Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2015

Bu korrupsioner rejim hakimiyyətdən getməyincə...

Nəinki təhsilimiz, heç bir sahə inkişaf etməyəcək

Bu il buraxılış imtahanlarından sonra məlum oldu ki, Sabirabad rayonu təhsilin vəziyyətinə görə Respublikada ən aşağı yerdədir. Bir sabirabadlı, həm də müəllim kimi bu hal mənim heysiyyətimə toxundu və düşünməyə məcbur oldum.
Düzdür, Sabirabad pis nəticə göstərib, kimlə müqayisədə. Kaş dünyanın ən yaxşı ölkələrində keçirilən imtahanlarda pis nəticə göstərəydik. Guya yaxşı nəticə göstərən rayonlarımız sivil ölkələrlə müqayisədə yenə yaxşı nəticə göstərəcəkmi?
Ayrı-ayrı şagirdlərimizin göstərdiyi əla nəticələr heç də Azərbaycan təhsilinin uğuru deyil. Belə şagirdlərdən aşağı nəticə göstərən Sabirabadda da çoxdur. Bu, həmin şagirdlərin fədakarlığının, atalarının pulunun və repetitor müəllimlərin əməyinin nəticəsidir.
Hamı günahı məktəblərdə, müəllimlərdə və təhsil şöbəsinin müdirində görür. Bu amillərin müəyyən qədər rolu olsa da, mən əsas günahı bunda görmürəm. Çünki keçən əsrin ortalarında müharibədən çıxmış SSRI-də nə məktəb çatışırdı, nə də müəllim. Ancaq çox güclü ziyalı potensialının yetişməsi məhz o dövrün payına düşdü.
3 mindən çox üzvü olan Sabirabad müəllim kollektivinə Elman Bünyadovun rəhbərlik etməsi çox acınacaqlıdır. Amma bu hakimiyyətdə hansı gələn gedənə rəhmət oxutdurmayıb?
Qısası.
Uşaq mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Allah sənə rəhmət eləsin, Mirzə!
Dahi Mirzə Ələkbər Sabir bu misraları bir əsrdən də qabaq söyləyib. O dövrlə indiki dövrü müqayisə etdikdə görürük ki, indi irəli getmək əvəzinə geri getmişik. Çünki, o vaxt tək valideyn uşağı oxutmaq istəmirdi. Müəllim qapı-qapı düşüb uşaq yığırdı. Müəllimi də hakimiyyət məcbur edirdi. Indi valideynin uşağını oxutmaq istəməməsi ilə yanaşı uşaq özü də oxumaq istəmir (Sabirin şeirində isə “Gərçi bu bədbəxt özü elmə həvəskardır” beyti də var), oxutmaq istəyən müəllim də və bütün bu prosesə nəzarət edən hakimiyyət də biganədir. Deməli, təhsilin bu günə düşməsini dörd obyektdə, yəni valideyn, şagird, müəllim və hakimiyyətdə axtarmalıyıq.
Şeirdən göründüyü kimi, Sabirin dövründə bu 4 amildən 3-ü müsbət, biri, yəni yalnız valideyn mənfidir. Indi isə 4-ü də mənfidir.

Valideyn niyə uşağını oxutmaq istəmir?
1.Valideyn uşağının yalnız ərzağını düşünür, nəinki təhsilini, heç geyimini düşünməyə də maddi durumu imkan vermir.
2.Məktəblərə və müəllimlərə bel bağlamır.
3.Ali məktəbdə oxutdurmaq üçün lazım olan vəsaiti heç yuxusunda da görə bilmir.
4.Ali məktəbi qurtarandan sonra işlə təmin olunmaq üçün külli miqdarda rüşvət tələb edilir.
5.Bəzi çoxuşaqlı valideynlər ailəni dolandıra bilmədiyindən oğlan uşaqlarını işə cəlb etməyə, qız uşaqlarını erkən yaşda ərə verməyə çalışırlar.
Şagird niyə oxumaq istəmir?
1.Informasiya vasitələri: qəzet, jurnal, televiziya, internet, mobil telefon və s. çoxdur.
2.Dərs vəsaitləri onların qavrama qabiliyyətinə uyğun tərtib edilməyib.
3.Distribüter müəllimlər məktəblərdə dərsə məsuliyyətsiz yanaşır.
4.Attestat verilməsində ədalətsizliyə yol verilir.
5.Ucqar məktəblərdə yol çətin şəraitdədir.
Müəllim niyə dərs keçmək istəmir?
1.Indi savadsız müəllimlər ordusu yetişdirilib.
2.Əksər məktəblərdə davamiyyət həddən artıq aşağı səviyyədədir.
3.Məktəblərin maddi texniki bazası yoxdur.
4.Kənd məktəblərinin təbii iqlim şəraitinə hazırlanmayıb.
5.Işə rüşvətlə götürülür.
6.Hər ayda onlardan paltar, gündəlik, qəzet, yoxlama və s. adla pullar yığılır.
7.Seçkilərdə və digər dövlət tədbirlərində müəllimlərdən alət kimi istifadə olunur.
8.Məvacibi ailəsini dolandırmağa kifayət etmir.
9.Cəmiyyətdə hamıdan yaxşı yaşamaq hüququ olmasına baxmayaraq ərzaq mağazalarına borcludur.
Hakimiyyət niyə təhsilə fikir vermir?
1.Hakimiyyətə Azərbaycanın gələcəyi lazım deyil.
2.Məmurlar öz uşaqlarına xaricdə təhsil verə bilir.
3.Savadlı cəmiyyət öz hüquqlarını tələb edə bilir.
4.Təhsil sahəsində çox böyük korrupsiya mövcuddur.
Beləliklə, Ilham Əliyev başda olmaqla bu korrupsioner rejim hakimiyyətdən getməyincə nəinki təhsilimiz, heç bir sahəmiz inkişaf etməyəcək.

Sahib Rüstəmli, müəllim
570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30