarsa, elə bir kəlmə deyəydilər ki, bizim üçün əsas olan prezidentin fərmanı (gizli videoçəkiliş və səsyazmanın qadağan olunması barədə), Konstitusiya yox, Elşad Abdullayevin dedikləridir. Elə şeylər var ki, susmaq mümkün deyil. Tutaq ki, Gülər Əhmədovaya ittiham verildi və getdi. Axı milyonlarla insan görür bu baş verənləri... Mənim özüm üçün də deyiblər ki, həbsdə qalacaqsan və orada öləcəksən. Mən həbsdə qalmağımın davasını aparmıram. Özümüzə yazığım gəlir ki, Konstitusiyanı, prezidentin fərmanını pozmayaq, kənara atmayaq. Sizdən acizanə xahiş edirəm, gələcəyimizi, gənclərimizi düşünün, insanlarda Konstitusiyaya, prezidentə inamı öldürməyin. Yalvarıram sizə, bu, dövləti məsələdir, bunu eləmək olmaz. Eləyəcəyiksə, öz gələcəyimizə özümüz balta vurmuş olacağıq. Bizə erməni-başqası lazım deyil... Elşad Abdullayevlə Sevinc Babayeva arasında sövdələşmə, anlaşma olub. Elşad görəndə ki, qanunsuz əməllərinin qarşısı kəsilir, onda şantaja əl atıb. Mən ondan pul almış olsaydım, qaytarırdım ki, səs-küy olmasın. Necə ki, bunu başqaları elədilər. Bu adamdan pul almamışamsa, niyə şantajına boyun əyməliydim? Necə olur, Elşad başqalarıyla bağlı videonun əslini göndərir, mənimlə bağlı yox. Deyir ki, 5 saatlıq videodur, bəs niyə yaymır hamısını? Deyir ki, orada söyüş var, ona görə. Biz 4 saat yarım söyüşmüşük? Sən mənə pul verirdinsə, mən niyə səni söyməliydim? O adam mənə pul vermək cəsarətində bulunsaydı, vallah-billah çəkərdi. Necə ki, istintaqda yazılanlardan fərqli olaraq, Sevinc Babayeva gəlib kabinetimdə mənim üstümə qışqıra bilməzdi, Elşad Abdullayev də cəsarət edib mənə pul verə bilməzdi.

“SEVİNC BABAYEVANIN TALEYİNİ YAŞAMAQ İSTƏMİRƏM”
Mənim azadlığa buraxılmağım üçün 5 minə yaxın adam müraciət edib. Onların arasında eyni partiyadan olmasaq da, parlamentdən olan yoldaşlarım da var. Onlara minnətdarlıq edirəm ki, taleyimə biganə qalmayıblar

Elşad Abdullayev kimdir ki? Bəlkə də kimlər üçünsə o kimdir... Adama durub deyərlər ki, sən kimsən ki, gəlib burada oturmusan. O, Fransada kef eləyir. Prokurorluqdan nə qədər incisəm də, həm prokurorluğa, həm də məhkəməyə minnətdarlıq etmək istəyirəm. Hiss eləyirəm ki, bu işin içində ədalət toxumu var, nə vaxt cücərəcək, onu bilmirəm. Birincisi, ona görə minnətdaram ki, Elşad Abdullayev zərərçəkmiş qismində tanınmayıb. İkincisi, onun mülki iddiasını məhkəmə qəbul eləmədi. Üçüncüsü, prokurorluq ona qarşı rüşvətə cəhd ittihamı ilə iş qaldırıb. Yəni, rüşvət verməyib, cəhd eləyib. Nə qədər sağam (Gülər Əhmədova kövrəldi...) Bu məntiqi sıralamanın sonucuna çatmasını istəyirəm. Allahdan arzu edirəm ki, məhkəmənin hökmü ekspertizanın rəyinə oxşamasın. Bu sözümə Allahı da şahid çağırıram: mən dələduz deyiləm. Bir daha dünyaya gəlsəm, yenə də olmaram. Bəlkə ehtiyatsızlıq üzündən hansısa başqa cinayət törədərəm, amma dələduz ola bilmərəm. Bizə belə tərbiyə veriblər ki, evdə duz-çörək ye bayıra çıx, amma çöldə özünü elə apar ki, sanki plov yemisən. Mən haramlıq eləməmişəm, nə söz demişəmsə, arxasında da durmuşam. Mənim azadlığa buraxılmağım üçün 5 minə yaxın adam müraciət edib.

Canını dövlətçilik uğrunda qoymuş bir adam üçün bu, çox böyük müddətdir. Bu iş prezidentin nəzarətindədir. Ona görə bir daha müraciət edərək demək istəyirəm ki, cənab prezident, mən dələduz deyiləm. Uzun illər sizin tanıdığınız, bildiyiniz adamam. Heydər Əliyevin siyasətə gətirdiyi adam olaraq, onun siyasi kursuna sonadək sadiq qalacağam. Bu, partiya mənsubiyyəti məsələsi deyil, əqidə məsələsidir

Onların arasında eyni partiyadan olmasaq da, parlamentdən olan yoldaşlarım da var. Onlara minnətdarlıq edirəm ki, taleyimə biganə qalmayıblar. Elşad Abdullayev Sevinc Babayevaya nə isə veribsə də, bunun mənə dəxli yoxdur. Can bir dost olublar, başqa ifadələr işlətmək istəmirəm. Çünki ölmüş adamın ardınca çox danışmaq, onun dediklərinin hamısını açıqlamaq olmur. Sevinc Babayeva axirətdə deyə bilər ki, axı mən onları sənə danışmışdım, niyə 100 adamın içində faş elədin? Elşad Abdullayev Sevinc Babayevaya nə verib, nə səbəbə verib - onların ikisinin işidir. Mən Sevinc Babayevanı bağışlamışam. Amma özüm elə vəziyyətdəyəm ki, günahım olmaya-olmaya iki maddə ilə ittiham veriblər. Namərdin üzünü Allah qara eləsin. Bu gün məcburam deyim ki, mənə qarşı təkcə ədalətli yox, həm də mərhəmətli olun. Zamanı gələndə bu iş bəraətlə nəticələnəcək. Sağlıq durumum elədir ki, bu gün evimdə olmaq istəyirəm. Sevinc Babayevanın taleyini yaşamaq istəmirəm. Övladımın mənsiz böyüməsini istəmirəm. Bir ildir ki, bu əzabı çəkirəm. Canını dövlətçilik uğrunda qoymuş bir adam üçün bu, çox böyük müddətdir. Bu iş prezidentin nəzarətindədir. Ona görə bir daha müraciət edərək demək istəyirəm ki, cənab prezident, mən dələduz deyiləm. Uzun illər sizin tanıdığınız, bildiyiniz adamam. Heydər Əliyevin siyasətə gətirdiyi adam olaraq, onun siyasi kursuna sonadək sadiq qalacağam. Bu, partiya mənsubiyyəti məsələsi deyil, əqidə məsələsidir. Bəzi həqiqətlərin üzə çıxması zaman məsələsidir. Xahiş edirəm, mənə qarşı mərhəmətli olasınız. Azyaşlı övladımın, səhhətimdə problemlərin, ailəmdə ağır xəstə olduğunu nəzərə alasınız. Ən böyük arzum ailəmin, övladımın yanına getməkdir".

İKİ SAATLIQ MÜŞAVİRƏ VƏ 3 İL CƏZA
Gülər Əhmədovanın çıxışından sonra prosesdə fasilə elan olundu. Günortadan sonra hakim Əlisultan Osmanov hökmü elan etdi. Hökmdə bildirilir ki, Gülər Əhmədovaya qarşı irəli sürülmüş ittihamlar məhkəmə zamanı təsdiqini tapıb. Məhkəmə Gülər Əhmədovanın ifadəsini, həmçinin onun özünü təqsirli bilməməsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirib. Məhkəmə Gülər Əhmədovanın ilk dəfə məhkum edilməsini, üç dəfə deputat olmasını, BDU-nun müəllimi, alimlik dərəcəsi almasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, onunla bağlı çoxsaylı müraciətləri, himayəsində bir azyaşlı uşağın olmasını, davranışını yüngülləşdirici hallar kimi nəzərə alaraq, CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Beləliklə, məhkəmə Gülər Əhmədovanın 3 il azadlıqdan məhrum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm çıxardı./musavat/
1870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı