Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2015

Bu qədər sadəlövh olmayın

Hakimiyyət kredit borclarını silmək istəsəydi...

Hər dəfə hakimiyyətin vəziyyəti ağırlaşanda orataya yeni bir ideya atılır və bu ideya ətrafında müzakirələr başlayır. Məqsəd isə əhalidə müəyyən ümid yaratmaq və hakimiyyətin müsbət addımlar atacağına inandırmaqdır. Indiki halda isə hakimiyyətin aşırı israfçılığı sadə vətəndaşları hiddətləndirib və 2.5 milyon nəfər kredit borcu altında əzilən vətəndaşın haqlı etirazına səbəb olub. Insanlar görür ki, hakimiyyət əcnəbi bir müğənniyə 2 milyon qonorar verdiyi halda, vətəndaşa 5 manat güzəşt etmək istəmir.
Indi isə əhali arasında banklara kredit borclarının bir hissəsinin bağışlanacağı barədə məlumat yayılıb.
Məlumata görə, kredit borcu olanlara 5 min dollar güzəşt ediləcək (bəzi şayiələrə görə 3 min dollar). Əhali arasında, sosial şəbəkələrdə 5000 dollara qədər olan kreditlərin tamamilə silinəcəyi, bu məbləğdən yuxarı olan kreditlərin isə 5 min dollar azaldılacağı danışılır. Ilk növbədə qeyd edək ki, Azərbaycanda kredit qoyuluşları 20 milyard manat civarındadır. Bu kreditlərin 1 milyard 256 milyon manatını vaxtı keçmiş kreditlər, 8 milyard 200 milyon manatı isə ev təsərrüfatlarına verilmiş kreditlər təşkil edir.
Məsələ burasındadır ki, yayılmış şayiələr ətrafında müzakirələr başlayıb və sosial şəbəkələrdə, mətbuat səhifələrində ekspertlər münasibət bildirirlər. Amma hökumətyönlü 1-2 iqtisadçı deyib ki, borcların silinməsi məsuliyyəti azalda bilər və vaxtında pul ödəyənlərə qarşı ədalətsizlik olar. Bu da onu deməyə əsas verir ki, yayılan məlumat yalandır.
Amma məsələnin daha ciddi tərəfi var. Bu da sadə vətəndaşların sadəlövhlüyü, hakimiyyətdən hələ də müsbət addım gözləməsidir.
Bugünə qədər hakimiyyətin hansı addımı vətəndaşın xeyrinə olub ki, indi də ümidlə borcların bağlanmağını gözləyirsiniz. Bu hakimiyyət siyasi məhbusları azad etməməklə Avropa Oyunlarını öz əleyhinə çevirmədimi? Şəxsi hikkəsinə görə bütün dünya ilə düşmən olmadımı? Indi susqun bir xalqın maraqlarından niyə çıxış etməlidir?
Bir müddət əvvəl ölkə başçısı “manatın kursu sabit qalacaq” deyib sizi arxayın etmədimi? Bir gecənin içində 2.2 milyard zərər edən xalqa hər hansı güzəşt edildimi? Ümidlə Konstitusiya Məhkəməsinin qərarını gözlədiniz, amma məhkəmə də xalqın zərərinə qərar çıxardı. Daha sonra Mərkəzi Bankın manatla götürülən əmanətlərin faiz dərəcələri ilə bağlı qərarı oldu və yenə də vətəndaşın zərərinə. Ardınca isə ortaya fakt qoyuldu ki, bu bankların əksəriyyəti hakim ailəyə məxsusdur. Bu qədər anti-xalq qərarından sonra borcların silinməsinə ümid etməyə əsas yoxdur.
Bu hökumət xalqa güzəşt etmək istəsəydi, ölkəyə 100 milyardlar axanda edərdi. Indi isə prioritet məsələ daha çox xalqdan pul çəkməkdir. Çünki, valyuta ehtiyatları azalıb və pul qıtlığı yaranıb. Belə bir şəraitdə hakimiyyət özünə ziyan edən addım atmaz.
Xalqın vəziyyəti bu hakimiyyəti narahat etsəydi, milyardlarla vəsait ofşorlara daşınmaz, banklar bir ailənin əlində cəmləşməz, məmurlar iqtisadiyyatın bütün sahələrini inhisara almazdı. Yəni bugünə qədər yürüdülən siyasət məqsədyönlü olub və vətəndaşı məhdud çərçivəyə salmaq məqsədi daşıyıb.
Ona görə də bu şayiələrə inanıb özünüzü sonradan məyus vəziyyətə salmayın. Bu qədər anti-xalq siyasətindən sonra hakimiyyətə inanmaq ədalətsizlikdir.
Bu ölkədə kredit borclarının silinməsi də, hakimiyyətin xalqla hesablaşması da yalnız bir halda mümkündür. Bütün dünyada olduğu kimi xalq hakimiyyətdən hesab sormalı və öz haqqını tələb etməlidir. Əks halda belə şayiələrlə həyatınızı oğurlamağa davam edəcəklər. Sizin sadəlövhlüyünüz hakimiyyətə sərf edir./azadlıq/
782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber