Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2015

Gədəbəydə öldürüldüyü iddia olunan hərbçi ilə bağlı şok təfərrüatlar

“Məni kimsəsiz görüb oğlumun qanını batırırlar”; mərhum hərbçinin anası “Yeni Müsavat”a tükürpədici faktlar açıqladı

“Yeni Müsavat”ın 28 may sayında N saylı hərbi hissənin Gədəbəyin Qartal II (Alagöllər) deyilən bölüyündə müddətdən artıq xidmət keçən (MAXE) hərbi qulluqçu Miriyev Səməd Əli oğlunun müəmmalı ölümü ilə bağlı yazı getmişdi. 25 yaşlı mərhum hərbçinin yaxınları onun MAXE yoldaşları tərəfindən öldürüldüyünü iddia edirdilər.


Redaksiyamıza kömək üçün yenidən müraciət edən mərhumun anası Məmmədova Ərkinaz oğlunun qətlinin ört-basdır edilməsinə dair şok faktlar açıqladı. O, cinayət işinin araşdırılması ilə bağlı tutduğu vəkilə müstəntiq və Hərbi Prokurorluq tərəfindən təzyiqlər edildiyini bildirdi: “İki balamı bədbəxt etdilər. Birini toysuz qoydular, birini də öldürdülər. Sağ qolumu kəsdilər. Ailədə işləyən kimsə yoxdur. Qazax Hərbi Prokurorluğunda 125-ci maddə ilə qondarma cinayət işi açıldı, guya istintaq aparıldı. Prokuror Şahin Zamanovun biabırçılığına görə şikayətlərim əsasında iş Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verildi. Yenə də iş qanun pozuntuları ilə aparılır. Açıq şəkildə qətli ört-basdır etmək istəyirlər.

Cinayətkarlar azadlıqda gəzir, oğlum isə qara torpaq altındadır. 18 iyun tarixində məni Ağır Cinayətlərə çağırdılar. Prokuror Şəfayət müəllim məndən vəkilin ad-soyadını soruşur. Guya ki, vəkil ərizələri düzgün yazmır. Dedim ki, sənin bu ərizələr nəyinə gərəkdir? Oğlumun qatillərini cəzalandırın. İstintaqın düzgün aparılmasını tələb edirəm. Deyirəm ki, oğlumun meyiti üzərində yenidən ekspertiza aparılsın. Çünki ilk ekspertiza rəyi düzgün deyil. Yalandan mənə deyir ki, vəkil səndən çoxlu pul alır. Dəhşət məni bürüyür. Açıq şəkildə mənasız söhbətlərlə cinayəti bağlamaq istəyirlər”.

Mərhum MAXE-nin anası oğlunun ölümü ilə bağlı yeni versiyalar səsləndirdi: “Oğlum noyabr ayında Gədəbəy rayonunda müddətdən artıq hərbi xidmətə getdi. 5 aydan sonra aprelin 21-də MAXE yoldaşları tərəfindən öldürülmüşdü. Qətlə yetirildiyi gün saat 12-də qardaşı ilə danışaraq, bəzi ləvazimatlar istəmişdi. Axşam tərəfi saat 16:30-da isə bu hadisə törədilib. Həmin vaxtda qardaşına yazdığı mesajda bu sözləri deyib: ”Qaqam, mən ölürəm, heyfimi leytenant Cavadov, MAXE Əbilov, Qarayev və Hacıyevdən alarsınız. Ölümümə bu şəxslər səbəb oldu. O boyda Gəncədə mənə güc gələn olmadı, bunlar birləşdilər ki, məni sındırsınlar, amma alınmadı. Axırda birləşdilər mənə qarşı oldular. Dava düşdü və son cümləmdir, bağışlayın". Oğlum Nicat ona zəng edəndə telefonu  Hacıyev götürüb və dərhal söndürüb. Bütün bunlar çox şeyin sübutu deyilmi? Oğlumun meyitini iki MAXE ilə evə gətirdilər. Heç bir köməklik etmədən zor gücünə dəfn etdilər. Razı deyildim dəfn olunmağına. Çünki bilirdim ki, öldürülüb. Amma zor gücünə etdilər. Oğlumun ölümünün ertəsi gün Qazax Hərbi Prokurorluğuna getdim. Prokuror Şahin Zamanov heç bir ekspert rəyi olmadan dedi ki, oğlun intihar edib. Dəhşət bürüdü.
Oğlumu öldürən şəxslərdən olan Qarayevə postda meyitin şəklini çəkdiriblər. İzi itirmək üçün. Qətl olan yerə müstəntiq-filan getməyib. Çəkilən şəkillər üzərində istintaq başlayıb. Bu nə deməkdir? Cinayətdə ittiham olunan Qarayevin şəkilləri istintaq üçün keçərli oldu?
Dünyada belə analoqu olmayan ədalətsizlik yoxdur. Şahin Zamanov utanmadan cinayətkarın çəkdiyi şəkillərə əsaslanır. Məni kimsəsiz görüblər. Ona görə də oğlumun qanını batırırlar. Müstəntiqlə əlbir olub ekspertiza da rəyi səhv yazdı. Burnunun qırığını iki gün öncə yazdı, belinin göyünü isə ölü ləkəsi kimi qeyd etdilər. Buna görə də təkrar ekspertiza tələb edirəm. Amma sözümə məhəl qoyan yoxdur. Çünki cinayətlərinin üstünün açılacağını yaxşı bilirlər. Məni mənasız yerə rayondan Bakıya çağırırlar. Kasıb adamam, 10 manata işləyirəm. Onu da yolpulu edirəm. Bura gələndə vəkili soruşurlar məndən. Vəkilə təzyiq göstərmək istəyirlər. Sizləri ölüm, yoxsa vəkil maraqlandırır? Oğlumun üzərindən alver edirlər. Bu insanlıq deyil. İşin düzgün aparılmasını tələb edirəm. Bunlar cinayətdə maraqlıdılar. Oğlumun günahsız tökülən qanından pul qazanırlar".

Ə.Məmmədova ölkə rəhbərliyinə müraciət etdi: “Cənab prezidentdən, Mehriban xanımdan, Zakir Qaralovdan və yüksək vəzifəli bütün şəxslərdən fəryadı göylərə qalxmış bir anaya kömək istəyirəm. Oğlumun qanını yerdə qoymayın. Süpürgəçiliklə, sür-sümüklə bala saxladım. Şəmkirdə şadlıq sarayında işləyirəm. Bütün şadlıq sarayının işçiləri məni və oğlumu yaxşı tanıyırlar. Onlar məndən çox oğlumun ölümünə əzab çəkirlər.  Amma aidiyyəti orqanları maraqlandırmır. Oğlumu öldürən MAXE-lərdən biri həbs olunub. Rəhbərlik deyir ki, oğlunun ölümünə görə onu həbs etməmişik. Guya hərbi hissədə olan özbaşınalıqlarla bağlı saxlanılıb. Oğlumun ölümü həyatımı məhv etdi. Cənab prezident, özünüz bu işə nəzarət edin. Səsimə-səs verən yoxdur. O balanı əziyyətlə saxladım. 25 il əziyyət çəkmədim ki, sonda öldürülsün. Oğlum ölümünə səbəb olanları göstərib. Niyə cinayətkarı tapıb, ortaya çıxarmırlar? Oğlumun yerinə yazdırdıqları pulları başıma qaxırlar. İmkan edib pullarını özlərinə qaytaracam. Guya mənə mağar gətirdilər. Səhəri gün mağar sahibi 800 manat pul aldı. Bunlar rəzalətdir. Bu, hərbiyə qarşı olan hörmətsizlik deyilmi? Bunları mən götürsəm də, Allah götürməz. Bir gənci öldür üstümə göndər, sonra da de ki, özünü vurub”.
Mərhumun anası oğlunun öldürülən zaman oğurlanan telefonundan da danışdı: “Oğlum öldürülərkən Hacıyev Camal onun üzərindəki ”Blackberry" markalı telefonu oğurlayıb. Digər telefon isə müstəntiq Şahəddin Kələntərovdadır. Ərizə yazıram ki, oğurlanan telefon da istintaqa əlavə edilsin. Qəbul etmirlər. Belə haqsızlıq olmaz. Bu nə istintaqdır? Cinayətin araşdırılması zamanı çirkin əməllərə yol verilir. İş aparan şəxslərdən birinin övladı bu şəkildə öldürülsə, beləmi reaksiya verər? Bütün bunlar prokuror Şahin Zamanovun gözləri qarşısında baş verir. O, oğlumun istintaqını öz istədiyi şəkildə aparmağa çalışır və buna uyğun nəticə qazanmağa çalışır".



Şikayətçi oğlunun silahının uzun olduğunu, bununla insanın özünü öldürməsinin mümkünsüz olduğunu söylədi: “Oğlumun silahı uzun olub. Yalnız ayaq barmağı ilə tətiyi çəkməklə özünə qəsd edə bilər. Belə olduqda isə güllə aşağıdan yuxarıya getməlidir. Amma güllə övladımın ürək nayihəsindən girib, 7 santimetr aşağıdan çıxıb. Bununla oğlumun özünə qəsd etməsi faktı puça çıxır. Şahin Zamanov bunu bildiyi halda, yenə də susdu. Təzədən ekspertiza müraciətim isə rədd edildi. Oğlumu izi itirmək üçün snayperlə vurublar. Çünki o, bu növ üzrə atıcı idi. Bədənində çoxlu sayda xəsarətlər var idi. Ekspertin rəyi gələndə heç biri qeyd olunmamışdı. Əvvəlki müsahibəmdə sizə bildirmişəm, yenə də deyirəm. Oğlumun öldürülməsində leytenant Elməddin Zeynalov və qərargah rəisi Elşən Zeynalovun da əli var. MAXE-ləri onlar tutub, oğlumun ölümünü təşkil ediblər. Allah böyükdür. Bu cəza yerdə qalmayacaq. Hər kəsdən dəstək gözləyirəm”. /musavat/
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber