Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2015

Nəbatat bağını göz görə-görə məhv edirlər...

Bakının yaşıllıq baxımından pasportu sayılan Nəbatat bağının suyu kəsilib

Bu məlumatı virtualaz.org saytına verən paytaxt sakinlərinin sözlərinə görə, kimlərsə bu unikal yaşıllığın məhvində maraqlıdır.

Problemi yerində öyrənmək üçün Nəbatat bağına baş çəkdik.

Mühafizəçilərə su problemi ilə bağlı gəldiyimizi deyən kimi onlardan biri bizə kiçik su bidonlarını göstərdi: “Suyun konkret qrafiki yoxdur, gah gəlir, gah da kəsilir. Biz də gözləyirik nə vaxt su gəlsə, o dəqiqə bidonları doldurub ehtiyat saxlayırıq. Elə olur ki, heç özümüz üçün əl yumağa da su tapmırıq”.

Mərkəzi Nəbatat bağının rəhbərliyi ilə danışmaq istəsək də bağın direktorunun hazırda işdə olmadığını bildirdilər. Söhbətləşdiyimiz bağbanlardan və texniki işçilərdən heç kim adını çəkmək istəməsə də onların hamısı bağda su probleminin olduğunu və bu problemin bir aya yaxındır davam etdiyini təsdiqlədi.

Mühafizə xidmətinin əməkdaşı deyir ki, yay aylarında suyun azalması hər il müşahidə olunur, amma bu il bu problem daha ciddi xarakter alıb: “Adətən qış aylarında suyun təzyiqi daha yaxşı olur. Bu il isə çox azaldı, hətta demək olar ki, kəsilib. Nəbatat bağının 50 hektara yaxın ərazisi var, onun hamısını suvarmaq üçün kifayət qədər su yoxdur”.

Ağaclara qulluq edən bağban Hüseyn Quliyev isə deyir, elə vaxt olur ki, ümumiyyətlə gün ərzində su gəlmir: “Bu problem də Nəbatat bağı ilə bağlı deyil, eyni problemi bağın qonşuluğundakı binaların sakinləri də yaşayır”.

Bağın işçiləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, rəhbərlik problemin həlli üçün Səbayel rayon Sukanal İdarəsinə şifahi şəkildə müraciət edib: “Yay fəsində belə hallar olur, amma bura dövlət əhəmiyyətli bağdır. Burada su həmişə olmalıdır. Çünki bağda həssas, çox qiymətli və nadir ağaclar var, onları qorumaq lazımdır. Bundan başqa Abşeron torpağı şoran torpaqdır, suyu ağacın dibinə axıdırsan, heç gedib ağaca çatmır. Amma istənilən halda bu bağ Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindədir, prezidentin nəzarətindədir, buradakı ağacları heç vaxt quruyub məhv olmağa qoymazlar”.

İşçilərin sözlərinə görə, su idarəsindən rəhbərliyə bildirilib ki, problem həm də yay qrafikinə keçidlə bağlıdır. Bəziləri isə suyun ayrı-ayrı imkanlı şəxslərin sifarişi ilə onların bağlarının sulanması üçün ayrıldığını, buna görə Nəbatat bağının diqqətdən kənar qaldığını iddia edir.

Özümüz də bağla tanışlıq zamanı müxtəlif yerlərdə suvarma vasitələri gördük. Torpaq isə susuzluqdan necə deyərlər, od tutub yanırdı.

Problemi aydınlaşdırmaq üçün Səbayel rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarənin dispetçeri Hidayət Adıgözəlov Nəbatat bağına suyun anbardan birbaşa gələn xətlə verildiyini bildirdi: “Həmin xətt də Yasamal ərazisindən və daha bir neçə yerdən keçərək Nəbatat bağına gəlir. Son günlər isə yenilənmə və təmir işləri ilə bağlı suyun verilməsində fasilələr olub. Amma artıq bağa suyun verilməsi bərpa olunub, problem cəmi bir neçə gün davam elədi”.

Buna baxmayaraq bağın yaxınlığında yaşayan sakinlər arasında belə bir fikir var ki, Nəbatat bağına suyun verilməsində problem qəsdən yaradılır, burada da məqsəd ağacları qurudub tamamilə sıradan çıxarmaq və bağın ərazisinə yiyələnməkdir.

Qeyd edək ki, elə ötən il də Nəbatat bağındakı ağaclarla bağlı problem gündəmə gəlmişdi. Belə ki, bağın ərazisində 40 ədəd 4-7 illik Eldar şamı və sərv ağaclarının qanunsuz kəsilməsi halları aşkarlanıb və bununla bağlı cinayət işi açılıb.
507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP