Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Ukraynanı tətillər bürüdü

Yanukoviç geri çəkilir; Müxalifət müvəqqəti hökumət yaradır, Hakim partiyanın deputatları istefa verir

Ukraynada avrointeqrasiya tərəfdarlarının aksiyaları səngimək bilmir. Kiyevin “Müstəqillik” Meydanında gecələyən avrointeqrasiya tərəfdarları dekabrın 2-də səhər saatlarında Nazirlər Kabinetinin binasına yürüş ediblər. Beş mindən artıq etirazçı hökumət binasının qarşısına gələrək, “Banda, get!” şüarları səsləndiriblər. Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər. Yürüşün başında gedən sabiq daxili işlər naziri Yuri Lutsenko iştirakçılara aksiyanın dinc xarakterli olduğu barədə xəbərdarlıq edərək, onları təxribatlara uymamağa çağırıb.
Xatırladaq ki, bazar günü “Müstəqillik” meydanında yüz minlərlə insanın iştirakı ilə aksiya keçirilib. Dünən müxalifət açıqlama yayıb ki, həmin gün meydanda 800 min insan olub. Müxalifət liderlərindən biri, sabiq daxili işlər naziri Yuri Lutsenko deyib ki, bu, rəsmi məlumatdır".
Lutsenko həmçinin insanları meydana gəlməyə və öz gələcəklərini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. Indi isə hər şeyi biz özümüz etməliyik”.

Kliçko xaricdəki ukraynalıları Kiyevə çağırdı

Müxalifyönlü “Zərbə” partiyasının lideri Vitali Kliçko dünyada yaşayan ukraynalılara müraciət edərək, onları Kiyevə gəlməyə çağırıb. “Kiyevdə Ukraynanın gələcəyi həll olunur”, - deyə o bildirib.
Etirazçılar Prezident Administrasiyasının binası ətrafına da toplaşmağa başlayıblar.
Dekabrın 2-də Ukraynada fövqəladə vəziyyət elan olunacağı haqda bir gün əvvəldən yayılan məlumatlar isə özünü doğrultmayıb. Baş nazirin mətbuat katibi məlumat verib ki, hökumət ölkədə fövqəladə vəziyyət elan olunması məsələsini müzakirə etməyib.
Dünən ölkənin qərb hissəsində yerləşən şəhərlərdə də avrointeqrasiya tərəfdarları müddətsiz kütləvi etiraz aksiyalarına başlayıblar. Ternopol şəhər şurasının teatr meydanında keçirilən toplantısında da dinc aksiyalarla bağlı qərar qəbul edilib. Şəhər rəhbəri Sergey Nadal əhalini işə getməməyə və meydana toplaşmağa çağırıb. Lvovda isə əhali Taras Şevçenkonun abidəsi önünə toplaşıb. Etiraz aksiyasına qoşulan şəxslər mitinqin Təşkilat Komitəsini yaradıblar. Daha əvvəl Lvov vilayətinin rəhbəri Pyotr Kolodi sakinləri ümummilli tətilə çağırmışdı. Onun sözlərinə görə, hər bir işçi özü niyə mitinqə getdiyini anlamalı və qərar verməlidir. Ivan-Frankovski şəhər nümayəndəsi Viktor Anuşkeviçus və onun köməkçisi isə öz hesablarına məzuniyyətə çıxıb. Məlumata görə, icraiyyə komitəsinin digər üzvləri də analoji addım atıblar.

“Bu hakimiyyət gedənə qədər dövlətə vergi verməməliyik”

Axşam saatlarında Ivan-Frankovski və Ternopolda Yanukoviçin assosiasiya sazişi imzalamamasına, eləcə də noyabrın 30-da meydan iştirakçılarına qarşı güc tətbiqinə etiraz olaraq ümumşəhər tətili elan edilib. Ivan-Frankovskidəki aksiyaya 15 mindən artıq etirazçı qatılıb.
“Kiyevə gedə bilməyənlər burada bütün həftəni qalmalıdır”, - deyə şəhərin milli dirəniş qərargahının rəhbəri Vasili Popoviç bildirib. O, insanları Yanukoviçin kabinetlərdəki portretlərindən qurtulmağa çağırıb: “Mən sahibkarlara da müraciət edirəm. Bu hakimiyyət gedənə qədər dövlətə vergi verməməliyik. Bizləri döyən ”Berkut"u maliyyələşdirməyə haqqımız yoxdur".
Ukraynanın bəzi şəhərlərində - Xarkov, Luqansk, Donetsk, Odessa, Vinnitsa, Çerkass, Poltava, Kiyev, Nikolayev, Dnepropetrovsk və Kirovoqradda ölkədəki vəziyyətlə əlaqədar vilayət şuralarının növbədənkənar sessiyalarının keçirilməsinə də qərar verilib.

Parlament hökumətə etimadsızlığı müzakirə edəcək

Ukrayna parlamentinin dövlət quruculuğu və yerli idarəetmə məsələləri üzrə komitəsi isə hökumətə etimadsızlıq göstərilməsi haqda qərar layihəsini qəbul edib. Bu barədə “Batkivşina” partiyasının lideri Arseni Yasenyuk məlumat verib. Məlumatı komitənin üzvü, “Zərbə” partiyasının lideri Vitali Kliçko da təsdiqləyib.
Dünən Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının parlament fraksiyasından daha bir deputat istefa verib. Inna Boqoslavskaya, David Jvaniya və Nikolay Rudkovskidən sonra Vladimir Melniçenko da istefa verdiyini açıqlayıb. Bununla da partiyadan çıxan deputatların sayı 4-ə çatıb.
Deputat Putindən Ukraynaya ordu yeritməyi xahiş etdi
Regionlar Partiyasının Sevastopol Şəhər Sovetindən olan deputatı Sergey Smolyaninov isə Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir: “Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”.

Avropa Birliyi güc tətbiq etməməyə çağırdı

Avropa Birliyi Ukrayna hakimiyyətini və müxalifətini kütləvi aksiyalar keçirildiyi müddətdə zorakılıqdan çəkinməyə və problemləri siyasi dialoq yoluyla həll etməyə çağırıb. Bu barədə Avropa Birliyinin Təhlükəsizlik və Xarici siyasət məsələləri üzrə komissarı Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç məlumat verib. O bildirib ki, hazırda Avropa Birliyi Ukraynanın hökumət üzvlərinə qarşı fərdi sanksiyaların tətbiqini müzakirə etmir: “Biz situasiyanı izləyirik və başa salmağa çalışırıq ki, assosiasiya sazişi Ukrayna-Rusiya münasibətlərinə qarşı deyil”.
Qeyd edək ki, bəzi deputatlar, eləcə də müxalifət liderləri Avropa Birliyi ölkələrini və ABŞ-ı Ukrayna prezidenti Viktor Yanukoviçə və hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Miyatoviç polis zorakılığını pislədi

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç isə Kiyevdə polisin yerli və xarici jurnalistlərə qarşı qeyri-adekvat zorakılığıyla bağlı narahatlığını ifadə edib.
“Hüquq-mühafizə orqanlarının fərqləndirici nişanı olan jurnalistlərə hücum etməsindən və onları döyməsindən xüsusilə narahatam. Mətbuata qarşı zorakılıq yolverilməzdir”, - deyə Miyatoviçin ATƏT rəhbərinə və Ukrayna xarici işlər naziri Leonid Kojaraya ünvanladığı məktubda qeyd edilir.
“Turan”ın məlumatına görə, Miyatoviç Ukrayna hakimiyyətini mətbuata qarşı zorakılığa son qoymağa və baş verənlərin şəffaf araşdırılmasına başlamaq üçün təcili addımlar atmağa çağırıb. Onun sözlərinə görə, Kiyevdə beynəlxalq və yerli KIV-lərin, o cümlədən “Euronews”, “Reuters”, “AFP”, “Associated Press”, “New-York Times” və s. media qurumlarının 40-dan çox əməkdaşı polis zorakılığı nəticəsində xəsarət alıb.
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə üzrə komissarı Ştefan Füle öz “Twitter” səhifəsində fikir ayrılığının təcili həllini tapmalı olduğunu yazıb.
NATO-nun baş katibi Anders Foq Rasmussen isə Ukrayna xalıqına müraciət edərək, zorakılıqlardan qaçmağa çağırıb. O bildirib ki, demokratik cəmiyyətlərdə siyasi problemləri zorakılıq və güc yolu ilə həll etmək olmaz.
“Başlıca məsələ Ukraynada hakimiyyət dəyişikliyidir” - bu bəyanatla isə Litvanın keçmiş baş naziri, indi parlamentdə təmsil olunan xristian demokratların rəhbəri Andrus Qubilis çıxış edib. Onun sözlərinə görə, hazırkı situasiyada beynəlxalq diplomatiyanın bütün səyləri Ukrayna xalqının öz iradəsini sərbəst şəkildə ifadə etməsidir: “Ukrayna hakimiyyəti bilməlidir ki, xalqa qarşı zor tətbiq ediləcəyi halda, bu ölkəni sərt beynəlxalq təcrid vəziyyəti gözləyir. Indi başlıca diqqət təkcə assosiasiya müqaviləsini imzalamaq deyil, meydanda xalqın tələbinə uyğun hərəkət edib hakimiyyət dəyişikliyini tələb etməkdir”.

Merkel Yanukoviçə xəbərdarlıq etdi

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Viktor Yanukoviçə və onun hökumətinə xəbərdarlıq edərək, onları dinc nümayişçilərə qarşı zor tətbiqindən çəkinməyə çağırıb. Bu barədə Almaniyanın hökumət rəsmisi Ştefen Zaybert məlumat verib: “Merkel Yanukoviçi ölkədə ifadə azadlığı və vətəndaşların dinc toplaşma hüququnu təmin etmək üçün lazım olan addımları atmağa çağırıb”.
Zaybert əlavə edib ki, Ukraynada avrointeqrasiya mitinqləri çox dəqiq siqnaldır: “Ümid edirik ki, Yanukoviç bu mesajı diqqətə alacaq”.
Yanukoviçi tənqid edən baş konsul geri çağırılıb
Ukrayna Xarici Işlər Nazirliyi noyabrın 30-na keçən gecə Kiyevin “Müstəqillik” meydanında dinc aksiyanın dağıdılmasına etiraz edən Ukraynanın Istanbuldakı baş konsulunu geri çağırıb. APA-nın məlumatına görə, bu barədə baş konsul Boqdan Yeryomenko öz “facebook” səhifəsində bildirib. O, xarici işlər naziri Leonid Kojara tərəfindən dekabrın 7-nə qədər Kiyevə çağırıldığını söyləyib.
B.Yeryomenko Kiyevdə mitinqin dağıdılmasını işğalçıların və faşistlərin əməllərilə müqayisə edib. Nazir L.Kojara deyib ki, diplomat bununla dövlət qulluqçusu andını pozub.
Dünən axşama yaxın məlum olub ki, Ukrayna müxalifəti müvəqqəti hökumətin yaradılması ilə bağlı danışıqlara başlayıb. Bu barədə “Batkivşina”, “Zərbə” və “Azadlıq” partiyalarına istinadən məlumat yayılıb: “Bu kabinet müvəqqəti xarakter daşıyıcaq və Azarov hökumətilə seçkidən sonra yaradılacaq hökumət arasında aralıq həlqə olacaq”.
Hələlik bu xəbərlə bağlı müxalifət partiyalarının liderləri açıqlama verməyib.
O da bəlli olub ki, dünən prezident Yanukoviçlə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo arasında assosiasiya sazişilə bağlı telefon danışığı olub. Yanukoviç ondan sazişi müzakirə etmək üçün Ukraynadan olan nümayəndə heyətini qəbul etməyi xahiş edib. Barrozo prezidentin bu xahişini qəbul edib. Söhbət zamanı Ukraynadakı aksiyalarda polisin etirazçılara qarşı güc tətbiq etməsinə də toxunulub. Barrozo bildirib ki, Ukraynadakı mürəkkəb vəziyyətdən çıxmağın yolu problemin dinc və siyasi həllidir: “Ölkə vətəndaşlarının hüquq və azadlıqları təmin edilməli, aksiyaçılara qarşı güc tətbiqi mümkün qədər tez araşdırılmalıdır”.
Yanukoviç Barrozonun tələbilə razılaşaraq, Ukrayna polisinin məlum əməllərinin araşdırılacağını və nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Bu gün parlament müxalifətin tələblərinə baxacaq

Bu gün Ukraynada həlledici günlərdən biridir. Ali Rada özünün plenar iclasında müxalifətin irəli sürdüyü tələbləri müzakirəyə çıxaracaq. “Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyuk müxalifətin Ali Radadan tələblərinin nədən ibarət olduğuna bir daha aydınlıq gətirib: “Azarov-Yanukoviç hökumətinin istefası, Ukraynada siyasi repressiyalara son qoyulması, Yuliya Timoşenkonun həbsdən azad edilməsi, Nazirlər Kabinetinə etimadsızlıqla bağlı layihəyə baxılması”.
Öz növbəsində, parlamentin spikeri Vladimir Rıbak bildirib ki, Rada öz işinə məhz bu məsələlərə baxmaqla başlayacaq.

“Ali Radanın ələ keçirilməsinə hazırlıq planı var”

Istefası tələb olunan baş nazir Nikolay Azarov isə dünən Avropa Birliyi ölkələrinin, eləcə də ABŞ və Kanadanın Ukraynadakı səfirlərilə görüşərək, müxalifətin əməllərindən şikayətlənib. O bildirib ki, Ukraynadakı hazırkı situasiyada dövlət çevrilişinin əlamətləri var: “Bu, çox ciddi məsələdir. Biz dözümlülük göstəririk, qarşı tərəf də elə düşünür ki, hər şeyi edə bilər. Dövlət binaları blokadadadır. Hökumət nümayəndələri öz iş yerlərinə gedə bilmirlər. Bu da ölkədə əmək haqlarının verilməsində problem yaradacaq”.
Azarov onu da bildirib ki, hökumətdə Ali Radanın ələ keçirilməsinə hazırlıq getdiyi barədə məlumat var: “Sizdən xahiş edirik ki, müxalifətə aksiyaları dinc şəraitdə keçirmək və güc tətbiq etməmək barədə müraciət edəsiniz. Onlar sizi dinləyəcəklər”.
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi