Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2015

Biz nədən qurtulmuşuq?

Yaxud, taleyi və arzuları «qeyri-iş günü»nə düşən xalq

Bu haqda çox yazılar yazılıb, çoxlu faktlar təqdim olunub. Amma bəzi məqamları təkrar yazmaqda fayda var ki, insanlar unutmasınlar. Hamının bildiyi bir həqiqət var ki, bu ölkədə Heydər Əliyevin adı ilə bağlı olan günlər qeyri-iş günü sayılır. Amma dövlət əhəmiyyətli günlər var ki, hələ də qeyri-iş günü deyil. Hər dəfə Heydər Əliyevin doğum günü, hakimiyyətə yenidən sahibləndiyi günlər təmtəraqla qeyd olunur və bu günlər qeyri-iş günü elan edilib.
Deməli, bir ay öncə Bakının Binəqədi rayonunda faciəli yanğın hadisəsi baş verdi və 15 vətəndaşımız həlak oldu. Amma bütün israrlara baxmayaraq, hakimiyyət bu günün matəm günü kim qeyd olunmasına razılıq vermədi. Ötən gün Gürcüstanda da faciəli hadisə baş verdi. Daşqın nəticəsində 12 Gürcüstan vətəndaşı həlak oldu. Dərhal hökumət rəsmiləri hadisə yerində fəhlə kimi işləməyə başladılar və matəm günü elan olundu. Bu müqayisəni ona görə xatırlatdıq ki, xalqın yanında və xalqa qarşı olan hakimiyyətlərin xarakterini müəyyən edə biləsiniz.
Qayıdaq, bizim ötən günkü qeyri-iş günümüzə. Bildiyiniz kimi, hər il iyunun 15-i “Qurtuluş günü” qeyd olunur və televiziyaların küncü Heydər Əliyevin fotosu ilə bəzədilir, ölkə boyu konsertlər təşkil edilir.
Bu günün adı həqiqətən də qəribədir. Görəsən biz nədən qurtulmuşuq?
Heydər Əliyev deyirdi ki, pencəyimi çiynimə atıb Qarabağa gedəcəyəm. Bəs nə baş verdi. Onun hakimiyyəti dövründə 6 rayon da işğal edildi. Nə onun hakimiyyəti dövründə, nə də oğlunun prezidentlik müddətində bir qarış torpaq geri qaytarılmadı. Əksinə, atəşkəs dövründə 1000-lərlə əsgərimiz şəhid oldu, vətəndaşlarımız minaya düşərək həlak oldular və Ermənistan xarici siyasətdə də bizi qabaqlayır. Yəni Heydər Əliyevin müdrik siyasəti bizi Qarabağsızlıq dərdindən qurtara bilmədi.
Heydər Əliyevin hakimiyyəti dövründə təhsilin keyfiyyəti azalmağa doğru getdi. Hər il imtahan nəticələrində savadsızlıq müşahidə edildi. Repetitorluq təhsil göstəricisinə çevrildi. Müəllim dilənçi maaşına məhkum edilməklə yanaşı, seçki saxtakarı statusu aldı. Samballı elmi əsərlər yazılmadı. Elmi adlar alver predmetinə, orta və ali məktəblər rüşvət yuvasına çevrildi. Yəni Heydər Əliyev hakimiyyəti elmin və təhsilin iflası ilə yadda qaldı. Deməli, bu sahədə də qurtuluş müşahidə edilmədi.
Heydər Əliyevin hakimiyyəti dövründə iqtisadiyyatın neftdən asılılığının əsası qoyuldu. Qeyri-neft sektoru əsas prioritetlər sırasından çıxarıldı. Azad sahibkarlıq ləğv edildi, gömrük məntəqələri Əzrayıl rolunu oynamağa başladı, korrupsiya çiçəkləndirildi. Yəni Heydər Əliyevin dövründə iqtisadiyyatın şaxələnməsi, sosial vəziyyətin yaxşılaşması müşahidə olunmadı. Əksinə, milyonlarla insan dolanışıq üçün ölkə xaricinə üz tutdu, insanlar qeyri-rəsmi ödənişlərə məcbur edildi.
Heydər Əliyev hakimiyyəti dövründə səhiyyə sahəsində də geriləmələrin əsası qoyuldu. Həkimlərə ən aşağı maaş müəyyən edildi və bu da ələbaxanlıq yaratdı. Demək olar ki, xəstəliklə mübarizə aparanların əksəriyyəti ölkə xaricinə pənah aparmağa başladılar. Tibb sahəsində ürəkaçan yeniliklər müşahidə olunmadı. Insanlar ağ xalatlılara qəssab kimi baxmağa başladılar.
Məhkəmələrin sifarişlə hökm çıxarması, hakimlərin ələ alınması prosesi də Heydər Əliyevin hakimiyyəti dövründə start götürdü. Ilk siyasi məhbuslar Heydər Əliyevin dövründə “təşəkkül” tapdı. Müstəqil mətbuatın boğulmasına, fərqli fikrin sıradan çıxarılmasına da bu illərdə start verildi.
Ən iyrənc insani xarakter sayılan yaltaqlığın, büdpərəstliyin əsası da Heydər Əliyev hakimiyyətinin tapıntısı oldu. Aşırı tərif, iyrənc məddahlıq, bayağı komplimentlər bu dövrə təsadüf elədi.
Bu siyahını uzatmaq da olar. Demək olar ki, bütün sahələrdəki deqradasiya Heydər Əliyevin hakimiyyət illərindən başladı. Qarabağ məsələsindən tutmuş, sosial-iqtisadi vəziyyətə qədər heç bir problem həllini tapmadı. Bugün də Ilham Əliyevin prezidentliyi dövründə təhsil, səhiyyə, hüquq sistemi, iqtisadiyyat, müstəqil mətbuat və digər sahələr daha da bataqlığa düşüb.
Bütün bunlardan sonra, hansı qurtuluşdan danışmaq olar? Hansı tendensiyanı göstərə bilərsiz ki, həmin tendensiya qurtuluşu xarakterizə etsin? Sadə vətəndaşın həyatında Heydər Əliyevin hansı siyasi xətti özünü müsbət mənada göstərir?
Etiraf etmək lazımdır ki, “Qurtuluş günü” Əliyev ailəsinə və bir qrup məmura şamil ediləb bilər. Xalq isə uzun illərdi korrupsiyadan, ədalətsizlikdən, sosial vəziyyətin ağırlığından, talançılıqdan qurtula bilmir.
Bir sözlə, bu günü yalnız hakimiyyət komandası qeyri-iş günü kimi qeyd etməlidir. Xalqın isə arzularında və taleyində 22 ildir “qeyri-iş günü”dür./azadlıq/
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:26