Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Qeyri-professionallıq, yoxsa qeyri-obyektivlik?

"Washington Times"da fikirlərimizə "istinad": qeyri-professionallıq, yoxsa qeyri-obyektivlik?

Tanınmış və nüfuzlu mətbu orqanı olan Washington Times-da Aaron Kovac adlı müəllif Suriya ilə bağlı yazısında mənə istinad edib. Bizim yerli mətbu orqanlarında da bəziləri bunu hətta başlıq edib. Yazını tapdım və orijinala nəzər yetirdim. Açığı, çox təəccübləndim. Belə ki, son illərdə nə bu mətbu orqanına, nə bu adlı müəllifə və nə də bu mövzuda bu kimi müsahibə verməmişəm. Yazıda digər bir yazıya da istinad edilir ki, nə vaxtsa verilən müsahibənin, müəllifin istədiyi rakursda təqdimatının tərcüməsidir.
Qəribədir, məgər aydın deyilmi ki, ən azı mövqeni dəqiqləşdirmək, istinad etdiyin şəxsin fikrini öyrənmək - nəinki professional jurnalistikanın əlifbasıdır, elementar məntiqin diktəsidir, zatən. Axı hətta istinad materialı doğrudursa, üstündən 1 il vaxt keçib. Halbuki, istinad edilən materialda da müəllif rakursu dəqiq götürməyib və özünə uyğun bildiyi konsepsiyaya müvafiq olaraq təqdim edib.
Belə başa düşülür ki, peşəkarlıq problemi yalnızca bizim regionla məhdudlaşmır. Bəlkə də məsələ peşəkarlıqda deyil, qeyri-obyektivlik və istədiyin rakursda təqdimat, belə bir anlaşılmaz davranışı motivləşdirib.
Nəzərə çatdırırıq ki, fikirlərimiz dəqiq verilməyib və mövqeyimizi ümumən əks etdirmir. Bizim mövqe belədir ki, bəli, Əsəd - avtoritar rejimin rəhbəridir, amma müxalifət qətiyyən kütləvi şüura yeridilmək istənildiyi kimi deyil. Suriyada normal dəyişiklik istəyənlər də var, amma onlar - azlıqdadır. Əksəriyyət - silahli qruplaşmalardır və mahiyyətcə, mövcud rejimdən daha da reqress və destruktiv mahiyyətlidir. Yəni müxalifətin əsas hissəsi - xarici qüvvələr tərəfindən, ələlxüsus da İsrail rejimi tərəfindən dəstəklənən, ərəb diktaturaları tərəfindən maliyyələşdirilən radikal qruplaşmalardır. Bizim mövqeyimiz belədir ki, Suriyada hazırda demokratik dəyişiklik uğrunda proses demək olar ki, yoxdur, xaosa və ölkəni parçalamağa, radikal qüvvələri iqtidara gətirməyə, "Taliban" modelini təkrarlamağa yönəli sürəc var. Təbii ki, biz bundan narahatıq və görmək istədiyimiz - xalqın sərbəst iradə ifadəsinin təminini ehtiva edən bir demokratik prosesdir. Və demokratiya uğrunda hərəkat imitasiyası ilə, sistemli dezinformasiya siyasəti yürütməklə, yaraqlıların həqiqi məramlarının gizlədilməsi ilə "Taliban" mahiyyətli qüvvələrin hakimiyyətə gətirilməsi cəhdlərini pisləyirik.
Onu da qeyd edək ki, bu, bizim Suriya böhranının gedişatı boyu dəyişməyən mövqeyimizdir və hər hansı KİV ilə ünsiyyətdə məhz bu baxışlarımızı və qiymətləndirmələrimizi çatdırmışıq. Və müvafiq olaraq, adımızdan verilən bundan fərqli hər hansı iddialar həqiqəti əks elətdirmir.

Hacı İlqar İbrahimoğlu/deyerler
1761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber