Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

AŞPA-dan hakimiyyətə ağır zərbə

Strasburqda Azərbaycandakı repressiyalarla bağlı sərt qətnamə qəbul olundu

Müxtəlif ölkələri təmsil edən deputatlar Azərbaycanda baş verənlərə görə hökumətin ünvanına kəskin ittihamlar səsləndirdilər
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası davam edir. Dünənki iclasda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinskinin (Polşa) hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq, qəbul olunub. Qeyd edək ki, sənəddə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və bloggerlərin, hüquq müdafiəçilərinin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və s. məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı avropalı deputatlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər.
“Qarşısıalınmaz təzyiqlərə məruz qaldım”
Əvvəlcə həmməruzəçilərdən Pedro Aqramunt çıxış edərək bildirib ki, sənəddə həqiqəti əks etdirməyə çalışıblar. O, eyni zamanda, təzyiqlərə məruz qaldığını deyib: “Bizə təzyiqlər çox idi. Qarşısıalınmaz təzyiqlərlə üzləşdim. 25 illik siyasi fəaliyyətim dövründə düşünməmişdim ki, insanlar bu qədər uzağa gedə bilər”.
“Bu, siyasi karyeram ərzində hazırladığım ən ağır sənəddir”
Digər həmməruzəçi Tadeuş Ivinski qətnamə layihəsini “AŞ PA üzvü olduğu 20 il ərzində hazırladığı ən ağır sənəd” adlandırıb: “Mövzu çətindir, mübahisələrə, emosiyaların qızışmasına səbəb olur. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkün var. Istəsək də, istəməsək də bu məsələ digər problemlər üzərində dominantlıq edir. Bu, acı həqiqətdir”.
“Azərbaycanda baş verənlərə göz yummayın”
Müzakirələr zamanı Ispaniyadan olan deputat Xordi Xukla bildirib ki, vaxtilə AŞ PA-da görüşdükləri azərbaycanlı hüquq müdafiəçiləri indi həbsxanadadır: “Onların hüquqlarının müdafiəsi baxımından da qətnamə layihəsinə bir sıra düzəlişlər edilməlidir. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bugünlərdə Avropa Məhkəməsi verdiyi qərarla mövqeyini ortaya qoydu”.
Niderlanddan olan Tini Kox xatırladıb ki, Azərbaycanbir müddət əvvəl Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə bu ölkədə insan haqlarının vəziyyəti daha da pisləşib: “Hökumət hüquq müdafiəçilərinə qarşı hücuma keçdi. Burada görüşdüyümüz vətəndaş cəmiyyəti təmsilçilərinin çoxu ya həbsdədir, ya da Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Azərbaycanda vətəndaşların düşdüyü vəziyyət təəssüf doğurur. Azərbaycan hökumətinə siqnal verilməlidir. Buradakı Azərbaycan təmsilçilərinə müraciət edirəm, ölkənizdə baş verənlərə göz yummayın, cəsarətli olmaq lazımdır. Mən burada hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinaranı gördüm. O, bir ilə yaxındır ki, həbsdə olan valideynlərilə görüşə bilmir. Valideynlərinin səhhətində ciddi problemlər var. Dinara Yunus bildirir ki, onlar həbsxanada ölə bilər, buna görə məndən və başqalarından kömək istəyir. Azərbaycan hökumətinə əslində, həbsxanaya salınmamalı adamların azadlığa buraxılması üçün çağırış etməliyik”.
 
“Azərbaycanda korrupsiya tüğyan edir, siyasi məhbuslar var”
Italiyadan olan deputat Paulo Korsini Azərbaycanda söz və ifadə azadlığının məhdudlaşdırılmasından danışaraq qeyd edib ki, media, məhkəmə sistemi tamamilə hökumətin nəzarətindədir: “Bu ölkədə vətəndaş cəmiyyəti darmadağın edilib. Beynəlxalq təşkilatların məlumatına görə, orada korrupsiya tüğyan edir, siyasi məhbuslar var. Bu cür hallar Avropa Şurasının prinsiplərinə ziddir”.
AŞ PA-nın rumıniyalı üzvü Teodor Nikolosku yada salıb ki, Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir. Venesiya Komissiyasının seçkilərlə bağlı bir xeyli tövsiyəsini isə Azərbaycan hökuməti hələ də yerinə yetirməyib: “Bu ölkədə hüquq müdafiəçiləri, jurnalistlər, ümumiyyətlə, tənqidçilər təqiblərə məruz qalır. Təəssüf ki, Azərbaycan hökuməti ATƏT-in Bakı ofisini bağlamaq qərarı verib. Ümid edirəm ki, bu uğursuz qərara yenidən baxacaqlar”.
“Hakimiyyət Qarabağ problemilə öz maraqları üçün manipulyasiya edir”
Fransalı deputat Durie Jozetti bildirib ki, Azərbaycanda xüsusən 2013-cü ildə keçirilmiş son prezident seçkisindən sonra vəziyyət daha da ağırlaşıb: “Orada baş verənlər bizi qorxudur. Məhdudiyyətsiz hakimiyyət hökm sürür. Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün manipulyasiya məqsədilə istifadə edir. Demokratiyadan imtina edib, ölkədə stabilliyin pozulmasıyla hədələyir. Onlara Avropa Şurasının dəyərlərini xatırlatmaq lazımdır”.
Almaniyalı deputat Finç Kramer ATƏT-in Bakı ofisinin bağlanmasına toxunaraq, yada salıb ki, Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyası olmadan seçkiləri normal izləmək mümkün olmayacaq: “Qətnaməyə müşahidə missiyası ilə bağlı əlavə eləməliyik”.
Türkiyəli deputat Egemen Bağış AŞ PA iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanın geosiyasi vəziyyəti kifayət qədər mürəkkəbdir, bu ölkə Rusiya və Iranın qonşuluğunda yerləşir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan hökuməti demokratik cəmiyyət qurmağa çalışır. Bu ölkədə demokratiya ilbəil möhkəmlənir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan Avropa Şurasına üzv olmaqla göstərdi ki, Avropanın ayrılmaz hissəsidir. Bu ölkəyə kömək etməliyik”.

“Azərbaycan hökuməti Avropa Şurasının dəyərlərinəhörmətsizlik edir”
Almaniyadan olan deputat Frank Schwabe Egemen Bağışın çıxışına cavab olaraq deyib ki, Azərbaycan qəşəng ölkə ola bilər, amma bu ölkədə hökumət Avropa Şurasının dəyərlərinə - insan haqlarına hörmətlə yanaşmır: “Bunu açıq şəkildə deməliyik. Biz bunu eləməsək, Azərbaycan xalqını məyus eləmiş olarıq. ATƏT-in Bakı ofisi bağlanıb. Qətnamədə siyasi məhbusların azadlığa buraxılması tələb olunmalıdır. Dinara Yunus valideynlərinin hansı vəziyyətdə olduğunu danışdı. Bu vəziyyətdə olan insanları müdafiə etmək bizim öhdəliyimizdir. Biz Azərbaycan torpaqlarının işğalı faktı ilə barışa bilmərik. Amma bu fakt Azərbaycan hökumətinə ölkədə insan haqlarını pozmaq üçün bəhanə ola bilməz”.
AŞ PA-nın Serbiyalı deputatı Aleksandra Curoviç çıxışında Azərbaycanda parlamentin icra hakimiyyətinə nəzarət funksiyasını artırmasının vacibliyini vurğulayıb: “Elə ölkələr var ki, onlara Avropa səviyyəsinə qalxmaq üçün kömək etmək lazımdır. Belə ölkələrdən biri də Azərbaycandır. Bu məruzədən görünür ki, Azərbaycan hökuməti çox işləməlidir”.
“Azərbaycan və onun kimilərə siqnal olmalıdır ki...”
AŞ PA-nın Norveçdən olan deputatı Schou Inqyerd çıxışında vurğulayıb ki, Azərbaycanda media, müxalifət, vətəndaş cəmiyyəti hökumətin hücumları altındadır, xeyli sayda insan siyasi motivlərlə həbsxanaya salınıb: “Bu ölkədə məhkəmələr müstəqil deyil. Tənqidi fikirlərin ifadə olunmasına imkan verilmir. Azərbaycan hökumətinə xatırladılmalıdır ki, Avropa Şurasının prinsiplərinə hörmət etmək öhdəliyi var. Adıçəkilən Leyla Yunus bu ölkədəki siyasi məhbuslardan biridir. O, həbsindən bir neçə gün əvvəl ölkəsindəki siyasi məhbusların siyahısını açıqlamışdı və orada 98 nəfərin adı vardı. Indi Leyla Yunusun özü də, həyat yoldaşı Arif Yunus da siyasi məhbuslar siyahısındadır. Bu qətnamə Azərbaycan və onun kimi digər üzv dövlətlərə siqnal olmalıdır ki, Avropa Şurasının prinsiplərinə, insan haqlarına hörmət etmək lazımdır. Qətnamədə bu ölkədə baş verənlər pislənilməli, jurnalistlərin, hüquq müdafiəçilərinin, vəkillərin azadlığa buraxılması tələb olunmalıdır. Adamlar öz hüquq və azadlıqlarından istifadə etdiklərinə, fikirlərini bildirdiklərinə görə həbs olunmamalıdır”.
“Azərbaycanda vətəndaş hüquqları uğrunda döyüş gedir”
Almaniyadan olan başqa bir deputat Mari Luize Bek xatırladıb ki, heç bir dövlət məcburi şəkildə Avropa Şurası üzv olunmayıb, o cümlədən də Azərbaycan. Odur ki, Azərbaycan hökuməti Avropa Şurasına üzv olarkən insan haqlarına hörmət etməklə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl eləməlidir: “Bir neçə il əvvəl Azərbaycana səfər edib orada gənclərlə görüşmüşdüm. Onlar qorxmurdular. Indi isə vəziyyət dəyişib. Söhbət siyasi məhbuslardan gedir. Azərbaycanda vətəndaş hüquqları uğrunda döyüş gedir. Azərbaycanın ərazi bütövlüyü problemi var. Amma bu, vətəndaşların hüquqlarını pozmağa əsas verə bilməz. Qəti qərar vermək lazımdır. O vaxt biz Maqnitski ilə bağlı müzakirələrdə deyirdik ki, onun həyatına təhlükə var. Amma heç nə edə bilmədik və onu öldürdülər. Indi Leyla və Arif Yunuslar da eyni vəziyyətdədir. Heç olmasa, bu dəfə nə isə eləyək. Onları, eləcə də dəmir barmaqlıqlar arasında haqsız saxlanılan digərlərini xilas etməyə çalışmalıyıq. Buradakı azərbaycanlı deputatlara müraciət edirəm, bizə, müzakirə etdiyimiz məsələyə ciddi yanaşın”.
Ispaniyalı deputat Aqustin Konde də çıxışında Azərbaycanda repressiyaların, saxta ittihamlarla həbslərin olduğunu vurğulayıb: “Azərbaycan hökumətinin tutduğu yol Avropa Şurasının üzvü olan ölkə üçün yaxşı yol deyil. Dağlıq Qarabağın işğal altında olması faktı bu ölkədə başqa hüquq pozuntularına haqq qazandıra bilməz. Amma onu da qeyd etməliyəm ki, Dağlıq Qarabağın işğalı faktdır və AŞ PA bunun üzərindən keçə bilməz”.
“Azərbaycan öhdəliklərə əməl etməyəcəkdisə, Avropa Şurasına niyə üzv olurdu?”
AŞ PA-nın norveçli deputatı Lize Kristoffersin çıxışında bildirib ki, əslində, burada “Azərbaycanda demokratik institutların fəaliyyəti” yox, “fəaliyyətsizliyi” müzakirə olunmalı idi. Çünki Azərbaycanda hakimiyyət faktiki vətəndaş cəmiyyətini darmadağın edib: “Insan hüquqları sistemli şəkildə pozulur, tənqidçi səslər susdurulur, jurnalistlər, hüquq müdafiəçiləri, müxalifətçilər təqib altındadır. Hökuməti tənqid edən hər kəs həbsxanaya salınır. Müstəqil QHT-lər artıq fəaliyyət göstərmir. Bir il əvvəl Ilham Əliyev burada - AŞ PA-dakı çıxışında bildirdi ki, ölkəsində insan haqları problemi yoxdur, heç kim siyasi motivlərlə həbs olunmur. Ondan sonra nə oldu? Azərbaycanda tənqidçi hüquq müdafiəçilərini, jurnalistləri, fəalları - hamısını tutub türməyə saldılar. Azərbaycanda vəziyyət kritikdir. Bu ölkə 2001-ci ildə könüllü şəkildə Avropa Şurasına üzv olub. Başa düşə bilmirəm, öhdəliklərə əməl etməyəcəkdisə, niyə üzv olurdu?”
***
Daha sonra AŞ PA üzvlərinin çıxışlarında səsləndirdikləri düzəliş təklifləri müzakirəyə çıxarılaraq, hər biri ayrı-ayrılıqda səsverməyə qoyuldu. Səsvermə nəticəsində sənəddəki “Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 rayon” ifadəsi “Dağlıq Qarabağ münaqişəsi barədə” ifadəsilə əvəzləndi. Həmçinin siyasi məhbusların azadlığa buraxılması tələbi də sənədə əlavə olundu.
Sonda qətnamə 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla, qəbul edildi(Azadliq.info).

605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı