Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2015

Biz və ermənilər

Ermənistanda iki həftə davam edən aksiyalar bizim hökumətdəkiləri yaman sevindirib. Ovunmurlar. Bu sevincə sizlərdən də kimsə qoşulmuşdusa, yaxın oturun, bir az saf-çürük edək. Əvvəla yada salaq, erməniləri iki həftə küçələrdə saxlamağa vadar edən nə idi? Hökumətin enerji haqlarını qaldırması. Bütün dünyadakı, eləcə də Azərbaycandakı aksiyaların arxasında mübhəm bir sirr, “xaricilərin əli”ni axtaran hakimiyyət bu aksiyalara orijinal yanaşdı. Prezidentin köməkçisi Əli Həsənovdan sitat: “Ermənistandakı kütləvi aksiyalar cinayətkar və anti-xalq Serj Sərkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı erməni xalqının üsyanıdır”.
Əli müəllimin bu sözləri düppədüzdü, o qədər düz ki, təpədən dırnağa qədər onun təmsil elədiyi hakimiyyəti bəyənməyən mən də bu sözlərin altına imza atıram. Amma işin başqa bir tərəfi var ki, mən ona da toxunacam.
Yadınıza salın, görək bu hökumət dünyanın harasında baş verən kütləvi etiraz aksiyalarını beləcə tərif edib? Dünyanın istənilən yerindəki etiraz aksiyalarını bizim hakimiyyət başıpozuqluq, naşükürlük, özbaşınalıq kimi şərh edib. Eləcə də uzun illərdir Azərbaycanda keçirilən ən müxtəlif aksiyalara hakimiyyətin bir normal və adekvat cavabı, rekasiyası olmayıb. Onlara görə, etiraz aksiyaları murdar əməl kimi bir şeydir.
Biz bunu Gürcüstan inqilabı zamanı da görmüşük, Ukraynada da, eləcə də yaxın Şərqdəki etirazlarda da. Deməli, Əli Həsənovun sözü düz olsa da, niyyəti səmimi deyil. Necə deyərlər, o və onun təmsil elədiyi hakimiyyət ikili standartlara yol verir. Etiraz aksiyaslarayı pisdirsə, necə olur Ermənistana çatanda yaxşı olur? Bu belə.
Başqa maraq doğuran sual odur ki, bizim hakimiyyət Ermənistandakı aksiyalara sevinməkdə nə dərəcədə haqlıdı, doğrudanmı bu hal onların ürəyini açır. Şübhə edirəm və icazənizlə bu şübhəmi əsaslandırmaq üçün sözü bir hekayətə verək.
Deyirlər, bir nəfər tacir şahdan incik düşür. O gündən başlayır gündə 10 qoç qurban kəsib camaata paylayır. Deyir ki, ay camaat, bunu o niyyətlə edirəm ki, dua edin şah ölsün.
Bir gün bu xəbər şaha yetişir. Şah tacirin tutulub yanına gətirilməsini, onun boynunun vurulmasını ədliyyə nazirinə əmr edir. Edam məqamında tacir son söz üçün aman istəyir. Icazə verilir. Tacir deyir ki, şah sağ olsun, mən sənin ölümünü istəmişəm, düzdü, amma sənin bu qədər axmaq olduğunu heç bilməzdim. A kişi, sənin ağlın var? Mən bir nəfər gündə dua edirəm şah ölsün, ancaq o qurban əti yeyən yüz nəfər dua edir ki, Allah, şaha daha uzun ömür ver ki, bizə hər gün təzə ət nəsib olsun. Şah bu məntiqlə razılaşır və onu azad edir.
Bu hekayətdəki kimi camaat gözünə Əli Həsənov, onun yanındakılar da, Sərkisyan hakimiyyətinin zəlil günə düşməsi üçün dua edə, nəsə bəyanat səsləndirə bilərlər. Amma tam əmin olun ki, Ermnənistandakı bugünkü anti-xalq, korrupsioner rejimin qalması üçün gecə-gündüz dua edirlər. Ona görə ki, bizdəki rejimlə, Ermənistandakı rejim də mahiyyətcə çox yaxındılar, onları korrupsiya və başqa cinayətlər qardaşlaşdırıb, hər ikisi Qarabağ problemi ilə oynayıb vətəndaşları əzir, yaxşıca istismar edir.
***
Indi isə keçək Ermənistan aksiyasından alınacaq dərslərə. Təkrar edim, o aksiyalar ölkədə enerji haqlarının qaldırılmasına görə başladı və düz iki həftə Yeravanın mərkəzində davam elədi. Azərbaycan hakimiyyəti sevincək bəyan edir ki, erməni rejimi anti-xalq recimidi, biz də razıyıq. Bu belədir. Ancaq gəlin sual verək: Hansı rejim daha çox anti-xalqdı. Iki həftə aksiyaların davam elədiyi ermənilərinki, yoxsa bir an da xalqına öz sözünü deməyə imkan verməyən Azərbaycandakı? Diqqət edin, Ermənistanin bir qram nefti, qazı yoxdu. Azərbaycan isə dünyaya neft-qaz satır. Amma nə hikmətdirsə, Ermənistan hakimiyyətinin enerji haqlarını bahalaşdırması anti-xalq hərəkəti adlanır, bizimkilər isə bu addımını xalqa canıyananlıq. Gülməlidi.
Ermənistanda əhalinin hökumətin talançı addımına qarşı etiraza qalxması o xalqın bəxtəvərliyidi. Geniş düşünəndə dövlətin də uğurudur. Çünki o cəmiyyət, o dövlət güclü sayılır ki onun vətəndaşlarında etiraz gücü olur. Vətəndaş əzilməsi ilə barışmır. Azərbaycan insanı barədə bunu deyə bilirikmi? Azərbaycanda ictimai fəallığı olan nə qədər insanı Əliyev rejimi şərləyib həbsxanaya atıb. Bu gün Qarabağda can qoyan qazilərimiz Tofiq Yaqublu, Qadir Xudabaxşıyev kimi ictimai-siyasi fəallar, xalqın dərdini deyən oğullar şərlənərək zindanda yatır. Bunların nəticəsi olaraq xalqımız elə gündədi ki, bizdə enerji haqları bahalaşanda göz yaşı axıtmaqdan başqa əlindən heç nə gəlmir. O qədər ailələr tanıyırqı ki, işiqpulu verə bilmir, qaranlıqda oturur, evində qazı yoxdu, soyuqdan donur. Amma buna baxmayaraq çıxıb dünyaya neft-qaz satması ilə qürrələnən yarıtmaz hökumətə etiraz edə bilmir. Bunun necə bir faciə olduğunu bilirsinizmi? Kim mənə qarantiya ver bilər ki, öz təbii haqqını, evinin, ailəsinin ən elementar ehtiyacını tələb etmək cəsarətində, gücündə olmayan insan sabah vətənin taleyi ilə bağlı ortaya çıxacaq daha ciddi ümumxalq işində rol oynayacaq? Bu mümkünsüzdür. Azərbaycan insanını bu cür zəlalətə, məzlum hala salan da bir başqası və yaxud ermənilər yox, əlihəsənovlar, bugünkü hakimiyyətdir. Illər vardı ki, Azərbaycan xalqı meydanlarda göstərdiyi rəşadətə görə dünyanın ən qəhrəman xalqı adını almışdı. Bu addan bizi məhrum edənlər indi iş başındadılar. Özü də Ermənistanda yox, öz ölkəmizdə. Məhəmməd Hadi yüz il qabaq azərbaycanlıları öz evində qərib olanlar adlandırmışdı. Biz qəriblərin öz evimizə sahib olmasının məqamı nə zaman gələcək? Ermənistanı cəhənnəm olsun, biz bu qəribliyi çiynimizdən atmaq istəyirik, ya yox? Son yazımda (“Elçibəydən inək istəmək azadlığı”) qaldırdığım məsələni bir daha vurğulayıram: Biz özümüz xalq olaraq, bizi talayanlara, istismar edənlərə heç olmaya kövrək formada etiraz etməyi istəyirik, ya yox?

Natiq Güləhmədoğlu/azadlıq
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55