Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2015

“Əcnəbi turist”in tərifinə möhtaclıq

Özüm baxmamışam, görməmişəm, amma dostlar baxıblar, görüblər, danışırlar, yazırlar, agah oluram. Deyirlər, hökumət telekanallarının (əslində burada “hökumət” sözü artıqdır, çünki telekanalların hamısı hökumətindir) reportyorları daraşıblar şəhərin mərkəzi hissəsinə, “əcnəbi ovlayırlar”, turist hərləyirlər.

Düzdür, “ovlamaq”, “hərləmək” deyəndə bir az pis çıxır, bəd məramlardan xəbər verir, amma onların gördüyü işin feili bundan ibarətdir. Bununla belə, insaf üçün demək lazımdır ki, telereportyorlarımız əllərinə düşən əcnəbiləri incitmir, onlara sataşıb-eləmirlər, eləcə, ölkəmiz, şəhərimiz haqqında təəssüratlarını soruşurlar. Onlar da, təbii ki, tərifləyirlər.
Ona görə tərifləyirlər ki, şəhərin mərkəzində, Fəvvarələr meydanında, dənizkənarı bulvardadırlar. Buralar da, maşallah, Milanın mərkəzinə, Neapolun bulvarına oxşayır, hətta son illər maya qoymuşuq deyə daha səliqəli, təmtəraqlıdır.

Əlbəttə, turistlər Bakının mərkəzindən, oturduqları yerdə maşın yoluyla 3-4 dəqiqəlik məsafədə olan, Səbail rayonunundakı “20-ci sahə” adlanan məkanda yerləşən “Akapen” adlı yaşayış massivində olsalar, orda körpə-körpə uşaqların mazutun, neft gölməçələrinin, palçığın içində. Buruqların arasında oynadığını görsələr, bəlkə də qayıdıb öz ölkələrinə gedəndə küçədə şəffaf nəzir qutuları qoyub, bizim üçün ianə-zad toplayarlar - necə ki Nepalda zəlzələ qurbanlarına toplayılar.

Xoşbəxtlikdən, turistlər o cür ürək bulandıran, baş ağrıdan, ayaq sızıldadan yerlərin ünvanını, yol-yolağasını bilmirlər. Əslində heç “Akapen”in yolunu bizim məmurlar da bilmir, yoxsa çoxdan söküb camaatı çölün düzündə qoyardılar.

Bu, heç, bu başqa mövzudur, sosial problemdir. Gələk ölkəmizə gələn əcnəbilərin telereportyorlarımız tərəfində danışdırılmasına.

Bu da vacib məsələdir. Biz xaricilərin bizim haqqımızda nə düşündüklərini, necə deyərlər, təəssüratlarını bilməliyik. Tənqid edərlərsə, səhvlərimizi düzəltməliyik, amma tərifləyərlərsə, düz yolda olduğumuzu bilərək, irəliyə doğru daha əmin addımlarla hərəkət etməliyik.
Hələlik eyzən təriflənirik. Əcnəbilər ağız-ağız verib şəhərimizi tərifləyir, qonaqpərvərliyimizi öyürlər.

İntəhası, deyilənə görə, bu işdə də arada azərbaycanlılığımıza salmağımız olur. Məsələn, dostlar yazır ki, telekanallarda çalışan şəxslərin əksəriyyəti heç də turist deyil, Avropa Oyunları ilə bağlı həyata keçirilən müxtəlif layihələrdə çalışan xarici vətəndaşlardır, çoxdan burdadırlar . Düzdür, onlar da əcnəbidir, qonaqdır, amma bu qonaq bitərəf, neytral qonaq deyil, bir növ bizim büdcə təşkilatlarına çalışanlar, həkimlər, müəllimlər kimidirlər. Yəni onların tərifi bitərəf tərif deyil, sərt desək, adi yalakalıqdır.

Bu xüsusda hərdən kuryoz olaylar da baş verir. “Lider TV” Mingəçevirdə bir cəbrayıllı oğlanı ingilis turist kimi danışdırıb, o zalım oğlu da özünü liverpullu kimi aparıb, xeyli danışıb.
Sosial şəbəkədəki dostlardan biri isə bu barədə böylə yazıb: “Dünən ”Tarqovı"da oturmuşdum, kitab oxuyurdum. Bir də gördüm kimsə mənə nəsə uzatdı. Başımı qaldırdım, gördüm, üstündə Az TV- nin loqosu olan mikrofon. Salamsız-zadsız, iki nəfər oğlan başladı məni rusca sorgu-sual eləməyə: hardan gəlmisiz, Bakı xoşunuza gəldimi, oyunların acılışına baxdınızmı və s. Mən də dedim, Moskvadan gəlmişəm, hər şey möhtəşəmdir. Xeyli təriflədim, nə soruşdular, cavab verdim. Qəfil birinin gözü əlimdəki kitaba sataşdı, gördü üstündə yazılıb: “Tale, Azadlıq və Ruh. OSHO” . Oğlanın üzü nə təhər döndüsə, gözlərini bərəldib bircə bunu dedi: “Dolamısan??”

Əlbəttə, özünü “Moskvadan gəlmiş turist xanım” kimi qələmə verən həmvətənimiz düz eləməyib. Televizyonçular onun bəyaz dərisini, bir az açıq rəngli saçlarını görüb səhv sala bilərdilər, xanım gərək mikrofonu görən kimi, deyəydi, qardaşlar, vallah, mən də buralıyam.
Ən pisi odur ki, bəzilər həvəsə düşüb, zəng vurub deyirlər, televiziyalara “əcnəbi turist” lazımdırsa, necə istəyirlər, danışa bilərik.

Düzdür, Qaradağ rayonunda yaşaya-yaşaya “Monteneqrodan gəlmişəm” demək böyük vicdansızlıq sayıla bilməz, çünki “Monteneqro” elə “Qaradağ” deməkdir, amma nə ehtiyac var axı. Nəyik, kimik, buyuq, əcnəbi bizi özümüzə tərifləsə, nə olacaq, tərifləməsə, nə olacaq.

Samir Sarı/musavat
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber