Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2015

“Bunu Allah götürməz!” - Aslan İsmayılov

"Real Azərbaycan isə bu günlərdə banka olan kredit borcuna görə həyatına qəsd etmiş 23 yaşlı gənclərdən ibarətdir"
"Bu gün öz həyatlarına qəsd edənlər sabah üsyana qalxıb onları bu günə salanların həyatlarına qəsd edəndə fəlakət onda başlayacaq"



Tanınmış hüquqşünas Aslan İsmayılov Bərdədə kredit borcuna görə özünü körpüdən asaraq intihar edən 23 yaşlı gəncin aqibətindən nəticə çıxarmalı olan qurumlara və şəxslərə xəbərdarlıq edib:

"Dəfələrlə Azərbaycan hakimiyyətinə müraciət edib bildirmişəm ki, Azərbaycan tək Prezident Administrasiyasından Zaqulba bağına qədər olan yoldan və onun kənarındakı çilçıraqdan ibarət deyil. Azərbaycandakı real həyatı görmək istəyirsinizsə uzağa getmək lazım deyil. Sadəcə həmin yolun kənarındakı hasarın o biri tərəfinə baxmaq kifayətdir ki, ölkədəki səfaləti, acınacaqlı durumu görəsiniz. Əlbəttə, əgər tək bir yolla gedib sonra Zaqulbadakı bağlarda yaşayacaqsınızsa, həmin kompleksdə böyükdən uşağa qədər yaradılmış gözəl şəraitdən sonra bütün Azərbaycanı cənnət hiss edəcəksiniz. Çünki, nə sizin, nə də həmin kompleksdə yaşayan digər ailələrin real Azərbaycan şəraitindən xəbərləri belə yoxdur.
Real Azərbaycan isə bu günlərdə banka olan kredit borcuna görə həyatına qəsd etmiş 23 yaşlı gənclərdən ibarətdir. Bu günə qədər neçələri özləri bank soyğunçuluğuna görə asdı, yandırdı, körpülərdən atdı... Ən dəhşətlisi budur. İnsan həyatına qəsd etdiyi yerdə artıq sözə, tənqidə, müxalifətə ehtiyac yoxdur. Dəhşət buradan başlayır. Birincisi, bunu Allah götürməz. İkincisi, bu gün öz həyatlarına qəsd edənlər sabah üsyana qalxıb onları bu günə salanların həyatlarına qəsd edəndə fəlakət onda başlayacaq. Zənn edirəm ki, bunu başa düşənlər var. Əgər elə olmasa Azərbaycanı silkələyəcək Saray qəsəbə bələdiyyə sədrinin özünün və həyat yoldaşının qətli ört-basdır edilməz, məlumat KİV - lərdən gizlədilməzdi.

P.S. Hələ gec deyil, qəflət yuxusundan ayılın, sonra gec olacaq.
3152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber