Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2015

İshal hansı xəstəliklərin simptomu ola bilər

Belə hesab olunur ki, normada sağlam insanda gündə 1-2 dəfə və ya 1 gündən bir defekasiya aktı (bağırsaqların boşalması) ola bilər.

Bu zaman nəcis kütləsi nə çox bərk, nə də çox yumşaq sulu olmamalı, nəcis kütləsində qan, irin, çoxlu miqdarda selik olmamalıdır (az miqdarda selik ola bilər). Nəcisin rəngi normal olmaldır. Nəcisin rənginin dəyişilməsi (qara, ağ, yaşıl) hər hansı (bəzən çox ciddi) xəstəliyin simptomu bilər.

Bəzi tam sağlam insanlarda defekasiya aktı 3-4 gündən bir baş verir. Bu zaman bu insanlarda heç bir narahatçılıq və s. olmur. Bunu normanın variantı kimi qəbul etmək olar.

İshal zamanı nəcis kütləsi böyüyür, onun tərkibində olan suyun miqdarı çoxalır və (və ya) defekasiya aktları daha tez-tez baş verir.

İshal, xüsusilə ağır ishal, insanın sağlamlığı və hətta həyatı üçün təhlükəlidir. İshal zamanı orqanizm sürətli şəkildə su və elektrolitləri (natrium, kalium, maqnezium, xloridləri) itirir. Bu isə arterial təzyiqinin kəskin düşməsinə, bayılmalara, ürək ritminin pozulmasına (aritmiya) və s. ağır fəsadlara səbəb olur. Kəskin susuzlaşma hətta insanın həlak olmasına səbəb ola bilər.

İshal xüsusilə kiçik yaşlı və qoca insanlar, xəstəlik, əməliyyat və s. nəticəsində zəiflənmiş insanlar üçün təhlükəlidir. Lakin tam sağlam cavan insan üçün də ağır diareya təhlükəli ola bilər.

Kəskin ishal bəzən tam sağlam insanda keyfiyyətsiz qida, çirkli su, bəzi dərman preparatlarının (antibiotiklər, maqnezium preparatları, hamiləlik əleyhinə preparatlar, estrogenlər, işlətmə dərmanları və s.) qəbulundan sonra inkişaf edə bilər. Lakin ishala səbəb olan amil aradan qaldırdıqda ishal da yox olur.

Əgər "səbəbsiz" ishal sizi uzun müddət ərzində narahat edirsə, bu çox ciddi simptomdur və buna mütləq fikir vermək lazımdır. Xroniki ishal müxtəlif ciddi xəstəliklərin simptomu ola bilər.

İshalın səbəbləri arasında:

- İshalın ən yayılmış səbəbi virus, bakteriya, qurdların həzm sisteminə olan patoloji təsiridir.Bu xəstəliklər "kəskin bağırsaq infeksiyaları" adlandırılır.

- Disbakterioz (bağırsaqların normal mikroflorasının pozulması) ishalın digər yayılmış səbəbidir. İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayır. “Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Onlar orqanizm üçün vacib olan qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər.

“Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdikdə disbakterioz inkişaf edir.

Beləliklə, bağırsaq disbakteriozu - bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

- Bir çox bağırsaq xəstəlikləri zamanı xəstəni tez-tez ishal narahat edir. Bu xəstəliklər arasında - kolit, Kron xəstəliyi, yoğun bağırsaq polipləri və şişləri və s. Nəzərinizə çatdıraq ki, tez-tez təkrarlanan ishal, arıqlama, halsızlıq, nəcisdə qanın və çoxlu miqdarda seliyin olması yoğun bağırsaq xərçənginin simptomu ola bilər. Bu çox ağır xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, bu xərçəng növü yayılmasına görə digər xərçəng növləri arasında dünyada 3-cü-4-cü yer tutur (kişilərdə - 3-cü, qadınlarda - 4-cü). Bu səbəbdən özündə yuxarıda sadaladığımız  simptomları müşahidə etdikdə insan dərhal proktoloqa müraciət etməlidir. Müasir tibbdə xərçəng ilkin mərhələlərdə çox uğurla müalicə olunur.

- Xroniki ishal mədəaltı vəzi və qara ciyər xroniki xəstəliklərinin simptomu ola bilər. Bu xəstəliklər nəticəsində qidalı maddələr bağırsaqda normal sovrulmur ki, bu da ishala və digər pozulmalara səbəb olur.

- Seliakiya kimi irsi xəstəliyin simptomlarından biri ishaldır. Seliakiya zamanı insanın orqanizmində "qlyüten" zülalına qarşı dözümsüzlük yaranır. Qlyüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir.

Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı insanın orqanizmində gedən proseslər sürətlənir. Bu bağırsaqların fəaliyyətinə də təsir edir - nəcis kütləsi bağırsaqlardan daha tez ifraz olunur ki, nəticədə nəcis daha sulu olur. Nəcis kütləsi bağırsaqda müəyyən vaxt ərzində qalmalıdır - burada su sovrulur və nəcis kütləsi normal bərkliyində olur. Daha uzun müddət ərzində bağırsaqlarda qaldıqda nəcis kütləsi quru olur və nəticədə qəbizlik inkişaf edir. Daha az müddət ərzində qaldıqda isə əksinə nəcis daha sulu olur və nəticədə ishal inkişaf edir./sağlamolun/

1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber