Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2015

Lazıma möhtac Qarabağ arzuları

Orta məktəbdə oxuyanda inşa yazarkən çox zaman Qarabağla bağlı mövzulara toxunurduq. İnşaya “artıq 5 ildir ki, Qarabağ düşmən tapdağı altındadır” cümləsi ilə başlardıq. Zaman keçdikcə, hər il inşa yazdıqca 5 rəqəmi artırdı. Orta məktəbi qurtardıq, amma Qarabağ işğaldan azad edilmədi. Bir igid ömrü qədər işğalda qaldı. Bəlkə də indi orta məktəbdə oxuyan şagirdlər yazdıqları inşalarda Qarabağın artıq 1988-ci ildən başlayaraq 25 ilə yaxın müddətdə işğal altında olduğunu yazırlar. 25 il uzun müddət deyilmi?

Hər çıxışında Ali baş komandan “Lazım gələrsə, Qarabağı düşmən işğalından azad edəcəyik” deyir. Amma Lazım hələ də gəlmir, insanların gözü yoldadır. Qarabağ yeni işğal olunan dövrlərdə insanlarda bəlkə də Qarabağın geri qaytarılacağına, Lazımın gələcəyinə ümidlər vardı, amma zaman keçdikcə ümidlər ümidsizləşməyə doğru getməyə başlayır. Bəlkə də Lazım artıq yaşlaşıb deyə gələ bilmir, insanların gözünü yolda qoyur.

İtalyan yazıçısı Dino Buzzattinin “Tatar çölü” romanında Leytenant Droqo Bastiani qalasına hərbi xidmətə gələrkən cavan idi, hərbi məktəbi bitirmiş, qəhrəmanlıq arzusunda idi. Uzun illər Qalaya Tatarların hücumu barədə söhbətlər yayılırdı, leytenant Droqo da tatarların hücumunu gözləyirdi. Hər növbəyə çıxdığında baxdığı ucsuz-bucaqsız çöllüklərdə qaraltı görmək, qəhrəmanlıq etmək arzusuyla yaşayırdı.
Arzuların, xəyarlların qovuşduğu, amma reallaşdıra bilmədiyin bir yerdir Tatar çölü. Ora gələn hər zabit qəhrəmanlıq arzusundaydı, amma bu arzusunu daxilində boğa-boğa Qaladan tərxis olunub gedirdi.
Leytenant Droqo ümidlə tatarların gəlməsini gözləyə-gözləyə 30 ili başa vurdu. Artıq mayor rütbəsinə çatmış, qocalmışdı. Amma qəhrəmanlıq arzusu onu yaşadırdı. Müharibənin başlayacağına işarələr olduğu zamanda Droqonu xəstə olmasını bəhanə edib Qaladan çıxarıb müalicəyə göndərirlər. Droqo o arzunu reallaşdıra bilməyib məhv olmağa başladı.

Bəlkə də bizim yaşamağımıza səbəb olan hansısa arzulardır, itirilmiş torpaqları geri qaytarmaq arzusu. Bu arzuyla uşaqlıqdan yaşaya yaşaya bu dövrümüzə gəldik. Kimisi Qarabağı yenidən görməyib dünyadan köçdü, kimisi də müharibənin olacağına ümidlə inanaraq həyatı yaşayır. Heç kim əsərdəki Droqo kimi yaşayaraq ölməyi arzulamaz və bu yükü özüylə həyatının sonuna qədər daşıya bilməz. Bəlkə də bu bir insan faciəsidir, ümidlərinin öldüyü bir insan həyatıdır. O həyatı sonunun belə olacağını bilə-bilə yaşamağı heç kim istəməz. Amma yaşadığımız həyatda ümidlərimizin ölməməsi üçün Lazımın gəlməsini gözləyirik. Lazımsa bəlkə də ölüb ya da qocalıb. Lazıma möhtac Qarabağ arzusuyla həyata davam edək.

Fariz Namazlı/pia
1289 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41
Rusiyadan S-400