Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Gülər Əhmədovanın “3 ilinə” reaksiyalar gəldi

Müzəffər Baxış: “Əgər o, heç bir cinayət törətmədiyini deyirsə, ona 62-ci maddəni tətbiq etmək qeyri-mümkündür”; Ayxan Məmmədov: “Demək ki, bu cəzaya layiq idi də...”

Məmməd Zeynalov: “Məqsəd də Elşad Abdullayevdən ”niqadyay" düzəltmək idi"

Sabiq deputat Gülər Əhmədova barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsi qərarı  fərqli reaksiyalara səbəb olub. Ailə üzvləri düşünür ki, prokurorun çıxışında, habelə hakimin elan etdiyi hökmdə G.Əhmədova  barəsində heç bir sübut ortaya qoyulmayıb. Səthi işlənmiş cinayət işi əsasında sabiq deputata 3 il cəza verildiyini düşünənlər var.  Amma eyni zamanda insanlar arasında “o ki, ona 3 il iş veriləcəkdi, işinə niyə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı”, “1  milyon manatlıq dələduzluğa görə də 3 il iş verərlər?” kimi fikirlər səslənir. Bunun nə qədəri “obavatel” yanaşması, nə qədəri  hüquqi biliklərə söykənir, deyə bilmərik.
Amma hüquqşünas Müzəffər Baxış G.Əhmədovaya qarşı irəli sürülən ittihamlar və verilən cəzanın hüquqi şərhini verdi. 


Onun sözlərinə görə, G.Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə ittiham veriblər və məhkəmə zamanı da  ittihamda heç bir dəyişiklik olmayıb. Müsahibimiz sözügedən maddələrin ağır cinayətlər kateqoriyasına aid olduğunu bildirdi:  “Sadəcə olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları tətbiq edilməklə ona qanunda nəzərdə tutulduğundan da yüngül cəza  təyin edilir. Mütəsna hallar olanda 62-ci maddə dövriyyəyə girir. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu halların  məcmusu müstəsna hal hesab edilə bilər.  178.3.2. maddəsində aşağı hədd cəza 7 ildir. Cəza olaraq 7 ildən 12 ilə qədər cəza nəzərdə  tutulub. Əgər 62-ci maddəni tətbiq etməsəydilər, ona 7 ildən aşağı cəza təyin edə bilməzdilər. Cinayətin təsnifatına onun heç bir  aidiyyəti yoxdur. 178.3.2-ci maddədə nəzərdə tutulan cinayət ağır cinayətdir”. 
“Cəza verilən maddələrə adekvatdırmı” sualına cavabda M.Baxış dedi ki, Azərbaycan kimi ölkələrdə belə məsələlərə şərh vermək  çətindir. Onun sözlərinə görə, burada nə məhkəmə hakimiyyəti, nə qanunun tətbiqində dəqiqlik və dürüstlük mövcuddur: “Azərbaycanda  məhkəmələr siyasi sifarişlə bu və ya digər işləri həyata keçirir. Görünür, bu məsələdə də onlara verilən siyasi sifariş əsasında  qərar qəbul ediblər. Əgər Gülər Əhmədova hesab edir ki, heç bir cinayət törətməyib, bu halda 62-ci maddəni ona tətbiq etmək  qeyri-mümkündür. O zaman hansı müstəsna halları əsas götürürsən? Nəyi tətbiq edirsən? Bu adam deyir ki, cinayət törətməmişəm. Əgər  desəydi ki, cinayət törətmişəm, filankəslər də mənimlə birgə cinayət törədib, o zaman bu, başqa məsələ olardı və bunu nəzərə almaq  mümkün idi. Amma bu, əsas deyil. Onun törətdiyi cinayət əməlində 1 milyon 500 min dollar pul məbləğindən söhbət gedir. Mən məhkəmə  təcrübəsində elə hallar tanıyıram ki, dələduzluğa görə - kimsə kiməsə 10 min manat ziyan vurubsa, ona G.Əhmədovanın cinayət işinə  baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi 11 il azadlıqdan məhrum etmə cəzası verib. Həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib,  himayəsində 5 azyaşlı uşağı var, digər yüngülləşdirici hallar var. Amma məhkəmə bunları nəzərə almayıb. Çünki həmin şəxsin maddi  imkanı yoxdur ki, məhkəməyə nəsə versin, onu nəzərə alsın. Yəni belə hallar, misallar göstərmək olar. Elə Gülər Əhmədovanın işinə  baxan hakimin verdiyi hökmlər barəsində onu göstərmək olar ki, ondan da az ziyan vuran şəxslərə daha ağır cəzalar təyin edilib. Ona  görə də bunu ancaq onunla əlaqələndirmək olar ki, onlar bunu siyasi sifarişlə qəbul ediblər”.


Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə bildirdi ki, əgər G.Əhmədovaya 3 il həbs cəzası verilibsə, deməli, ona da layiqdir:  “Hələ yaxşı ki, türmədən buraxmayıblar. Məsləhət olsa, daha az cəza verilərdi. Balaca uşağını nəzərə alıblar çox güman ki. Uşaq da  yazıqdır axı”. 

Bu arada G.Əhmədovanın məhkəməsində barəsində tez-tez danışılan, S.Babayeva, Tavat Şirinovanın da iştirakçısı olduğu  videomaterialın çəkilmə tarixçəsi barədə ilginc detala toxunaq. “Yeni Müsavat” ötən il bu zamanlarda Dilarə Əliyeva adına Qadın  Hüquqları Müdafiə Cəmiyyətinin ofisində, hüquq müdafiəçisi Məmməd Zeynalovun iştirakı ilə baş tutmuş çəkiliş barədə tərəfləri  danışdırmışdı. Publika.az aradan bir il keçəndən sonra bu tərəfləri yenidən danışdırıb və ortaya ilginc təfərrüatlar çıxarıb.  Novella Cəfəroğlunun sözlərinə görə, sözügedən video televiziyada yayımlanıb, ofisə gələn 3 müəllim ABU-da işlədiklərini və  E.Abdullayevin qanunsuzluqlarından şikayətçi olduqlarını deyiblər: “Orda Gülər xanımın adı çəkilməyib. Ancaq Elşad Abdullayevin adı  çəkilib. Biz də dedik ki, bunları bizə yox, gedin müvafiq orqanlara deyin. Mən onlarla üzbəüz görüşməmişəm. Bizim hüquqşünas Məmməd  Zeynalov görüşüb, detallarını da o bilir”.

M.Zeynalov isə bildirib ki, adı çəkilən şəxslər Elşad Abdullayevin G. Əhmədovanın videosunu yaymasından bir gün əvvəl onların  ofisinə gəlib: “Video yayılmamışdan əvvəl Gülərdə məlumat olub ki, prokurorluqda belə bir video var. Və bir neçə günə ictimaiyyətə  açılacaq. O şəxsləri də- Sevinc Babayeva idi, Lyudmila idi, bir də bir qadın var idi (Tavat Şirinovanı nəzərdə tutur-red.)- Gülər  Əhmədova bizim yanımıza göndərmişdi. Bu videonun yayılacağını bildiyi üçün əvvəlcədən Elşad Abdullayev haqqında mənfi rəy  formalaşdırmağa çalışırdı ki, videonun effektini azaltsın”.

Həmin şəxslərin nədən danışdıqlarına gəlincə, M. Zeynalov bildirib ki, onlar Elşad Abdullayevin rüşvət aldığından, cinayətkar  olduğundan danışıblar: “Gülər onlarla birlikdə bir operator da göndərmişdi ki, görüş lentə alsın. Gələnlər Elşad Abdullayevin  işçiləri idi. Deyirdilər ki, Elşad belə dağıtdı, belə yedi. Tələbələrdən diplom üçün pul alıb, amma diplomları verməyib. Bu işə  onları da cəlb edib. Sonda isə özü qaçıb, hər şey bunların üstündə qalıb. Ziyana düşənlər də onlardır. Gülərin məqsədi Elşadın  yanında işləyənlərin dili ilə Elşad haqqında pis fikir formalaşdırmaq və onu zərərsizləşdirmək idi. Özü də məlum videonun  yayılmasından bir gün əvvəl bu olmuşdu. Hər şey quraşdırma idi. Məqsəd də Elşad Abdullayevdən ”niqadyay" düzəltmək idi. Mən də  dedim ki, prokurorluğa yazın, bu işlə onlar məşğul olsunlar". /musavat/
1673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...