Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

9 milyon turist

Sizi bilmirəm, amma mənim gözlərimin heyrəti artıq ölüb, bu ölkədə baş verən heç nə artıq məni təəccübləndirmir. Ona görə də rejimin başqalarının yatağını güdməklə ixtisaslaşmış yengə təfəkkürlü bir telekanalının Cəbrayıl rayonundan olan məcburi köçkünü - Seymur Səfərovu Avropa Oyunlarına baxmağa gəlmiş ingilis turist - Ceyms Bonar kimi təqdim etməsini və ona Azərbaycanın analoqsuz inkişafını təriflətməsini də adi qarşıladım. Olan işdir. Axı biz çoxdan Kafkasayağı çevrilmələr ölkəsində yaşayırıq.
Məsələn, bir də görürsən, onillər boyu həqiqəti söyləyən, Şərə qarşı dayanan adamlar hansısa merkantil maraqlar, şəxsi mənfəətlər uğruna 180 dərəcə döndülər, başladılar əvvəl söylədiklərinin tam əksini danışmağa, ağ yalanlar istehsal etməyə, Şərə tost deməyə. Bu cür dəhşətli çevrilmələr qarşısında hansısa cəbrayıllı məcburi köçkünün ingilis turistinə çevrilməsi boş şeydir. Ümumiyyətlə, ölkə özü bir ovuc adamın şəxsi mülkünə, əmlakına çevrilib, daha biz nədən danışırıq?
Digər tərəfdən, məlum hadisə Azərbaycanda saxtakarlıq potensialının nə qədər geniş, bitib-tükənməz olduğunun görsənişidir. Bu potensialı layiqincə qiymətləndirmək lazımdır. Seçki saxtakarlığı, 1 milyon saxta iş yeri kimi söhbətləri eşitməkdən artıq qulağımız, yazmaqdan əlimiz mazol olub. Hərdən valı bax bu cür dəyişmək, “saxta turist” kimi yeni saxtakarlıq icadları etmək gərəkdir ki, həyatımız sönük, maraqsız keçməsin.
Adını çəkib özümün və sizin ürəyinizi bulandırmaq istəmədiyim həmin telekanalın mövzu ilə bağlı açıqlaması isə başqa bir aləmdir. Qaş qayırarkən vurub gözü də çıxarıblar. Necə deyərlər, “üzrü günahından betər”. Sitat: “Idman yarışlarının bu sıxlıqda davam etdiyi, media nümayəndələrinin bəzən istirahətsiz çalışdığı bu vaxtlarda hər müsahibin üzərində ”DNT" analizi aparılmalıdır... Yoxsa bundan sonra müsahibin şəxsiyyət vəsiqəsini, doğum şəhadətnaməsini, “JEK”-dən arayışını da tələb edək?". Heç birini tələb etmək lazım deyildi - sadəcə, həmin vaxt bizim “ingilis turist”in boynundan asılan və Avropa Oyunlarının könüllüsü olduğunu göstərən vəsiqədəki ad-soyadını oxumaq lazım idi - bu bir. Hə, əgər analoqsuz hakimiyyətinizin uğurlu təhsil siyasəti nəticəsində hərf tanımırsınızsa, başqa məsələ.
Ikincisi, siz ki, “DNT” analizi aparmadan da, xoşunuza gəlməyən hər kəsə “erməni” damğası yapışdırmaqda mahirsiniz, onların damarlarında düşmən qanı axdığını görəcək qədər qabiliyyətlisiniz, onda zəhmət çəkin müsahibə aldığınız adamın üz-gözünə, burnuna, qulağına baxıb başqa millətdən olub-olmadığını dəqiqləşdirin.
Mənə xeyli gülməli gələn isə həmin telekanalın açıqlamasında bütün suçun məcburi köçkün olan “ingilis turist”imizin üzərinə yıxılması, təxribatçı elan edilməsi, ardınca isə belə bir cümlənin yazılmasıdır: “Bu şəxsin tək jurnalistə yox, xalqına, dövlətinə qərəzli mövqeyini, xəyanətini görmək üçün iki göz yox, sadəcə vicdanlı vətəndaş olmaq kifayətdir”. Bəh, bəh, sözə bax e: “vicdanlı vətəndaş”. Həqiqətən də çox gözəl səslənir - amma baxır kimin dilindən!
Ümumiyyətlə isə bu “ingilis turist” söhbətində bir məntiqəuyğunluq var. “Turist” obrazı azərbaycanlılar üçün onsuz da xarakterikdir. Dəyərli Yalçın bəy (Islamzadə) bir dəfə azərbaycanlıların özlərini öz ölkələrində turist kimi aparmasından yazmışdı. Nə qədər haqlı olduğu ortaya çıxdı. Bəli, azərbaycanlılar əslində bu ölkədə bir növ turistdirlər, özlərini qonaq kimi aparırlar, sanki baş verən heç nəyin onlara heç bir dəxli yoxdur, sanki bu yağmalanan, sömürülən, hüquqsuz vəziyyətə salınan, cəhalətə sürüklənən ölkə heç onların deyil, guya bu qədər haqsızlığa uğrayan, zülm görən, alçaldılan, aşağılanan, istismar olunan da özləri yox, tamamilə başqalarıdır.
Ona görə də gəlin hansısa məcburi köçkünün özünü ingilis turist kimi təqdim etməsini qəribçiliyə salmayaq. 9 milyon insan illərdir bu ölkədə özlərini məhz belə aparır.

Elnur Astanbəyli /azadlıq
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber