Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

«Avropa Oyunları yalnız Azərbaycana lazım idi»

Növbəti ifşa materialı rusiyalı bloggerdən gəldi: «Tədbirin rəsmi tərəfdaşları və sponsorları Əliyev ailəsinə yaxın şirkətlər idi»

«Kim istəyər bu qədər xərc çəksin, əvəzində də heç nə qazanmasın?!»

Azərbaycanda keçirilən birinci Avropa Oyunları ilə bağlı növbəti maraqlı məqalə Rusiyanın tanınmış bloggeri Aleksey Avdoxindən gəlib. Avdoxin yazısında Azərbaycan kimi ölkədə bu cür bahalı oyunların niyə keçirildiyi, Avropanın bu oyunlara münasibəti, tədbirə dəstək verən şirkətlərin Azərbaycan hökumətiylə bağlılığı və bu kimi maraqlı məqamlara aydınlıq gətirib. Müəllif hesab edir ki, bu yazıda Bakıdakı Avropa Oyunlarıyla bağlı çoxlarının cəsarət edə bilmədiyi detallara toxunub.

“Dünya və ya Avropa çempionatı keçirmək bundan daha rahatdır”

Təşkilatçılığın yüksək səviyyədə olduğunu deyən blogger bununla belə, hesab edir ki, bu turnirin gələcəyi kifayət qədər şübhəlidir: “Birinci Avropa Oyunları yalnız Azərbaycana lazım idi. Yarışın ikinci həftəsi bu qənaəti bir az da möhkəmləndirdi. Ola bilsin ki, 2019-cu ilə təyin olunan növbəti yarış baş tutmadı. Hollandlar hələ bu oyunların başlanmasına bir neçə gün qalmış ikincisindən imtina etdilər. Buna sərf etməyə əlavə pul yoxdur. Bu pulu qarşıdakı dörd il ərzində tapmaq lazımdır. Kimin belə imkanı var? Bu hələ ki sirr olaraq qalır. Bununla belə, Avropa Oyunlarının potensial sahiblərinin motivasiyasını öyrənmək maraqlı gəlir. Qazanc? Dəqiq bu deyil. Idmanı populyarlaşdırmaq? Buna görədirsə, xeyli bahadır. Bunun əvəzinə dünya və ya Avropa çempionatını keçirmək daha rahatdır. Bəs nə? Yeni obyektlərin tikintisi? Turizm elanları? Rusiya artıq növbəti Avropa Oyunlarından imtina edib. Əslində söhbət, bunu istəyib-istəməməkdə də deyil. Söhbət, indiki məqamda rentabelli olmayan bir yarışın təşkilatçılığını üzərinə götürməkdir. Olimpiada ilə bağlı Bakıya iki dəfə “yox” cavabı verilib. Amma daha bir “Eurovision” və bu miqyasda bir oyun keçirmək istəyi qalmışdı”.

“Alınmadı və çətin ki gələcəkdə də alına”

Avdoxin yazır ki, növbəti Avropa Oyunları da Bakıda keçirilsə, qonaqpərvər Azərbaycan buna ancaq şad olar: “Sadəcə başadüşülən deyil ki, Avropa Oyunları ümumiyyətlə nəyə lazımdır?! Avropa üçün oyunlar keçirmək ideyası maraqlı və perspektivlidir. Bir şərtlə ki, orada ən güclülər iştirak etsin. Aydın məsələdir ki, bu alınmadı və çətin ki gələcəkdə də alına. Tək Avropa Oyunları keçirməklə dünya çempionatı ilə rəqabətə girmək real deyil. Avropa çempionatı da kifayət qədər nüfuza sahibdir. Və hələ ki, Avropa Oyunlarının qalibi kimi, dumanlı tituldan daha önəmlidir. 2018-ci ildə idmanın yay oyunları üzrə birinci Avropa çempionatı keçiriləcək. Avropa Oyunlarından fərqli olaraq təşəbbüskar Avropanın idman federasiyalarıdır. Heç kimi narahat etmirmi ki, bütün bunlar Avropa Oyunları proqramına daxildir ya yox?! Aydın olmadımı ki, niyə ayrı-ayrı federasiyalar güclü idmançıların Bakıya gəlişini sobataj etdilər. Idmanın su növü üzrə Avropa Liqası Bakıya 18 yaşdan yuxarı heç kimi buraxmadı. Baxmayaraq ki, bu il bu sahə üzrə Avropa çempionatı da yoxdur. Bəs səbəb nə idi? Avropanın Yüngül Atletika Federasiyası Avropa Oyunlarına uzun danışıqlardan sonra yığmanın ən zəif heyətini göndərdi. Niyə? Əlbəttə ki, bu, Avropa Oyunlarına və ümumilikdə bu ideyaya münasibətin göstəricisidir.
Indi rus idmançılara irad bildirə bilərlərmi ki, niyə bu qədər çox qələbə qazanıblar. Axmaqlıq olar. Biz günahkar deyilik ki, o birilər bu qədər zəifdir. Avropa Oyunları hesabına qazanılan medallara diqqət yetirin. Və özünüzə sual verin ? biz bu qədər güclüyük, yoxsa onlar çox zəifdilər?!”.

Hakim ailəyə bağlı sponsorlar...

Müəllif qeyd edir ki, Azərbaycan bu oyunları öz hesabına keçirdi. Və ortada heç bir reklam pulu olmadı: “Amma tərəfdaşlar arasında xeyli tanınmış şirkətlər var. Vacib bir detal da var. Dörd əsas rəsmi tərəfdaş - Azərbaycan Hava Yolları, “Kapital Bank”, “Nar Mobile”, SOCAR, eləcə də 4 əsas rəsmi sponsor “Azersun”, “Bazarstore”, “Milla” və NAZ sıx şəkildə Azərbaycan hakimiyyəti və prezident ailəsi ilə bağlıdır. Məsələn, 640 milyon dollara başa gələn stadionun (68 min yerlik) tikintisini neft nəhəngi SOCAR kurasiya edib.
Tədbirə peyk dəstəyi verən “Azercosmos” şirkəti “Ilhamla ölkənin gələcəyi var” şüarının sübutu kontekstində reklam olunurdu. “Kapital Bank” prezidentin qızları Leyla və Arzu Əliyevalara məxsusdur. Beynəlxalq tərəfdaşlardan olan BP çoxdan Ilham Əliyev ailəsi ilə bağlıdır. “Azerfon” şirkəti Azərbaycanda “Nar Mobile” adı altında telekommunikasiya xidmətləri göstərir. Aparılan təhqiqatlarda bu şirkətin də hakim ailəyə bağlı olduğu üzə çıxıb. Digər əsas tərəfdaşların da bu və ya digər şəkildə prezidentlə əlaqələri var. Bəlkə də bunda pis heç nə yoxdur. Yəqin ilk Avropa Oyunlarında iri sponsorların sıraya düzüləcəyini gözləmək sadəlövhlük olardı. Avropada kimdə neft dollarları “çayı” var? Xüsusən də indiki böhranlı vəziyyətdə. Kim istəyər bu qədər xərc çəksin və qarşılığında heç nə qazanmasın?! Nəyə görə?”./azadlıq/
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber