Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Azərbaycanda ölmək də bahalaşdı

Benzinin qiyməti ilə birgə kirayə çadır və cənazə maşınlarının istifadə xərcləri də qalxdı... 


Azərbaycanda əminliklə “ölmək də bahalaşdı” deyə bilərik. Benzinin qiyməti bahalaşmaqla bərabər çadır bazarında da qiymətlər  qalxıb. Ötən gün paytaxtda reyd keçirən əməkdaşlarımız bu qənaətə gəlib. Bundan sonra ölü sahibi də mərhumla birlikdə “öləcək”  desək, yanılmarıq. 

Bakının çadır bazarı, molla pulu, qəbir yeri, cənazə mərasimi, məzar daşı kompleks olaraq hesablananda mərhumun yaxınlarının  halına, necə deyərlər, “fatihə” oxumaq lazımdır. Şəhərdə çadır biznesi olan məntəqələrə baş çəkərkən əldə etdiyimiz nəticələr belə  deməyə əsas verir ki, ötən günlərlə müqayisədə ölməyin də qiyməti bahalaşıb.  
“Əvvəl bir adam başına 50 qəpiyə yemək bişirirdilər. İndi 60-70 qəpikdən aşağı tapmazsan. Əgər istəyirsən ”zakaz" verək gəlsinlər.  Təxminən 150 nəfərlik yemək bişirmək 100 manat edir. Sizə nə vaxta lazımdırsa biz aşpaza deyək gəlsin" - “Əhmədli” metro stansiyası  yaxınlığındakı kirayə çadır verən satıcı Anar belə deyir.

Onun sözlərinə görə, əvvəlkinə nisbətən qiymətlər dəyişib və aşpazlar adambaşına 50 qəpikdən yas yeməyi bişirmirlər. Yas çadırının  qiymətinə gəlincə, Azər 170 manata kirayə verdiklərini söyləyir: “Bu qiymətə olan çadıra təqribi 120-140 adam yerləşir. Çayçı 20  manatdır. Hər ofisiantın zəhmət haqqı 15 manatdır. Bizdən 3 ofisiant gələcək. Bu da 45 manat edir. Qabyuyan 2 nəfərdir. Hərəsinə 15  manat verəcəksiniz”. 

Anarın sözlərinə görə, molla istəsək, yaxınlıqdakı Əhmədli kəndində məsciddən tapmaq mümkündür. “Gününə baxır da, kimin imkanı nəyə  çatır o qiymətə gedirəm. Belə qiymət 50-70 manat arasıdır. Hara getsən bu qiymətdir. İndi bax gör də, 70 manat verərsən, halal  xoşun olsun deyərsən. Sən vaxtını və yerini de, mən gəlim. Ancaq əvvəlcədən de işimi bilim” - molla Qədir bizə yas mərasiminə  getmək qiymətindən danışır. 
Onun dediyinə görə, yaxınlıqda çadır bazarı, cənazənin yuyulması üçün yer və məzar daşı sifariş verməyə obyekt var.

Mollanın göstərdiyi ünvanlar bir-birinə yaxındır. Əhmədli kəndinə gedən yol üstündə ölü yuyan yer və məzar daşları sifariş verilən  məntəqə yerləşir. Hazırda ölü yumaq 50 manatdır. Məzar daşı isə keyfiyyət, ölçü və daş seçimindən asılıdır. Adətən cavan həyatdan  gedən adamlara qoyulan qara daşın hazırlanması 500-700 manat arası dəyişir. Hətta 1000 manata belə daş sifariş vermək olar. 
***
“Əjdər bəy” məscidi (Göy məscid) yaxınlığında da qeyri-rəsmi şəkildə çadır bazarı fəaliyyət göstərir. Bir müddət öncə bu biznesin  öz adına çıxarılmasına etiraz edərək bazarın yığışdırılması üçün daxili işlər nazirinə müraciət edən Qafqaz Müsəlmanlar İdarəsi  (QMİ) sədrinin arzusu həyata keçməyib. Şeyx Allahşükür Paşazadəyə məxsus olduğu deyilən çadır biznesi hələ də öz işini davam  etdirir. Məscidin yaxınlığında çadır xidməti göstərən məntəqələr var. Onların qarşısında çadır daşıyan xidmət maşınları,  xalça-palaz, cənazə daşıyan qara avtomobillər düzülüb. 

“Qardaş, qiymət bir az bahalaşıb. Bax adi çadırların qiyməti 400-600 manat idi. İndi 500-800 manatdan aşağı yoxdur. Bizlik deyil.  Həm ümumi bazarda bahalaşma var, həm də vəziyyət buna diktə edir. Özün bilirsən ki, bu işdə gərək yalançı olmayasan. Nə var onu  deyirəm. Qiymət qalxıb. O gün biri gəldi hörmət elədik, 650 manata verdik, qab-qacaq, xidmət da daxil. Lap ucuz istəyirsənsə, 350  manatdan başlayan çadırlar var. Ancaq sənə bu qiymətə daxil qab-qacaq yuyan, yemək bişirən, çayçı-ofisiant verə bilməyəcəyəm” -  çadır taciri Hacı Vahid bizimlə söhbətdə belə deyir.

Hacı Vahid qabyuyanın gününü 35-45, çayçının gününü isə 50 manata təklif edir: “Belə də ki, imkanın yoxdur, canın sağ olsun. Götür  çadırı get, qohum-qonşu kömək eləsin də. Gərək elə çayçı, qabyuyan tutasan? İmkan yoxdur başa düşürəm. Sənə qabyuyanı 30 manata,  çayçını da 45-dən verərəm. Bundan o yanası yoxdur”.

Ölməyin bahalaşdığı bir vaxtda buradakı çadır ticarətçiləri bizə VİP çadırlar da təklif edirlər. Zarafatyana Avropa standartlarına  uyğun və analoqsuz VİP salonların olduğunu deyən satıcı Nurlan içində nə istəsən olacağını vəd verir: “Bax yayda kondisioner, qışda  istilik sistemi. Çadırla birlikdə xidmətçilər, aşpazlar, qab-qacaq, çayçı, təmizlik işləri görən də daxil 2 min manatdır. Bu dəqiqə  həmin çadırları biz Türkiyədən və Çindən gətirdirik”. 
Nurlan müştərilərin əvvəlkindən az olduğunu deyir: “Bura düzü imkanlı adamlar gəlir. Tək yas mərasimi üçün yox. Kimisi  Məhərrəmlikdə, Ramazanda ehsan verir. Bəlkə indi siz də görmüsüz, şəhərin yaxşı yerində yekə ”palatka" qururlar. Varlılardır  kasıb-kusuba ehsan paylayırlar. Həmin adamlar gəlib bizdən çadır alırlar. Bir prokuror var, adını demirəm valideynin hüzrünə burdan  VİP salon aparmışdı. Sonra bir-iki deputat, polis rəisi gəlib. Məşhur yerdir axı?! Ona görə uzağa getməyib burda gəlib götürürlər".
Cənazə maşını xərci də bahalaşıb. Əvvəl 100-120 manata olan bu vasitə indi 150 manatdır. Ehtiram adlı şəxs deyir ki, benzinin  qiyməti qalxıb, bu da təsir edir. Rayonlara daha çox sifariş olduğunu söyləyən Ehtiram 1 kilometrə 1 manat 20-30 qəpik düşdüyünü  dedi: “Benzin qalxıb, ölü aparmaq da bahalaşacaq da. Bakıdan bir rayona getmək-qayıtmaq, şoferin yol xərclərini, yeməyini-suyunu,  zəhmət haqqını hesabla, 150 manatdan ortada heç nə qalmır”. 

Qısası, hökumətin benzin bahalaşması hüzr mərasimi xərclərinə də real təsirini göstərib. Belə yerdə bilmirsən yıxılıb öləsən,  yoxsa.../musavat/








2064 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45