Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Bir gözü heç görmür, digərində görmə 10 faiz: onu əsgər aparmaq olar?...

"Bizim Yol"un 23 və 26 iyun saylarında Cəlilabad rayonu Göytəpə şəhər sakini Əli Mehdiyevin oğlunun qarşılaşdığı vəziyyətlə bağlı şikayətini yayımlamışdıq. Ülvi Mehdiyev uşaqlıqdan mürəkkəb astiqmatizm xəstəliyindən əziyyət çəkir. O, 18 yaşına kimi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatda olub. Vaxtaşırı müalicə üçün mərkəzə gedən Ü. Mehdiyev həddi-buluğa çatdıqdan sonra əsgər çağırılıb.

Dəfələrlə komissiyada yoxlanışdan keçən Ülvinin xəstəliyini bütün həkimlər təsdiqləsələr də, ona bununla bağlı hər hansı bir akt təqdim etmirlər. Bununla belə, mürəkkəb astiqmatizm xəstəsi olan gəncə iyul ayının 6-sı üçün hərbi xidmətə çağırış vərəqəsi gəlib. "Cəlilabadakı komissiya xəstəliyi təsdiq etmir. Nə hərbi xidmətə yararlı olduğunu deyirlər, nə də yararsız. Milli Oftalmologiya Mərkəzindən gətirdiyim sənədi isə əsassız hesab edirlər. Halbuki, orada həkimin ştampı, imzası var. Bu sənəd necə əsassız ola bilər? Əgər oğlum hərbi xidmətə yararlı idisə, nəyə görə 7 ay bu işi uzatdılar? Əgər vaxtında getsəydi, indiyə qayıdardı. Ancaq oğlumun gözlərində problem var. O, eynəksiz gəzə, hərəkət edə bilmir. Bununla belə hərbi xidmətə aparmaq istəyirlər", -deyir atası.
Ə.Mehdiyev bildirir ki, problemlə bağlı Müdafiə Nazirliyinə müraciət edib, ancaq nazirlikdən bildiriblər ki, onun oğlu ilə bağlı olan bu məsələ Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aiddir: "Mən də şikayətimi bildirmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə getdim. Bildirdim ki, oğlumun bir gözü tamamilə görmür, digər gözündə isə 10 faizlik görmə var. Məgər belə şəxs əsgər kimi xidmət edə bilər? Mənə bildirdilər ki, onlarda normativ -6-dır. Mən də dedim ki, onsuzda oğlumu əsgər aparsalar da, hərbi hissədən geri qaytaracaqlar. Çünki o, eynəksiz, dərmansız hərəkət edə, görə bilmir. Dedilər ki, "ona Müdafiə Nazirliyi baxır, bizlik deyil". Mən də deyirəm ki, bəs niyə Səfərbərlik Xidməti Hərbi Həkim Komissiyasına heç nə demir? Niyə demir ki, bu uşaq bu vəziyyətdə necə əsgər gedəcək? Oğlum onsuz da 25 yaşında əməliyyat olunacaq. Ona kimi möhlət versinlər, ondan sonra normal vətəndaş kimi gedib hərbi borcunu yerinə yetirər".

Ülvinin atası deyir ki, uzun müddət danışıqdan sonra oğlunun ad və soyadını qeyd edib götürüblər. Ancaq dərdli valideyn bu işin həll olacağına inanmır: "Ad-soyadını yazıb götürdülər. Dedilər ki, çalışarıq nəzarətimizdə olsun. Guya oğlumu elə bir hissəyə salacaqlar ki, orada qulluq edə biləcək. Mən başa sala bilmirəm ki, mənim oğlum 2 dənə eynək gəzdirir, dərmansız tərpənə bilmir. O necə qulluq edəcək? Dedilər ki, baxarıq, fikirləşərik. Komandaya getməsini söylədilər. Guya komandaya düşəndən sonra Müdafiə Nazirliyinin nəzdində olacaq və yoxlama aparılacaq. Əgər normativə uyğun olmasa, geri göndərəcəklər. Onların dediyi -6 normativindən Ülvidə 0.25 çatmır. Mən başa düşə bilmirəm, yəni dövlətimiz belə acımasızdır? İkicə il onun sağlamlığına qovuşmasını gözləyə bilmir? Oğlum əsgər getsə, onun başına xəstəliyi üzündən bir iş gəlsə, kim cavab verəcək? Kim cavabdeh olacaq olanlara?".
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber