Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

Gülər Əhmədovanın həbsxana və istintaq sirləri əlimizdə!

Sabiq deputatı oğlunun ad günündə həbs etmələrinin səbəbi də açıldı; Səfa Mirzəyevdən sabiq deputata şok zərbə dəyib
Qəzetimizin ötən saylarında xəbər vermişdik ki, sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı istintaq materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Əlisultan Osmanova göndərilib. Oktyabrın 21-nə təyin olunan hazırlıq iclasında isə G.Əhmədovanın vəkili Əfsər Talıbovun müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət ediləcəyi gözlənilir. “Yeni Müsavat” 20 cilddən artıq olan cinayət işi ilə bağlı bəzi eksklüziv məlumatlar əldə edib. Ötən saylarımızda bu barədə bəzi xəbərlər vermişdik.
Videoların mötəbər sübut olmamasının səbəbi...

İstintaq orqanlarındakı etibarlı mənbəmiz bizə G.Əhmədovanın məhkəməsində gözlənilən bəzi məqamlardan danışdı. Bunların ən önəmlisi sabiq deputatın müdafiə taktikasıdır. Belə ki, G.Əhmədova əsasən ABU-nun sabiq rektoru Elşad Abdullayevin onun barəsində yaydığı videoçəkilişlə bağlı ifadə verməyəcək. O, bu videoların mötəbər sübut kimi işə daxil edilməsinə etiraz edəcək. Buna səbəb kimi isə konstitusiyanın 63-cü maddəsini əldə əsas tutacaq. Həmin maddədə bildirilir: “Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz”. Yəni hər hansı videomaterial təsadüf şəklində əldə edilibsə (təhlükəsizlik kamerası, yol kamerası), bu, sübut kimi qəbul edilir. Yox, əgər E.Abdullayev nümunəsində olduğu kimi, məqsədyönlü şəkildə əldə edilibsə, bunu sübut kimi qəbul etmirlər.
Bundan başqa, G.Əhmədova məhkəmədə E.Abdullayevin ölkəyə (oxu - məhkəməyə) gətirilməsini, prosesdə üzləşdirmə olmasını tələb edəcək.

Oğlunun ad gününü gözləyirmişlər

Aradan uzun müddət keçməsinə baxmayaraq və bu günə qədər barəsində xeyli yazılsa da, sözügedən həbslə bağlı daha bir ilginc məlumat da əldə etdik. Məlum, G.Əhmədovanı kiçik oğlunun, sonbeşiyinin 8 yaşı tamam olan gün həbs ediblər. Daha öncə bəzi ekspertlər hesab edirdi ki, bu, sırf təsadüf, daha doğrusu, G.Əhmədovanı ailəsinin belə bir şad günündə cəzalandırmaqdır. Çünki sabiq deputat da hakimiyyətə çox pis zərbə vurmuşdu və bunun əvəzi verilməli idi. Amma mənbəmiz deyir ki, həbsin məhz sözügedən tarixdə baş verməsinin ciddi hüquqi səbəbi olub. Belə ki, istintaq orqanları, dolayısı ilə hakimiyyət G.Əhmədovanın 8 yaşdan kiçik övladı olan qadınlar üçün nəzərdə tutulan bütün güzəştlərdən məhrum olması üçün bu günü gözləyirmiş. Əks halda, himayəsində 8 yaşından kiçik uşaq olduğu üçün G.Əhmədova həbsinin ev dustaqlığı ilə əvəzlənməsi, eləcə də bəzi güzəştlər tələb edə və hətta buna nail ola bilərmiş.

Yaxın ətrafına haker tapmağı tapşırıb

Qayıdaq video məsələsinə. G.Əhmədova ilk gündən E.Abdullayevin yaydığı videoların montaj olduğunu iddia edir. Hətta azadlıqda ikən qəzetimizə verdiyi müsahibəsində, eləcə də facebook-dakı statuslarında E.Abdullayevin yeni texnoloji vasitələrlə onun görüntüsünün üzərinə səs yazdırdığını iddia etmişdi. Xatırlayırsızsa, həmin dönəmdə sosial şəbəkədə “indi elə texnologiyalar var ki, hətta məni Cenifer Lopezin səsi ilə oxutdura da bilərlər”, tipli bir status yazmışdı. İstintaqdakı mənbəmiz deyir ki, məhz bunun - E.Abdullayevin videolarının texniki göstəricilərinin, oradakı montaj payının araşdırılması üçün sabiq deputat xeyli səy göstərib. Hətta o, yaxın ətrafına dünyanın harasında olursa-olsun, ona peşəkar haker tapmağı tapşırıb. Həmin haker E.Abdullayevin görüntüsü olan videonun üzərinə onun səsi ilə “mən hərəkətlərimə görə peşmanam, Gülər Əhmədovadan üzr istəyirəm”, tipli “etiraflar” yazdırmalı imiş. Amma ona belə bir haker tapan olmadığı üçün müdafiənin bu istiqaməti də yarımçıq qalıb.
Sabiq deputat istintaq müddətində həm müstəntiqinə, həm də ailə üzvlərinə məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirib: “Proses mənsiz keçə bilərsə, keçsin”, - deyən G.Əhmədova məhkəmə zalına gəlmək, media nümayəndələrinin qarşısına çıxmağın onunçün çətin olduğunu deyib. Özəlliklə “Yeni Müsavat” qəzetinə qıcığı olan xanım onun həbsində əməkdaşlarımızın yazılarının rol oynadığını əsas gətirərək, bu səbəbdən sevmədiyi media nümayəndələrinin iştirakı ilə keçəcək prosesə qatılmaq istəmədiyini vurğulayırmış.

Gülər Əhmədova nə zaman şok keçirib?

Mənbəmiz deyir ki, həbsinin ilk günlərində G.Əhmədova ciddi şok keçirib. Onunçün hakimiyyətin bu addımı gözlənilməz olub. Bir müddət bu şokun təsirində olan keçmiş deputat növbəti zərbəni isə ilk məhkəmə prosesində alıb. Belə ki, həmin prosesdə G.Əhmədova “Elşad Abdullayevin pulunu qaytarım, məni azad edin”, təklifi ilə çıxış etsə də, onun dediklərinə məhəl qoyulmayıb və həbsi ev dustaqlığı ilə əvəzlənməyib. Bundan ciddi sarsıntı keçirən Gülər xanımın toparlanması uzun müddət çəkib. Həmin ərəfədə ciddi əsəb sarsıntıları keçirən, çökən sabiq deputatın xarici görünüşündə də bu durumun izləri özünü göstərirmiş. Onun toparlanmasına yardımçı olan şəxs isə kamera yoldaşı olan, dələduzluq maddəsi ilə həbs edilən bir qadın məhbus olub. Həmin qadın G.Əhmədovaya ciddi dəstək, həmdəm, eləcə də yardımçı olub. Amma hazırda o məhbusun məhkəməsi olub və cəzaçəkmə müəssisələrindən birinə göndərilib. Sabiq deputatın hazırkı kamera yoldaşı da yenə dələduzluq maddəsi ilə təqsirləndirilən başqa bir qadın məhbusdur.

Səfa Mirzəyevdən gözlənilməz zərbə

Həbsdə olduğu müddətdə G.Əhmədovaya keçmiş partiyadaşları tərəfindən də ciddi zərbə gəlib. Belə ki, istintaq sabiq deputat barədə xasiyyətnamə tələb edib. Bundan ötrü onun nümayəndəsi Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyevə müraciət edib. Sonuncu isə nəinki müsbət xasiyyətnamə vermək, heç onun nümayəndəsini qəbul da etməyib.

Oğlunu Maliyyə Nazirliyindən birbaşa əsgərliyə aparıblar

G.Əhmədovanın oğlu Toğrul Əhmədov isə sözügedən qalmaqaldan əvvəl Maliyyə Nazirliyində çalışırmış. Video ictimailəşəndən, G.Əhmədova “ağzımı açdırmayın” tipli hədələyici bəyanatlar verəndən sonra onun oğlunu dərhal əsgərliyə aparıblar. Sabiq deputat həbs olunandan sonra, konkret olaraq isə istintaqla “əməkdaşlıq etmək istəmədiyi” məqamda T.Əhmədovun qolu “qəza nəticəsində” sınıb. Yaxından görənlər, eləcə də ailəyə yaxın mənbələr deyir ki, hər nə qədər bunun qol güləşi zamanı baş verdiyi iddia edilsə də, T.Əhmədovun qolu məhz dirsəyi ilə çiyni arasındakı hissədən, şübhəli şəkildə sındırılmışdı ki, bu da sui-qəsd ehtimalı barədə düşünməyə əsas verirdi.

Gülər Əhmədova Ayxan Məmmədova 20 min manat verdiyini deyəcək

İstintaqdakı mənbəmiz onu da dedi ki, G.Əhmədova məhkəməsində mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovdan da danışmağı planlaşdırır. Sabiq deputat bildirəcək ki, A.Məmmədov ondan 20 min manata yaxın pul alıb. G.Əhmədovanın ifadəsinə görə, pul alarkən bunu anasının müalicəsi üçün xərcləyəcəyini deyən A.Məmmədov həmin vaxt anasının dünyasını dəyişəcəyini bilirmiş. O, həmçinin bildirəcək ki, A.Məmmədov bu pulu qaytarmaq üçün "Panorama Mercedes" markalı maşınını satacağını desə də, sonradan öz vədini yerinə yetirməyib.
S.Babayeva məsələsində isə G.Əhmədovanın əlindəki əsas sübut mərhum rəfiqəsinin ölkəni tərk edərkən ona yazdığı mesajlar olub. S.Babayeva son mesajında ondan halallıq istəyib, onu E.Abdullayev işinə calaşdırdığı üçün üzr istəyib və qayıdandan sonra sabiq rektoru ifşa edəcəyini deyib. Bundan başqa, S.Babayevanın ölümünə zəhərlənmənin səbəb olmaması ilə bağlı ekspertiza rəyi də sabiq deputatın müdafiəsində önəmli detaldır.
İstintaqdakı mənbəmiz həmçinin bildirdi ki, saxlandığı 1 saylı istintaq təcridxanasında G.Əhmədovaya xüsusi münasibət var. O, istədiyi vaxt rəisin otağından zəng edə bilir. Tez-tez səhhəti ilə bağlı müraciətlər edir. Sabiq deputatın hakimiyyətdən konkret kimlərəsə mesajı olarsa, bunu təcridxana rəhbərliyi vasitəsilə ünvanına çatdırır./Müsavat
1923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu