Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Siyasi abortdan sağ çıxanlar

İddiası yekəlikdə cılız bizlər

Maraqlıdır ki nə üçün dövrümüzdə məsələn Höte kimi dahilər yetişmir? Öz timsalımda bu suala cavab axtarıram. Nə üçün bir ömürdür yazırsan, amma sanballı bir şey alınmır? Cavab əlimdədir: çünki sən yazmaq üçün oxuyursan. Çünki Tolstoy birinci dünya müharibəsindən keçib yazıb “Hərb və sülhü”. Sənin isə qulağının dibindəki Qarabağdan yazdıqların gördüklərin deyil, yazmaq üçün Google-dən öyrəndiklərindir. Hötelər onların təfəkkürünü çirkaba bulaşdıracaq hər nədən – vəzifə, pul, qadın, bir sözlə, dünya matahından azad olub azad söz deyiblər. Səninsə mənsubiyyətin var: milli mənsubiyyət, dini mənsubiyyət, dünya malı və şan-şöhrətə mənsubluq. Kimsə, haradasa deyir ki, “filankəs bizim adamımızdır”. Sənə (ya mənə) mənsubiyyət şəkilçisi qoşublar, azadlığını alıblar. Özün kimi sözlərin də kölədir. Özümü o qədər böyük görürəm ki, ən aşağı iddiam prezidentlikdir. Allahın da işlərinə qarışıram. Allah dünyanı yaradıb, dünya haqqında söz deyir. Mənsə dünyanı dağıdıb dünyadan dünışıram. Qorxmuram söz və əməlimə Allahın nə deyəcəyindən. Əslində isə “mən” sözü dilinə gələn hər birimiz Səddam, Qəddafi kimi cılızıq. Dünən allahlıq edib bu gün təpik altda it kimi zingildəyənlərin aqibəti bizi də gözləyir.

Bu Azərbaycanda hər şey tapılır

Deyirlər Azərbaycanın relyefi də, iqlimi də rəngarəngdir. (Bütün bunları yaza-yaza oxuyuram) Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu zolaqda yerləşir. Günəş radiasiyası, atmosfer sirkulyasiyası, coğrafi enlik, relyef, dəniz və okean cərəyanları hərəsi bir boya vurub iqlimimizə. Azərbaycanın əksər ərazisi subtropik iqlim qurşağındadır. Təkcə Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağına daxildir. Keppenə görə yer üzündəki  11 iqlim tipindən 8-i bizdə var. Bəzi mənbələrdə isə 9 iqlim göstərilir:
-Qışı mülayim, yayı quraq, isti keçən yarımsəhra və quru çöl iqlimi
-Qışı soyuq, yayı quraq, isti keçən yarımsəhra və quru çöl iqlimi
-Qışı quraq keçən mülayim-isti iqlim
-Yayı quraq keçən mülayim-isti iqlim
-Yağıntıları il boyu bərabər paylanan mülayim - isti iqlim
-Yayı quraq keçən soyuq iqlim
-Qışı quraq keçən soyuq iqlim
-Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim
-Dağlıq tundra iqlimi 

Bəli, ab-havasına söz yoxdur bu torpağın. İqlimi kimi insanları, insanların tipləri, xarakterləri də çeşidlidir. Bu fərqlilik mədəniyyətdə, siyasətdə, hətta inanclarda müşahidə edilir. Bizdə bir partiyının eyni şöbəsində iki oxşar tapmaq müşkül məsələdir. Amma əksəriyyətdə belə bir təsəvvür var ki, Azərbaycan yeknəsəkdir, bombozdur, maraqsızdır. Burada qəribə bir şey yoxdur. Dünyanın bütün rəngləri toplanmış bağ-bağçada yuva qurmuş sərçə də hər şeyi bir rəngdə, daha doğrusu adi görür. Bu yanlış təsəvvürü yaradan adət, vərdiş, hər gün gözünü açanda eyni şeyi görməkdir. Amma bu adət heç nəyi dəyişmir. Azərbaycan koloritlidir. Azərbaycanın təbiətini, cəmiyyətini, siyasi kimliyini tanıyan adamı heç bir xəbər təəccübləndirmir. 

Mustafaya yaxınlaşıram

Azərbaycanda ara-sıra əksəriyyəti şoka salan bir xəbərə üç-beş nəfərin dodağı qaçır. Mətbuatda xəbər yayılır ki, filan ölkənin başçısı adam əti yeyirmiş. Deyirik pah atonnan! Amma aramızda xəlvəti gülən də var. Xəbər yayılır ki, filan ölkədə biri dağın başında hovuz, dənizin altda qala düzəldib. Deyirik pah atonnan! Yenə də kimsə xəlvəti qımışır. Axır xəbərlərdən biri bu oldu ki, Rusiyada abortdan sonra uşaq sağ qalıb. 940 qramlıq balaca varlıq hələ üç ay da anasının bətnində qalmalı imiş. Amma 14-cü həftədə 25 yaşlı qadın hamiləliyi pozmaq üçün Çin dərmanları qəbul etməyə başlayıb. Uşağın bətndə tərpənməsi belə onu bu qərarından daşındırmayıb. Beləcə 25-ci həftədə döl düşüb. Maraqlı burasıdır ki, döl sağ imiş! Bundan maraqlası nədir? Bindan maraqlısı aramızda bu xəbərə də gülənlərin olmasıdır. Gör Bakıda nə baş verib. Qeysəriyyə əməliyyatı ilə abortdan sonra məlum olub ki, döl sağdır! Əlbəttə ki bizdə belə xəbərləri dərhal təkzib edirlər. Guya təkcə iqlimimiz çeşidlidir, cəmiyyətimizsə buz kimi soyuq və ölüdür. Şamama Ələsgərova adına Kliniki Doğum Evinin reanimasiya şöbəsinin müdiri Qəhrəman Kəngərli dərhal xəbəri təkzib edib. Kəngərli bildirib: "Mətbuatda və televiziya kanallarında deyirlər ki, cərrahiyyə əməliyyatının nəticəsində döl çıxarılıb, ölü sayılan uşaq dəfn edilməsi üçün valideynə verilib, sonra isə döl hərəkət edib. Qadın uşağın hərəkət etdiyini görüb və ürəyi gedib. Bu qadın əgər əməliyyat olunubsa, o ya əməliyyatxanada, ya da reanimasiya şöbəsində olmalıdır. O bu hadisəni necə görə bilər? Bildirirlər ki, abort olunan 6 aylıq uşağın yaşamaq şansı var imiş. Bu ifadənin özü çox absurddur. Qeysəriyyə kəsiyi nə deməkdir, abort nə deməkdir? Axı bunlar fərqlidir. 6 aylıq hamilə qadınlarda qeysər kəsiyi əməliyyatı hamilə qadının həyatına təhlükə yaradan hər hansı xəstəlik olarsa, aparıla bilər. Bizim xəstəxanada belə bir hadisə olmayıb".
Kənkərlilər nə deməlidirlər?! Bizdə bir çox post sahiblərinin işi günün günorta çağı baş verən hadisələri inkar etməkdir. 
Bəli, abort sayına görə Azərbaycanın dünyada yeri var. Təki abortlar təkcə qadın üzərində aparılaydı. Bu ölkədə SİYASƏT ANA adlı birisi peyda olub. Ata-anadan bezən kim varsa qaçır onun qucağına. Bu ananın o birilərdən fərqi budur ki, qucağı ilə bətni birdir. Alır qucağına, sənə bir süd içirir ki, vücudundakı bütün paklıqlar, ülviliklər, müqəddəsliklər əriyib dönür iddiaya. İqtidardan başqa kimsəni 9 ay qucağında saxlamır. Üç ay-beş ay keçdi göndərir aborta, siyasi aborta. İndi ölkənin siyasi eşalonunda təpik döyənlərin çoxu siyasi abortdan keçənlərdir. Tanımaq istəyirsiniz? Bir xüsusiyyətlə tanıya bilərsiniz: onlar nə iqtidardır, nə də müxalifət. Bəli, müxalifətçilik iddiaları var. Amma iddia iddiadır, həqiqət həqiqət.

Fazil Mustafa kimdir?

Fazil Mustafa (Qəzənfəroğlu) 1965-ci ildə Naxçıvanda doğulub. Universitetin hüquq fakültəsini bitirib. Müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.
1992-1993-cü illərdə Elçibəy hökumətində Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Ə.Elçibəyin özəl təmsilçisi olub. 2003-cü Böyük Quruluş Partiyasını təsis edib. 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Rəngarəngliyə, dəyişkənliyə meyli adından da görünür. Fazil Mustafa onun üçüncü adıdır. Birinci adı Fazil Mustafayev, ikinci adı Fazil Qəzənfəroğludur. 
İqtidardadırmı? Zahirən yox. Müxalifətdədirmi? Zahirən və batinən xeyr! Əqidəsi nədir? Hamı nurçu sayır, özü isə yox.
Başlayaq Elçibəylə müştərək nöqtələrindən. "Amerikanın Səsi" radiosuna Elçibəyin İranda yaşayan azərbaycanlılarla bağlı ideyalarından danışıb:
“O, hamıya harada yaşamasından, hansı siyasi, ictimai və mədəni amallara xidmət etməsindən asılı olmayaraq, Azərbaycan xalqının dəyərli daşıyıcısı kimi hörmət edirdi. Əbülfəz Elçibəy Azərbaycan xalqının vahid əlifbasının olmasını, harada yaşamasından asılı olmayaraq vahid tarix, ədəbiyyat, Azərbaycan dili dərsliyindən istifadə etməsini istəyirdi… Güney Azərbaycan məsələsi onun düşüncəsində, anlamında, siyasi kursunda önəmli yer tuturdu. Bu məsələni müstəqil Azərbaycanın gələcək siyasi prioritetlərinin əsası kimi gördüyündən, bəzən siyasi lider kimi deyil, özünü bu məsələnin təbliğatçısı kimi təqdim edirdi. Bu, bəzən dövlətlərarası münasibətlərə zərbə vursa da, Güney Azərbaycandakı insanların hüquqlarının bir prezident tərəfindən müdafiə olunduğunu göz qabağına tutaraq bilərəkdən bunu dünyanın diqqətinə çatdırırdı. O problemə sırf insan haqları kontekstindən yanaşırdı. Əbülfəz bəy bildirirdi ki, İranda azərbaycanlılar çoxluq təşkil etsə də, onların dili, təhsili və mədəniyyəti inkişaf etdirilmir. Onların öz dilində məktəbləri, kitabları, media vasitələri yoxdur… Əbülfəz bəy deyirdi ki, Azərbaycan xalqının İranda yaşayan çoxmilyonlu hissəsi hələ müqəddəratını təyin etməyib. Çünki orada referendum keçirilməsinə imkan verilmir. Amma bir millət müqəddəratını bir dəfə təyin edə bilər. İranda yaşayan azərbaycanlılar da Azərbaycan xalqının bir hissəsi kimi öz müqəddəratına səs verməlidir”.
Siyasətə Azadlıq şüarları ilə gəlmiş Elçibəy və onun Fazil Mustafa zümrəsindən olan ardıcılları kursu tez dəyişdilər. O qədər tez ki, torpaqlar işğal altda qaldı, insanlar əsarətdə. Elçibəyin böyük ürəyində Heydər Əliyevə də yer tapıldı və hakimiyyəti sinidə təqdim etdi. Fazil Mustafanın azadlıq hərəkatından Türkiyəyə dönən yolu boşa çıxmadı. 

Fazil Mustafa “qaynar xəttdə”: “Birlik.az saytında əleyhimə gedən yazıların küləyinin hansı ölkədən əsdiyini söyləməyimə lüzum yox. Olsun! Bizim mübarizəmiz Azərbaycanın sağlam gələcəyi üçündür və bu yol daxildə də, xaricdə də xeyli insanları rahatsız edəcəkdir.
FB-də yazılan statuslarımda mən çox zaman siyasi kimliyimə də xələl gətirə biləcək fikirləri ifadə etməkdən çəkinmirəm, çünki əvvəl-axır bu yükü kimlərsə öz üzərinə götürməlidir. Bir şeylə razıyam ki, həqiqətən də mən bu xalqın tarixi köklərindəki yanlışlıqların yeni nəsil üçün düzəldilməsi üçün çalışıram və bu kökün qurdlardan, taxtabitilərdən təmizlənməsi üçün səy göstərirəm. Bu ölkədə siyasi hakimiyyətin icazəsi ilə də olsa, biznes maraqları ilə üst-üstə düşsə də, kimliyindən asılı olmayaraq bur rus, bir yəhudi, özünü şiə, nurçu, taliban, sələfi adlandıran kimsə, katolik, pravoslav olsun, alman, amerkan olsun - kim Azərbaycan övladı üçün modern və səviyyəli təhsil verən bir məktəb açırsa, onun əllərindən öpürəm. Kimlər ki, cəhalət, nadanlıq yayan məktəbləri himayə edirlərsə, onlara qarşı da barışmaz münasibətim var…
Məktəb açmağa imkanın yoxdursa, açanları təhqir etmə! Xalqın adından danışanlara da bir diqqət yetirin. Kiminsə ideologiyasından, tarixə baxışından, təriqətindən, məzhəbindən mənə nə? Öz Vətənimin tarixinə də, bu gününə də, gələcəyinə də öz baxışlarım var və xalqımın faydasına olan hər şeyi əsaslandıraraq ifadə etməkdən çəkinmirəm. Bu ölkədə modern məktəb açanları, övladlarımıza səviyyəli təhsil verənləri təhqir edənləri daha sərt ifadələrlə tanıtmaq lazım. Bizlər öz xalqımızın gələcəyi üçün bu qaragüruhun hücumları qarşısında susqun mövqe sərgiləməməliyik. Olan-qalan beş-on məktəbləri də bağlatmaqla cəmiyyətimizi daha da gerilərə atmaq istəyirlər…
Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz…
Biri var qanuni nikahdan doğulanlar, biri də var siğə yolu ilə dünyaya göz açanlar – bunlar çox fərqli şeylərdi. Yəni nikahdan doğulanlar, ümumiyyətlə, İlahi bir insan münasibətinin tənzimlənməsini həyata keçirirlər. Amma siğədən doğulanlar müvəqqəti nikahdan doğulanlar sayılır, onlarçün doğulma meyarı kimi, qiymətləndirmə meyarı da eyni formada olur...”

Hörmətli Hacı İlqar, gec deyil?

Dini fəallar arasında mübahisə mövzularından biri də bu olub ki, din, İslam, Əhli-Beyt məktəbinə qarşı çıxanlara cavab verilməlidir ya yox? Bir qrup mövqe ortaya quyub ki, biz bu tiplərə cavab verməklə onları məşhurlaşdırırıq və belələrini sükutla öldürmək lazımdır. Əzizim Hacı İlqar İbrahimoğlu da belə düşünənlərdən olub. Ağalar Məmmədov, Rafiq Tağı kimilərinin söyüşlərini sükutla qarşılayıblar, bu taktikanı daha münasib sayıblar. Amma başqa və daha böyük bir qrup söyüşçül müxaliflərə cavab verilməsini istəyib. Həqir bəndənin də mövqeyi bu olub ki, müsəlman, Əhli-Beyt (ə) məktəbinə bağlı, əhalisinin böyük əksəriyyəti müsəlman və şiə olan Azərbaycanda din, İslam və Əhli-Beytə qarşı bütün həqarətlərə dərhal cavab vermək, Azərbaycana 9-cu iqlimi gətirmək istəyənlərin ipini qırmaq lazımdır. 
Bəli, Hacı İlqar Fazil Mustafaya cavab verdi: “Cənab Fazil Qəzənfəroğlu! 2003-cü il idi. Bayıl türməsində “Ölüm korpusu”nda idik. “Yeni Müsavat” qəzetində Sizin məhbuslara dəstək yazılarınız çap olunurdu. Bir müddət sonra bəlli transformasiyaya uğradınız. Sonra Sizi əsasən Şah İsmayıla və Əhli-beyt (ə) məktəbinə yerli-yersiz hucumlarla xatırlayıram. Bu il də ənənənizə uyğun AŞURAya qarşı təəssüblə dolu yanaşmanızı ortaya qoydunuz. Buna reaksiya verməyi zəruri bildim. Və facebook-da 201 işarəlik statusla kifayətləndim.
Statusa nəzər salaq: “Elşad Mirinin və Fazil Mustafanın AŞURAya qarşı tutduqları qərəzli və əməvi ruhlu yanaşmalarını şiddətlə qınayıram. Bunu milli-mənəvi dəyərlərimizə, İslam vəhdətinə və qardaşlığa qarşı təzahür edilən bir hal kimi dəyərləndirirəm… Burada qeyd etməyi lazım bilirəm ki, Cəfəri müsəlmanları (ölkəmizin əksəriyyətini təşkil edən vətəndaşlar) Aşura münasibətilə əzadarlıq saxlamağı İslam mədəniyyətinin tərkib hissəsi bilirlər. Bu, Qurani-Kərimin Əhli-beytlə (ə) bağlı ayələrindən, üstəlik Məsum İmamların (ə) hər birinin Aşura münasibətilə bağlı əzadarlıq keçirdiklərindən qaynaqlanır. Siz Əhli-beyt (ə) məktəbinin ardıcılı kimi davranmaya bilərsiniz, amma bu məktəbin Aşuranı yaşatmaq mədəniyyətini aşağılaya bilməzsiniz – o cümlədən, “baş yarmaq, özünə ziyan vermək” kimi hipertrofik yanaşmalarla pərdələndirməklə belə. Yəni, müsahibənizin ruhu anti-Aşura olduğu halda, sadəcə, mübaliğələr silsiləsi ilə anlayışları əvəzləmək cəhdləri etdiyiniz göz önündədir. Amma, son yazınızda bunu inkar etməyə səy göstərmənizi müsbət hal kimi dəyərləndirirəm. Həmd olsun Allaha…”

Birlikdən cavab gəldi Fazil Mustafaya:
“Təcrübəli siyasətçi bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda məzhəb gərginliyini körükləyənlərin alətinə çevrilir… Deputat Fazil Mustafa nəhayət ki, olduğu kimi göründü. Son dövrlərdə Səfəvilər İmperiyasının qurucusu Şah İsmayıla, Azərbaycanda əhalinin böyük bir qisminin mənsub olduğu şiəliyə qarşı hücumları ilə sıx-sıx gündəmə gələn deputat, nəhayət, nifrətini büruzə verib. Özü də qədərindən, dərəcəsindən artıq formada, həm də qəzəbli və hikkəli. O qədər hikkəli ki, bütöv bir inanc daşıyıcılarını təhqir edəcək qədər…
F.Mustafa hər nə qədər təriqətçi olmadığını, nurçularla uzaqdan-yaxından əlaqəsinin olmadığını vurğulasa da, açıq şəkildə nurçuluğu müdafiə edir. İkinci tərəfdən, əgər dediyi kimi onu ittiham edənlər haqsızdılarsa və F.Mustafanın nurçuluqla əlaqəsi yox idisə, o zaman deputatın bu qədər narahat olmasına gərək yox idi. Uzun illərin təcrübəli siyasi xadimi, AXC-nin lider komandasında yer alan, yüksək dövlət vəzifəsi tutmuş partiya lideri kimi bu cür tənqidlərə də kəskin reaksiya verməyə bilərdi. Hər kəsə aydındır ki, siyasətçilərə bu cür hücumlar adi haldır.
Ancaq göründüyü kimi, F.Mustafa nəinki bir siyasətçi kimi ona yönəlik tənqid və özünün iddia elədiyi kimi təhqirləri daha biabırçı şəkildə cavablandırır. Üstəlik, təhqirlərlə yanaşı, özünü təmizə çıxarmağa, hətta ittiham olunduğu cərəyanı da müdafiə etməyə çalışır. Bu isə onun narahat olmasının, necə deyərlər ittihamın hədəfə dəyməsinin, nurçu olmasa da, təriqətçi, məzhəbçi olması və bu istiqamətdə zəif nöqtəsinin olduğunu sübut edir…
Deputatın Azərbaycanda şiəliyə qarşı açıq təbliğatı, eyni zamanda Azərbaycan tarixində mühüm yer tutan Səfəvilər dövlətini, onun banisi Şah İsmayıl Xətaini hədəfə alan mövqeyinə görə, ona qarşı nurçu və ya sələfi deyilməsini də normal qarşılamalıdır. Çünki son illərdə Azərbaycanda əhalinin böyük əksəriyyətinin inancı olan şiə məzhəbinə, onun qəbul olunmuş qaydalarına və konkret olaraq Səfəvi dövlətinə qarşı açıq şəkildə təbliğat aparanlar sələfilər, nurçular, eyni zamanda ateistlərdir. F.Mustafa birinci və üçüncüyə uyğun olmadığı üçün hər kəsin ağlına məhz nurçuluq ehtimalı gəlir. Lakin son hadisə deputatın bu cərəyana, yumşaq deyilsə, simpatiyasının olduğunu açıq şəkildə ortaya qoydu…”

Anar Xəyali cavab verdi Fazil Mustafaya:
“Fazil Mustafa “kimilərin” əsl “Mustafası” yaxud Aşuraya Teymiyyə yaxlaşımı. Son bir neçə gündür istər sosial şəbəkələrdə, istərsədə ayrı-ayrı xəbər saytlarında Aşura mərasimləri və belə marasimlərdə guya baş yarılıb, qan tokülməsi ilə bağlı çəkişmələr gedir.
Hamı bir- iki nəfərin ortaya atdığı mənasız və əsassız iddalar üzərindən virtual arenada bir-birinin əlindən belə demək mümkundürsə “zəncir ceynəyir”. Ölkənin virtual arenasını izləyən kim varsa, hamısına bəllidir ki, bu mənasız dartışmada ilk olaraq “fitili” atəşləyən millət vəkili və partiya sədri ünvanını daşıyan Fazil Musatafa oldu. Necə ki, bir neçə ay əvvəl tarixdəki bəlkə də yeganə qürur qaynağımız sayıla biləcək, Şah İsmayıl Xətai haqqında sətir altı gözdənsalma niyyəti daşıyan məlum açıqlamalar verməsi və bu mövzunun yenə də cəmiyyət arasında arzuolunmaz formada müzakirəyə çıxarılmasına rəvac verən də məhz həmin şəxs idi.
Görəsən nədir Fazil bəyi buna məcbur edən səbəb və ona qarşı bu cür aqressiv cavab verilmə cəhdləri: Bunun incələmək üçün heç şübhəsiz olanları bir necə prizmadan izah etmək vacibdir.
1. Artıq hamıya məlumdur ki, əhalisinin mütəq əksəriyyətini şiə məhzəbli müsəlmanların təşkil edən ölkələrdə Aşura mərasimlərində əzadarlıq mərasimləri illərdir “baş yarma” və “zəncir vuruma” ritualları olmadan həyata keçirilir. Hətta, İran İslam Respublikasında Aşura mərasimlərində şəbih çıxarma mərasimləri dini rəhbərlərini qərarıyla coxdan qadağan olunub və bu qadağanın səbəblərini elm əhli olan dindarlar tərəfindən sıravi əhli-beyt aşiqlərinə illərdir izah edilir. Həmçinin ölkəmizdə də Məhərrəm ayının ilk ongünluyu məcidlərimizdə ruhani idarəmizin yenə illər öncə təşəbbüsü sayəsində kütləvi qanvermə aksiyalarının keçirilməsi buna əyani misaldır. Ola bilər hardasa kiçik bir məntəqədə ya da Hindistanın “ismaili”lər yaşayan hansısa əyalətində insanlar bilincsizlikdən bu ritualı həyata keçirir və şəkillərini də sosial şəbəkələrdə yayınlayırlarsa, bu Fazil Musatafa kimilərə əsas vermir ki, onları əlində bayraq edərək şiə aləmində Aşura mərasimlərinin keçirilməsinə ikrah hissi ilə yanaşmalarını bu yolla maskalasınlar.
2. Fazil Mustafa “kimiləri” qınayanları qıcıqlandıran müstəsna bir səbəb var ki, bu səbəbə görə onun açıqlamalarına əsla bəraət qazandırmaq olmur. Nədir bu səbəb: Hamiya məlumdur ki, Fazil Mustafa dəfələrlə islam dininin Hənəfi məhzəbinə (öz deyişiylə Hənəfi hüqüq məktəbinin ardıcılı) mənsubluğu haqqında məlumat verib. Buradan da belə anlamaq olar ki, o məhzəb olaraq sünni müsəlman sayılır. Elə isə sünnü məhzəbinin daşıyıcısı olaraq, öz açıqlamalarıyla şiə məhzəbinə mənsub əhalimizin ənənəsi halına gəlmış bir mərasimi (istər haqqlı olsun istər haqqsız) necə mühakimə etmə hüququnu özündə görür? Məgər ona deməzlər ki, ya..... bir millət vəkili kimi ölkədə sivil-tolerant bir mühitin olduğundan ağız dolusu ilə danışdığın halda bu etdiyin əməlin harası “dini dözümlülüyə” yaraşar? Əgər, bir müsəlman kim bəndəniz və ya başqa birisi Yəhudilərin “şabbat” yaxud “pasxa” mərasimlərində mayasız çörək bişirmə ritualını mətuabata açıqlama verib, heç bir “ağıla məntiqə sığmır” deyə aşağılamağa calışarsa, buna verilən reaksiya tolerant olduğunu iddia edən bir cəmiyyətdə necə olmalıdır. Düzü, bu tendesiya bugünə qədər sosial mediada aparılan heç bir diskussiyada səsləndirilmədi. Bir nəfərdə olsun çıxıb demədi ki; “ay Fazil qardaş sən sünni olduğun halda, mənim aşura mərasimində nə edəcəyimdən sənə nə var və hansı haqqla bunu müzakirə mövzusuna çevirirsən?
3. İndi də gələk Kərbala faciəsinin əzadarlıq mərasimlərinə: Bu mərasimlər illərdir həm sünni həm də şiə müsəlmanlar tərəfindən artıq inanc sistemindən fərqli olaraq həm metnal dəyərlər məcmüəsi halına gəlib. Bələ ki, bir millətin şadlıq mərasimləri olduğu kimi matəm mərasimləri də olur. Şadlıq mərasimlərimizdə oxunan mahnı və oynanan rəqslər növünə görə qəhramanlıq yaddaşımızdan gəldiyi kimi, yas mərasimlərimizdə də söylənən ağılar, oxunan mərsiyələr məhz İmam Hüseynin müsibətindən gəlir. Bunu görə də qətiyyətlə deyə bilərik ki, Kərbala müsibəti naminə keçirilən şəbih və əzadarlıq mərasimləri əsrlərdir matəm folklyorumuzun bir hissəsidir. Fazil Mustafa müsahibəsində bu mərasimlərə sırf etiqadi və inanc konteksindən yanaşaraq, onu “sələfisayağı” ittiham etməyə çalışır, bu əlbəttə çox qüsurlu və qüsurlu olduğu qədərdə alçaltmaq niyyəti güdən bir yanaşmadır. Bu cür yanaşma hətta onun ardıcılı olduğunu iddia etdiyi Hənəfi məzhəbinin qurucusu İmam-azam Əbu Hənifənin yanaşmasına belə tərs düşməkdədir. O Əbu Hənifənin ki, illərlə İmam Cafəri-Sadiqdin şagirdi olmuş, Kərbala müsibətinin əsl fəlsəfəsini ustadından əxz etmişdir. Məhz bunun üçün də Əbu Hənifənin özu belə əhli-beyt tərəftarı olmuş və hətta buna görə dövrünün Abbasi xəlifəsinin qəzəbinə tuş gələrək, həbs olunmuş elə zindanda da vəfat etmışdir. Əbu Hənifə belə Kərbala mərasimini Quran və etiqadi zəmində yorumlayıb iştirak edənləri Fazil Mustafanın deyimi ilə “gerizəkalı yaxlaşımda” suçlamayıb. Bu cəhətdən, Fazil Mustafanın yaxlaşımı İbn Teymiyyənin yaxılşımına birə-bir oxşayır.”

Ya Mustafa!

Azərbaycanda dini mənsubiyyət prioritet deyil. Dini həyat tərzi yaşamayan müsəlmanlar hətta nikahda şəriət məsələlərinə diqqətli görünmür. Son zamanlar müsəlman xanımların əcnəbiyə ərə getməsi həm də cəmiyyətin bu məsələyə biganələşdiyini göstərir. Bəzən İslam da mövzuya belə yanaşır, amma fərqli aspektdən. Ali-İmran surəsinin 113-cü ayəsində buyurulur: “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.” Quran kitab əhli olmağı və ibadəti xüsusi vurğulayır. 
Biz şiələr nurçuluğa və onların məktəblərinə nə üçün mənfi münasibətdəyik? Nurçuluq Azərbaycana məhz Fazil Mustafa çevrəsinin (Elçibəy başda olmaqla) himayəsi ilə yol tapıb. Nurçuluq qırmızı xətləri ayaq altına alıb və şiə cameəsini döndərmək missiyasını üzərinə götürüb. Əgər nurçular Azərbaycanda yalnız sünnə əhlinin kompakt yaşadığı ərazilərdə işləsəydilər, onların gəlişinə qarşı olmazdıq. Yəni nurçuluq taktiki baxımdan vəhabiliklə eyni nüfuz yolunu seçib: şiə cameəsini sünniləşdirmək! İkinci məsələ nurçu məktəbələridir. Yeni eyni yanaşma: şiə ailələrindən olan uşaqlara sünnə əhlinə məxsus qaydada namaz qıldırılır. Bunlar əxlaqidirmi? Bu addımlar necə normal qarşılansın? Şiə məzhəbli cənub bölgəsində nurçu nə itirib?! Fazil Mustafa şəkk edirmi ki, elmi təhsil proqramlarının cazibəli tədrisi bir pərdədir və bu pərdə arxasında nurçuluğun yayılması gizlənib?! 

Cənab Mustafa! Sizi din adamı yox, siyasi abort yaşamış biri görürəm. Əlbəttə Azərbaycanda sizi rahatca siyasətçi adlandırmaq olar. Amma əsil siyasətçi ya iqtidardır, ya müxalifət. Qalanları siyasi abortdan sağ çıxmış döldən başqa bir şey deyil. Olsun ki sizi tənqid edəndə etiket gözlənilməyib. Amma əxlaqlı insanlar təhqirə təhqirlə cavab vermir. Sizin siğədən doğulanlar ifadəniz Jirinovski, Hafiz Hacıyev, Fazil Ağamalı, Səyavuş Novruzov əxlaqıdır. Etiraf edim ki, tanıdığım nurçular bu əxlaq və ya əxlaqsızlıqdan uzaqdır. Siz öz münasibətiniz və tənqidlərə reaksiyalarınızla sübut etdiniz ki, din yox, abort siyasət adamısınız. Kaş nurçu olaydınız. Allahı qəlbən nurçuluqda görənlə, əxlaqlı insanlarla, qırmızı xətti gösləyənlərlə problemimiz yoxdur. Sizsə öz siyasi gedişatınıza nurçuluğu da qurban verdiniz. Bir zaman Azərbaycanda belə fikir vardı ki, nurçular etiket gözləyir. Siz bu təsəvvürü alt-üst etdiniz. Nə din, nə siyasət, nə el adamısınız. Siz Azərbaycanın minlərlə Hafiz Hacıyevindən birisiniz. Sadəcə danışanda səs tonunuza nəzarət etməyə çalışırsınız. Amma bu da müvəqqətidir. Tezliklə sizin kiməsə stəkan atacağınızı, kiməsə söyüş söyəcəyinizi görəcəyik. Əslində bu çirkin addımları atdınız, qaldı efirə çıxması.


Əbdülhəmid Aran
2981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı