Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2015

Azərbaycanda ölüm məhəlləsi

Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllə 2 ünvanında yüksək gərginlikli elektrik xətlərinin altında yaşayış evləri tikilib və onlarla ailə mühafizə zolağına düşən ərazidə məskunlaşıb.

Sözügedən elektrik ötürücülərinin gücü 20 min kV-dan yüksəkdir və bu, insan həyatı üçün təhlükəli hesab olunur. Yüksək gərginlikli elektrik xətləri ətrafa elektromaqnit dalğaları buraxdığı üçün onların yaxınlığında yaşayış məntəqələrinin salınması əslində, qanunvericliklə qadağandır. Məhəllə sakinləri bu təhlükədən xəbərdar olsalar da, elektrik xətləri yaxınlığında yaşamağa davam edirlər.

Musavat.com-un müxbiri yüksək gərginlikli elektrik xətlərinin altında yaşayan sakinlərlə görüşüb, onların problemlərini dinləyib.

Ruslan adlı sakin deyib ki, bu torpaq sahəsini bələdiyyədən alanda onlara yaxın zamanlarda elektrik xətlərinin söküləcəyi deyilib, onlar da burada ev tikməyə razı olublar: “Artıq 3 ilə yaxındır. Ancaq hələ də bu xətlər sökülməyib. Burada ev tikəndə sahə müvəkkilindən tutmuş, “Azərenerji” nümayəndələrinə qədər hər kəsə “şirinlik” verməli olduq. Bilirdik ki, burada ev tikmək təhlükəldir. Ancaq bizə söz verilmişdi ki, xətlər söküləcək”.

Məhəllədə böyüyən onlarla uşaq da yüksək gərginlikli elektrik xətlərinin altında oynayır. Təbii ki, onlar bu təhlükədən xəbərsizdir. Valideynlərin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, uşaqlar elektrik dirəyinə dırmanmaqdan belə, çəkinmirlər. Bu isə gələcəkdə onları hansısa xəstəliklərin gözlədiyini istisna etmir.

Sakinlərin sözlərinə görə, axşam saatlarında elektrik xətlərində yaranan gərginliyin səsi belə, onları narahat edir. Bu elektrik xəttinin altında nəinki fərdi yaşayış evləri, Bakının ən böyük məscidlərindən biri də tikilir. Bu isə aidiyyatı qurumların problemə nə qədər laqeyd olmasından xəbər verir.

Bu cür ərazilərdə məskunlaşmanın insan səhhətinə ziyanına gəlincə, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, yüskək gərginlikli elektrik xətlərinin yaşayış sahələrinin üzərindən keçməsi insan səhhətinə təsiri baxımından məqsədəuyğun deyil: “Bu xətlərin altında elektromaqnit sahəsi yaranır və bu da insan səhhətinə neqativ təsir edir. Hətta dərisində rəngli tatuajları olan şəxslər bu elektromaqnit sahəsinin mənfi təsirlərini daha çox hiss edirlər. Bu baxımdan elektromaqnit sahəsində daimi yaşamaq və onun təsiri altında olmaq insan səhhətinə mənfi təsir edir. Bu, insanda biokimyəvi proseslərin ritmini pozur və müxtəlif nevrotik, psixoloji pozuntulara səbəb olur. Yüksək gərginlikli xətlər yaşayış sahələrindən kənarda, təhlükəsiz ərazilərdən keçməlidir. Elektromaqnit sahəsi uşaqlara və hamilə qadınlara daha çox təsir edir. Bu xətlərin altında insanlar qanunsuz yerləşirlər. Əslində qanun buna icazə vermir, sadəcə bələdiyyələrin də burada neqativ rolları çoxdur”.

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı isə qeyd etdi ki, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaşayış evlərinin tikilməsinin yolverilməməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var: “İki il öncə mühafizə zolağına düşən tikililərin siyahısı hazırlandı. Mühafizə zolağı dedikdə yüksək gərginlikli elektrik xətlərinin yaxınlığındakı ərazilərdə, magistral yolların və dəmiryolu xətlərinin, neft borularının yaxınlığında yaşayış evlərinin tikilməsinə yol verilməməlidir. Nazirlər Kabinetinin qərarına əsasən müvafiq strukturlar “Azəryolservis”, Dəmiryol İdarəsi, “Azərsu”, “Azərelektrikşəbəkə” tərəfindən mühafizə zolağına düşən evlərlə bağlı siyahı hazırlanıb. Təxminən hər qurumun hazırladığı siyahıda 2000-dən artıq obyekt qeydə alınıb. Bu obyektlərin sökülməsi nəzərdə tutulsa da, sonradan bu proses ləngidi. Bütövlükdə həm tibbi, həm də təhlükəsizlik baxımından yüksək gərginlikli elektrik xətlərinin ətrafında yaşayış evlərinin olması çox problemli bir məsələdir və bunun qarşısı alınmalıdır. Ancaq bu cür yaşayış evlərinin və obyektlərin sayı həddindən artıq çoxdur. Yalnız Abşeron rayonu ərazisində yüzlərlə belə tikililər var. Bu cür təhlükəli zonalarda nəinki fərdi yaşayış evləri və ya gecəqondular, hətta villalar tikilib. Bu baxımdan problemin həlli bir qədər çətindir”.
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11