Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2015

“ Müəssisədə heroin açıq şəkildə, tum kimi satılır“

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cavanşir Orucov “Azadlıq”a məktub göndərib.

Cinayət Məcəlləsinin 120.2.4 maddəsiylə 14 il 10 ay müddətinə azadlıqdan məhrum edilən C.Orucov məktubda yazır: “7 saylı Cəzaçəkmə Müəssisəsinin rəis əvəzi Xaləddin Əsədov və müavini Mehman Əliyev məhkumlara maddi-mənəvi zülm edirlər. Bu məktub vasitəsilə səsimizi xalqa, daha sonra isə səlahiyyətli orqanlara çatdırmaq istəyirəm. Müəssisədə baş alıb gedən hadisələri, eləcə də başıma gətirilənləri qismən qeyd edirəm.

Xaləddin Əsədov və Mehman Əliyevin vaxtında öncələr gizli satılan narkotik maddə heroin indi açıq şəkildə, tum kimi satılır. Narkomanlar arasında “SPID”ə yoluxanların sayı gün-gündən artır. Bir neçə ildən sonra bu xəstələr azadlığa çıxanda daha neçə adamı xəstəliyə yoluxduracaq. Müəssisədə rüşvət o həddə çatıb ki, rəislə müavini imkan olsa, tualeyti də pulla edərlər. Hamamda çimmək pulladır, çünki hamamçı rəislə müavinə 1200 manat aylıq haqq verir. Başımızı, üzümüzü pulla qırxdırırıq. Bərbər ayda buna görə 200 manat haqq verir. Dərzi də pulladır, o da ayda rəislə müavinə 150 manat haqq ödəyir. Yataqxanalarda isə yerlərin qiyməti 50-800 manat arasında dəyişir. Hələ cərimə otağına düşməmək üçün də müxtəlif qiymətlər var. Dükanda satılan mallar od qiymətinədir, onun əksəriyyəti elə öz “payka”mızdır. Müəssisəyə dövlət tərəfindən verilən qazla iki istixana pomidor yetişdirib bir ədədini məhkumlara 50 qəpiyə çatırlar.

Mən 13 ildir cəza çəkirəm və Xaləddin Əsədovu 2007-ci ildən tanıyıram. Müəssisəyə yeni gələndə o, məhkumlar qarşısında çıxış edərək yalançı vədlər verdi. Dedi ki, kimin töhməti, rejim qaydalarını pozmaqda cəzası yoxdursa, təşəkkürnamə yazdırmaq üçün öz dəstəsinin təlim-tərbiyə üzrə dəstə rəisinə yaxınlaşıb dil tapsın. Rəisin bu sözündən sonra qaldığım 2-ci dəstədə dəstə rəisi, təlim-tərbiyə işlərinin təşkili şöbəsinin baş inspektoru Tacəddin Mənsimov məhkumları bir-bir çağırıb təklif etdi ki, müəyyən qədər rüşvət müqabilində onlara illik xasiyyətnamə və təşəkkürnamə yazsın. O, 30-40 manat vermək istəyən məhkumlardan 100 manat tələb etdi. Məni də çağırdı, 70 manatım vardı, az olduğu üçün götürmək istəməsə də, həmin məbləği birtəhər ona verdim. Lakin bir müddət keçsə də, mənə söz verdiyi xasiyyətnamə və təşəkkürnaməni yazmadı. Ondan verdiyi sözü yerinə yetirməyi, ya da 70 manatı qaytarmağı tələb etdim. O isə məndən və şikayətimdən qorxmadığını bildirdi. Martın 19-da bu barədə müəssisə rəisi və müavinə şikayət etdim. Qarşılığında onlardan məhkumların gözü qarşısında nalayiq sözlər və iftiralar eşitdim. Guya mən Tacəddinə pulu narkotik gətizdirmək üçün vermişəm. Mənim 33 yaşım var, indiyə kimi də siqaret belə çəkməmişəm. Əlaqədar qurumlardan xahiş edirəm, gəlib qanımı və başqa analizləri götürsünlər, rəis və müavindən mənim şərəf-ləyaqətimi alçaltmağın, nahaq yerə Qobustan həbsxanasına göndərmək istəmələrinin səbəbini soruşub araşdırsınlar. Bir dustaq kimi yox, ölkəsini sevən bir vətəndaş kimi müraciət edirəm, söylədiklərimə biganə yanaşmayın. Obyektiv araşdırma aparılsın və günahkarlar cəzasız qalmasın".
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı