Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2015

"İstintaq Yunuslardan üzr istəməlidir"

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb. Leyla Yunusun vəkili Elçin Qəmbərovun dediyinə görə, digər maddələr üzrə istintaq yekunlaşmaq üzrədir və yaxında məhkəməyə göndəriləcək:

«Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi bu işdən kənarlaşdırılıb. Bu maddə üzrə istintaq dayandırıla da bilər, ayrıca davam etdirilə də bilər. Bu qərarı artıq istintaq orqanları verəcək».

2005-ci il parlament seçkiləri ərəfəsində Əli İnsanovla Fərhad Əliyev də ilkin olaraq dövlət çevrilişinə cəhddə ittiham edilmişdilər, ancaq sonradan həmin ittiham ümumi işdən ayrıldı və, necə deyərlər, səsi-sorağı çıxmadı. Keçmiş nazirlər sadəcə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, korrupsiyada ittiham edildilər.

Yunusları da eyni aqibət gözləyə bilərmi? Yəni dövlətə xəyanət maddəsinin o biri ittihamların kölgəsində qalaraq unudulması nə qədər realdır?

«HÖKUMƏT GERİ ÇƏKİLİR»

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev hesab edir ki, əslində Yunuslara irəli sürülən ittihamlar əsassızdır, quramadır və daha çox onların, xüsusən də Leyla Yunusun hüquq müdafiəçisi kimi fəaliyyətiylə bağlıdır. O ki qaldı dövlətə xəyanətlə bağlı ittihama, hüquq müdafiəçisi deyir:


«Burda iki variant ola bilər. Yəni hökumətin geri çəkilməsi kimi də qiymətləndirilə bilər ki, artıq əsas maddə cinayət işindən çıxarılır və məhkəməyə göndərilmir. Buna hökumətin yumşalması kimi də baxmaq olar. Eyni zamanda hakimiyyət də bilir ki, bu maddəylə bağlı ortaya hər hansı sübut qoya bilməyəcək. Yəni tam əsassızdır. Belə deyək də, ya istintaq məhkəmədə dövlətə xəyanət maddəsiylə bağlı ortaya qoya biləcək fakt toplaya bilməyib, ya da beynəlxalq təşkilatların təkidli tələbiylə geri çəkilir. Hər halda, son qərar yaxında məlum olacaq. Amma yaxşı olardı ki, bu maddə cinayət işindən çıxarılsın. Leyla xanıma da, başqalarına da bəraət verilsin. Bəraət onların haqqıdır».

«ÜZRXAHLIQ ETMƏLİDİRLƏR»

Oqtay Gülalıyev bir məqama da toxunur. Leyla və Arif Yunus bir ilə yaxındır həbsdədirlər və onlar çox ağır maddəylə - dövlətə xəyanətdə təqsirli bilinirlər. Hüquq müdafiəçisi hesab edir ki, həmin maddə sübuta yetirilməsə, istintaqçılar hər iki şəxsdən üzr istəməlidir:

«Təəssüf ki, Azərbaycan hüquq-mühafizə orqanlarından etdiyi əməllərə görə etiraf və üzrxahlıq nümunəsinə rastlanmayıb. Əslində bu, olmalıdır. Bu təkcə siyasi mədəniyyət yox, həm də hüquq mədəniyyətidir. İttihami sübut etmək mümkün deyilsə, ləğv olunmalıdır. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları özlərində güc tapıb Leyla Yunusla bağlı məsələdə hüquq mədəniyyəti göstərib, ona irəli sürülən ittihamları geri götürməli və ondan üzrxahlıq etməlidir»./azadlıq/
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber