Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2015

“Bu ölkədə təkcə vəkil yox, vətəndaş olmaq çətin sənətdir”

Vəkillər Kollegiyasından uzaqlaşdırılan Xalid Bağırov bu qərarı ədalətsiz və əsassız sayır

İyulun 10-da Nizami Rayon Məhkəməsi vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması haqda qərar verib. Məhkəmə Vəkillər Kollegiyasının iddiası əsasında belə bir qərar çıxarıb.
Qurum ötən ilin dekabrında Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam vermişdi. Səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsindəki çıxışı göstərilmişdi. Vəkil özü o zaman mətbuata demişdi: “Ilqar Məmmədovun vəkili olaraq Şəki Apelyasiya Məhkəməsindəki çıxışımda ”Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı" demişdim. Kollegiya bu hissəni dövlətçiliyə qarşı çıxış, vəkilliyi nüfuzdan salmaq kimi qiymətləndirib".
Bundan sonra Kollegiya onun vəkilliyinə xitam verib və məhkəməyə müraciət edib.

“Bizi biz edən əməllərimizdir...”

Xalid Bağırov məhkəmənin qərarı haqda “Azadlıq” radiosuna bunları deyib: “Iki gündür hamı məndən bu qərara münasibətimi öyrənir. Hər halda, bu qərarı alqışlamıram, sevinmirəm. Ədalətsizdi, əsassızdır və qəbul etmirəm.
- Bəs bu qərardan şikayət edəcəksizmi?
- Qərarı aldığım gün apelyasiya şikayəti verəcəm. Bunların qərarının məzmunu odur ki, məni vəkillikdən uzaqlaşdırsınlar. Təbii ki, mülki işlərlə məşğul olmaq imkanım olacaq. Amma mənim əsas sahəm o deyildi axı.
- Vəkillikdən uzaqlaşdırıldığınızı biləndə nə fikirləşdiz?
- Vəkillikdi edirdik. Amma ən önəmlisi bu deyildi. Ən önəmlisi o idi ki, bir Xalid Bağırovuyduq. Harda olmağımızdan, nəylə məşğul olmağımızdan asılı olmadan Xalid Bağırov olaraq qalmaqda davam edəcəyik. Bizi başqalarından fərqləndirən, bizi Xalid Bağırov edən bizim daşıdığımız status, vəzifə, peşə, ixtisas deyildi. Bizi Xalid Bağırov edən əməldi, harda olsaq da Xalid Bağırov olaraq qalacağıq. Qoy başqaları narahat olsun ki, vəzifədən atılandan sonra heç kimə çevrilirlər. Mən o qədər narahat deyiləm. Yoluma da davam edirəm.
- Siz son iki-üç ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan yeganə vəkil deyilsiz. Demək olarmı ki, dairə daralır və yaxın zamanlarda azadfikirli vəkillər Kollegiyada tək-tük olacaq?
- Inanmıram. Bir çoxlarımız Azərbaycandakı durumdan gileyliyik, xalqdan, millətdən də gileyli ola bilərik. Amma Azərbaycan unikal yerdir. Burda müqəddəs yer boş qalmır. Xədicəni tutdular, ancaq yerinə xeyli jurnalist gələcək, yeniləri yetişəcək. Bizim yerimizi də başqa vəkillər tutacaq. Sabah meydana inanmadığımız, görmədiyimiz yeni insanlar çıxacaq. Onlar vəkillik edəcəklər, başqa jurnalistlər çıxacaq. Hər zaman bu ölkədə müqavimət hissi olacaq. Hər zaman bu ölkədə sözünü deyəcək insanlar olacaq. O cümlədən də vəkillər.
- “Azərbaycanda vəkillik getdikcə çətin sənətə çevrilir” deyənlər sizcə, nə qədər haqlıdırlar?
- Təkcə vəkillik yox, vətəndaş olmaq çətin sənətdir. Təkcə vəkilliyə aid etməyin.
- Vəkillər arasında həmrəylik varmı? Sizə dəstəyi görürsüzmü?
- Hər kəsə təşəkkür edirəm, bütün dostlarıma. Çoxlu zəng alıram, yazılar yazılır. Hər kəsə təşəkkürümü çatdırırıam. Mən o qədər narahat deyiləm. Məndə hər şey qaydasındadır. Düşünməsinlər ki, ağır günlər keçirirəm. Bu qərarı bilirdim, bu qərarı gözləyirdim.
- O zaman Xalid Bağırov olaraq yola davam edəcəksiz? Amma vəkil olmadan...
- Yoluma davam edacəm. Avropa Inasan Haqları Məhkəməsinə iş aparmaq imkanım əlimdən alınmayıb. Onları aparacam, vəssalam.
- Amma həmkarınız - hüquqşünas Intiqam Əliyev də bir vaxtlar Avropa Insan Haqları Məhkəməsində Azərbaycan hökuməti əleyhinə işlər aparırdı və bir çox hallarda onları udurdu.
- Problem yoxdur.
Xatırladaq ki, Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınıb. O Leyla və Arif Yunusların, Intiqam Əliyev, Ilqar Məmmədov, Yadigar Sadıqlı, Xədicə Ismayılova və bəzi NIDA-çı gənclərin vəkili olub./azadlıq/
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...