Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2013

Asim Məmmədovun anası prokurorluqda ifadə verdi

Samirə Məmmədova: “Mən onun öldürülməsi iddiasına şübhə edirəm”

Asim Məmmədov: "Qoyun qılım namazımı, sonra kəsin boğazımı"

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Asim Məmmədovun yas mərasimi dekabrın 3-də saat 14.00-da Əhmədli qəsəbəsi, Sarayevo 17 (“Murad” şadlıq evi ilə üzbəüz) ünvanında keçiriləcək. Bu barədə mərhum tələbənin facebook profilində məlumat yerləşdirilib.


Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun meyiti noyabrın 25-də dənizdən tapılıb. Rəsmi məlumata görə, ilkin araşdırmalar mərhumun intihar etdiyini deməyə əsas verir. Bu versiyanı qismən də olsa mərhumun anası da təsdiqləyib. Mətbuata müsahibəsində Samirə Məmmədova oğlunun intihar etməsi versiyasına inandığını gizlətməyib. Eyni zamanda A.Məmmədovun ölümündən əvvəl Türkiyədən olan bir qızı sevdiyini, evlənmək istədiyini, ancaq qızın buna razılıq vermədiyini bildirib. Yeri gəlmişkən, Asim Məmmədov noyabrın 16-dan itkin düşüb. O da məlum olub ki, A. Məmmədov evdən çıxarkən mobil telefonunu evdə qoyub. 
Ancaq dostları, tanıyanlar onun intihar etməsi faktına inanmırlar. Ortada ciddi əsaslar olmasa da, dindar, mübariz tələbənin birdən-birə özünə qəsd etməsi çoxlarında şübhə yaradıb. Qeyd edək ki, A.Məmmədov xeyli dərəcədə fəal gənclərdən olub. Bəzi saytlarda dini mövzularda məqalələr, tərcümələr edib. Bundan başqa, müxalifətin aksiyalarına qatılıb, apreldə ilahiyyatçı Taleh Bağırovun həbsinə etiraz olaraq keçirilən aksiyada həbs olunub, 10 sutka həbsdə yatıb. Oktyabrın 28-də yenə Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin qarşısında həbs edilib və 8 saat saxlandıqdan sonra cərimələnərək buraxılıb. A.Məmmədov “Dindarlar Milli Şurayladır” qrupunun admini olub. Belə bir insanın qəflətən onunla evlənmək istəməyən qıza görə özünə qəsd etməsi haqlı olaraq şübhələr doğurub. 

Bu barədə saytlarda və sosial şəbəkələrdə yayılan yazılarda əksəriyyət məhz yuxarıda sadalanan səbəblərə görə A.Məmmədovun özünə qəsd etməsinə inanmadığını bildirir. Yeri gəlmişkən, Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanıb. 

Ötən gün “Yeni Müsavat”a açıqlama verən Samirə Məmmədova A. Məmmədovun ölümü ilə bağlı istintaqa ifadə verdiyini bildirdi. S.Məmmədova istintaqın işində yenilik olmadığını, ailəsinin isə yas mərasiminin təşkilinə hazırlaşdığını bildirdi. 

- İstintaqa ifadə vermişəm. Hələ ki işlə bağlı bir yenilik yoxdur. İstintaq gedir. 

- Sosial şəbəkələrdə belə bir yazılar oxuduq ki, meyitin yuyulması zamanı onu görənlər bədənində xəsarət izləri müşahidə ediblər. Bir çoxları bu hadisənin intihar olmadığını düşünür. Siz cəsədi gördünüzmü, hər hansı xəsarət izi vardımı? 

- Heç bir xəsarət izi yox idi. Ekspert rəyi hələ hazır deyil. Amma ilkin versiyaya görə, xəsarət və zorakılıq əlamətləri olmayıb. Mən uşağı özüm gördüm. 

Saytlarda çox şeylər yazırlar. Yazırlar ki, guya onu vəhabilər öldürüb. Amma mən bu sözlərə inanmıram. Çünki son vaxtlar o, aktiv deyildi. Ona görə də mən onun öldürülməsi iddiasına şübhə edirəm. 

- Sizin özünüzdə bu hadisə ilə bağlı hər hansı şübhə vardımı? Yəni kimsə Asimi izləyirdimi? Narahat edən, hədələyən adamlar vardımı? Sonuncu həbsdən sonra sizdə narahatlıq doğuran bir əlamətə rast gəlməmişdiniz? 

- Yox, mən elə bir narahatlıq, şübhəli məqam hiss eləməmişəm. Ona görə də şikayət edə bilmərəm. Hər hansı zəng və ya mesaj gəlməyib. Nə facebook-da, nə də telefonunda narahatlıq doğuran mesaj yoxdur. 

- Özü necə, sizə nə zamansa kimdənsə hədə aldığını, narahat olduğunu demişdimi? İncidilməsi haqda danışmırdı?

- Yox, o barədə nəsə deməmişdi. Apreldə və oktyabrın 28-də həbs olunmuşdu. Sonuncu dəfə həbsdə, bildiyimə görə, döyüblər. Amma hədələndiyini deməmişdi. Polisdə bir balaca döymüşdülər. 

KƏNAN/musavat
2211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:11