Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2015

Almaniya parlamentində Əliyev rejiminə zərbə

Bundestaq Azərbaycandakı repressiyalarla bağlı qətnamə qəbul etdi və federal hökumətə tövsiyələr verdi

Qətnamədə Azərbaycan hökumətinin repressiya siyasəti yürütdüyü, bu ölkədə avtorizmin gücləndiyi vurğulanıb
Azərbaycan səfirliyi dərhal etiraz bəyanatı yaydı
Dünən Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamə qəbul edilib. Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırılıb. Qətnamənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanda 2013-cü ildə keçirilən son prezident seçkisindən sonra insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Rejimi tənqid edən şəxslərin bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qalıb, bir qismi də həbsxanaya salınıb. Azərbaycan demək olar ki, insan haqlarının müdafiəsilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub. Məsələn, 2002-ci ildə Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Bununla da Azərbaycan öz üzərinə fundamental hüquqların qorunması, insan haqlarının müdafiəsi, demokratik və konstitusion normalara riayət olunmasıyla bağlı öhdəlik götürüb. Buna baxmayaraq, Azərbaycanda insan haqları, xüsusən söz və mətbuat azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı sistemli şəkildə pozulur. Son vaxtlar Almaniyanın kansleri, xarici işlər naziri, Ombudsman Azərbaycanda insan hüquqları və humanitar yardım sahəsində çatışmazlıqları açıq şəkildə dilə gətirib. Bu həm də Ilham Əliyevlə görüş zamanı baş verib.
Azərbaycanda hakimiyyətin repressiyaları müstəqil fikirli hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, bloggerlər və siyasi fəallara qarşı yönəlib. Beynəlxalq təşkilatlarla, Avropa strukturları ilə əməkdaşlıq edən şəxslər də repressiyaların hədəfinə çevrilib. Belə adamlar mütəmadi olaraq, qurama ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilir. Əldə olunan məlumatlara görə, siyasi məhbuslar çox ağır şəraitdə saxlanılır, pis davranışa məruz qalır, ehtiyac olduğu halda, tibbi xidmətdən məhrum edilir. Tənqidçi səslər həbs edilməklə susdurulur. “Human Rights Watch”, “Amnesty International”, “Sərhədsiz Reportyorlar” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda çoxsaylı siyasi məhbusların olduğunu bildirir. Avropa institutları da bu vəziyyətlə əlaqədar narahatlığını ifadə edib. Avropa Parlamenti ötən il Azərbaycanda hüquq müdafiəçilərinin təqiblərə məruz qalmasıyla əlaqədar qətnamə qəbul edib. Həmçinin Avropa Şurası Parlament Assambleyası, Avropa Şurasının insan haqları üzrə komissarı da intensiv olaraq, Azərbaycanda siyasi məhbuslarla bağlı narahatlığını bildirir. Xüsusən son iki ildə siyasi məhbuslarla bağlı vəziyyət daha da pisləşib.
“Sərhədsiz Reportyorlar”ın mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 162-ci yeri tutub. Bu ölkədə media orqanlarının böyük əksəriyyəti hakimiyyətin nəzarəti altındadır. Tənqidçi jurnalistlər və internet fəalları təqiblərə, hədələrə məruz qalır, həbsxanaya salınır.
Azərbaycan hökuməti indiyədək yerli jurnalistlərə qarşı idi, amma artıq xarici jurnalistlərin də peşə fəaliyyətini yerinə yetirməsinə ciddi problemlər yaradıb. Halbuki, jurnalistlər fərqli fikirləri heç bir risk altında olmadan işıqlandırmaq imkanına malik olmalıdır.
Ölkədə müstəqil QHT-lərin fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılıb. Xüsusən, insan hüquqlarının müdafiəsilə məşğul olan təşkilatlar ciddi problemlərlə qarşılaşır. Hökumət QHT-lərin qeydiyyatı, maliyyə mənbələri və s. məsələləri nəzarətində saxlamaqla, onlara maneələr yaradır. Qanunvericiliyə edilən bir sıra dəyişikliklər QHT-lərin vəziyyətini daha da pisləşdirib. Təşkilatların xarici donor fondlardan maliyyələşməsi mümkünsüz olub. Vətəndaş cəmiyyətinin fəal hissəsi sistematik olaraq qorxudulur, bu təşkilatlarda təmsil olunan insanların birləşmək hüququ açıq şəkildə pozulur. Ölkə üçün vacib islahatlar aparılmır. Avtoritarizm, vətəndaş azadlıqlarının məhdudlaşdırılması tendensiyası güclənir.
Azərbaycan rəsmən dünyəvi dövlətdir. Bu ölkənin konstitusiyası din azadlığına, dini icmaların fəaliyyətinə təminat verir. Buna baxmayaraq, din azadlığı sahəsində də neqativ hallar var. Dini təşkilatlar və kilsələr 2010-cu il yanvarın 1-də yenidən dövlət qeydiyyatına alınıb və o vaxtdan qeydiyyat dayandırılıb. Aydın məsələdir ki, məqsəd radikal islamçı təşkilatların mövcudluğunun qarşısını almaqdır. Lakin bu cür yanaşma xristian icmalarına da mənfi təsir göstərir. Beləliklə, müsəlmanlar, xristianlar diskriminasiyaya məruz qalır.
Azərbaycan çətin siyasi situasiyadadır. Ölkənin Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Belə ki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bu da ölkə üçün sosial, iqtisadi və siyasi baxımdan böyük yükdür. Azərbaycan hökuməti son illərdə onların vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımlar atıb.
Böyük neft-qaz ehtiyatları Azərbaycana ciddi biznes tərəfdaşları verib. Həmçinin gəlirləri Azərbaycana bir sıra layihələrdə sponsor olmaq imkanı yaradır. Prezident Ilham Əliyevin məqsədi ölkənin beynəlxalq aləmdə siyasi baxımdan tanıtmaqdır. Lakin ölkədə demokratiya və qanunun aliliyi bərqərar olmadan bu, mümkün deyil.
Federal hökumət, Avropa Şurası, Avropa Parlamenti Azərbaycan hökumətini dəfələrlə insan hüquqlarına hörmət etməyə çağırsalar da, kifayət etməyib. Lakin cəhdlər davam edir: Avropa Ittifaqı “Avropa Qonşuluq Siyasəti” çərçivəsində mütəmadi olaraq, Azərbaycan hökumətilə insan hüquqlarının vəziyyətinə dair dialoqu davam etdirir. 2010-cu ildə Avropa Birliyi hüquq müdafiəçilərinə dəstək məqsədilə strategiya işləyib hazırlayıb.
Azərbaycanda strateji enerji tərəfdaşı olan Avropa Birliyi bu imkandan həmin ölkədə insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə etməlidir.
Bundestaqın federal hökumətə çağırışı
1. Azərbaycan hökumətilə ikitərəfli danışıqlarda əvvəlki kimi yenə də insan hüquqları sahəsindəki sistemli pozuntuların, o cümlədən söz və mətbuat, birləşmə, toplaşma, din azadlıqlarının pozulması hallarının qarşısının alınması üçün müzakirələr aparmaq;
2. Siyasi məhbusların dərhal və heç bir şərt qoyulmadan azad olunmasına, onlar həbsxanadaykən zəruri tibbi yardım alması üçün imkan yaradılmasına çalışmaq;
3. Azərbaycan hökumətinin daxili islahatlar həyata keçirməsi, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunverici aktların ləğvinə çalışmaq;
4. Azərbaycanda vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərməsinin təmin olunmasına çalışmaq;
5. Bütün mümkün üsullarla Azərbaycandakı hüquq müdafiəçilərini müdafiə etmək;
6. Azərbaycan hakimiyyətinin mətbuat azadlığı prinsipinə uyğun olaraq, yerli və xarici jurnalistlərə normal fəaliyyət imkanının yaradılmasına çalışmaq;
7. Azərbaycanla münasibətlərdə insan haqlarının təminatı məsələsinə başlıca önəm vermək./azadlıq/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber