Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2015

Əli Həsənov niyə təəccüblənir?

Azərbaycan hakimiyyəti xalqın dəyənəyini daha çox haqq edir

Bir neçə gündür Ermənistanda kütləvi aksiyalar başlayıb. Erməni xalqı Sərkisyan rejiminə etiraz edir və kommunal xərclərin qaldırılmasını yolverilməz hesab edir. Təbii ki, Ermənistandakı rejim cinayətkar bir dəstədən ibarətdir və bu ölkədə də avtoritarizm hökm sürür. Amma bu da sirr deyil ki, Ermənistan kasıb bir ölkədir, heç bir sərvəti yoxdur və Rusiyanın ianəsi hesabına yaşayır.
Amma ən maraqlı məqam Ermənistanda baş verənlərə Azərbaycan hökumətinin münasibətidir. Sanki Ermənistanda baş verənlər hakimiyyətimizi təəccübləndirib, polis qəddarlığından heyərətə gəliblər və xalqa qarşı belə münasibəti pisləyirlər.
“Ermənistandakı kütləvi aksiyalar cinayətkar və anti-xalq Serj Sərkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı erməni xalqının üsyandır”- deyə Əli Həsənov bildirib.
Diqqət etdiniszə, Əli Həsənovun sadaladığı bütün problemlər Azərbaycanın bəlasıdır. Fərq ondadır ki, Azərbaycan varlı, Ermənistan kasıb ölkə olduğu halda ölkə vətəndaşları üçün fəlakətə çevrilib.
Məsələ burasındadır ki, erməni xalqı Sərkisyanın ofşorlarda 48 milyard pulu, şirkətləri, bankları olduğuna görə deyil, müəyyən sosial problemlərə görə etiraz edir. Amma Azərbaycanda korrupsiyanın miqyası milyardlarla ölçülür, ölkənin ləyaqətli insanları şərlənərək həbs olunur, hakimiyyət mənasız layihələrə milyardlar xərcləyir, ölkə vətəndaşı məmur banklarının girovuna çevrilir, kəndlər, şəhərlər boşalır, əhali bir çörək dalınca diyar-diyar gəzir.
Yəni Azərbaycanda vətəndaşın etiraz etməyə daha çox əsası var. Döyülməyə gəlincə, Azərbaycanda qadını döyərək müxalifət liderinin əleyhinə ifadə almaq cəhdi, aksiyada qadını yerlə sürümək təcrübəsi, aksiyada iştirak edən qadınlara sutkalıq həbs cəzası vermək ənənəsi var. Əli Həsənovun təmsil olunduğu hakimiyyət xalqla ən qəddar formada rəftar edir. Insanları doğmaları ilə şantaj etmək, ataya görə oğulu cəzalandırmaq, müxalifətçi gənclərin cibinə narkotik atmaq ənənəsi də YAP hakimiyyətinin mərifətidir.
Necə olur ki, Ermənistan xalqı hakimiyyət əleyhinə etiraz aksiyası təşkil edəndə haqlı olur, Azərbaycanda hakimiyyətə etiraz edənlər isə vətən xaini?
YAP hakimiyyətinin Sərkisyan hakimiyyətindən nə fərqi var? Yeganə fərq odur ki, YAP hakimiyyəti vicdanlı insanları “ermənipərəst” adlandırır və daha çox talan edir.
Əminliklə demək olar, Ermənistan varlı ölkə olsaydı və hakimiyyət bu qədər korrupsiyaya bulaşsaydı, indi Sərkisyan rejimi yox idi.
Azərbaycanın sərvətləri bir qrup insana məxsusdur. Xalq isə qul kimi istismar olunur. Amma vətəndaş “əsgər ölümlərinə son” deyəndə, saxta parlamentin buraxılmasını istəyəndə, şəhid ailəsi sığorta pulunu tələb edəndə dərhal həbsə atılır və hakimiyyətin resursları vasitəsilə bu adamlara qarşı şər kampaniyası həyata keçirilir.
Bir sözlə, Əli Həsənovun Ermənistan hakimiyyəti haqqında dedikləri, artıqlaması ilə Azərbaycan hakimiyyətinə şamil olunmalıdır. 100-ə yaxın günahsız insanı şərləyərək həbs edən, təhsili, səhiyyəni, məhkəməni korrupsiya yuvasına çevirən bir hakimiyyət əvvəlcə öz ayıbına kor olmalıdır.
Müqayisə aparanda bu qənaətə gəlmək olur ki, Azərbaycanda, ümumiyyətlə, mitinqlər dayanmamalıdır. Çünki, hakimiyyət talançılıq və yalançılıq siyasətindən imtina etmir./azadlıq/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17