Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2015

AntiBəşəri siyasətin ifşası

Elçin Manafov: Maraqları tələb edəndə Ağ Ev hətta öz müttəfiqlərinə də zərbə vurmağa hazırdır

Məlum olduğu kimi, bir neçə il əvvəl WikiLeaks saytının ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin kabinetlərini dinləməsi ilə bağlı sənədləri dərc etməsi uzun müddət medianın gündəmini məşğul etmişdi. Bir çox ölkələr buna kəskin reaksiya versə də, ABŞ xüsusi xidmət orqanları bu dinləmələri davam etdirdilər. Avropa ölkələrindən Fransa da bu olayla qarşı-qarşıya qaldı. Ardınca Almaniya da Amerikanın bu oyunu ilə qarşılaşdı.

WikiLeaks saytında dərc olunan məlumata görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Almaniyanın dövlət qurumları rəhbərlərinin və yüksək vəzifəli məmurların telefonunu dinləyib. MTA-nı ilk növbədə Almaniyanın iqtisadi və valyuta siyasəti maraqlandırıb.

Qeyd edək ki, Türkiyə də öz müttəfiqi ABŞ-ın dinləmələrinə məruz qalıb. Belə ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müşaviri Erdal Aksüngərin bildirdiyinə görə, bəzi beynəlxalq şirkətlər və xüsusi-xidmət orqanları baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanı 8 il yarım gizli dinləyiblər. Dinləmə Türkiyənin Baş Polis İdarəsinin İtaliya firmasından satın aldığı virus proqramı vasitəsilə həyata keçirilib.

Məsələni şərh edən Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov bildirdi ki, ABŞ-ın diplomatik nümayəndəliklərinin məxfi yazışmalarını yayan WikiLeaks-in son məlumatları Vaşinqtonun riyakar, ikiüzlü siyasət yürütdüyünu bir daha təsdiq etdi:

Bütün dünya ictimaiyyətinə bir daha məlum oldu ki, Birləşmiş Ştatlar yalnız öz maraqlarından çıxış edir. Bu dövlət planlarını həyata keçirmək üçün quldurların, mafiozların xeyrinə belə seçim etməkdən çəkinmir. ABŞ heç vaxt ədalət, demokratiya, insan hüquqlarının tərəfdarı olmayıb. Gizli dinləmələr də bunun əyani göstəricisidir.

Bununla belə, E.Manafov qeyd etdi ki, Amerikanın yürütdüyü çirkin siyasət çox əvvəllər ifşa olunub. Onun sözlərinə görə, WikiLeaks saytının ortaya çıxardığı məxfi sənədlər sadəcə bunun rəsmi təsdiqidir: Heç kimə sirr deyil ki, imperializmi qarşısına məqsəd qoyan Birləşmiş Ştatlar diqqətində olan bütün ölkələrdə baş verən prosesləri daim izləyir. Maraqlarının tələb etdyi məqamda isə həmin ölkələrin istər iqtidarı, istərsə də müxalifətilə sövdələşərək, özünə sərf edən siyasətini həyata keçirməyə başlayır.

AİP rəhbəri vurğuladı ki, ABŞ eyni zamanda, öz müttəfiqlərini də dinləyərək, özünün çirkin siyasətini həmin məlumatlar əsasında qurmağa çalışır. Bu yaxınlarda Fransanın, Almaniyanın və Türkiyənin MTA tərəfindən dinlənilməsi barədə sözügedən saytın açıqlamaları da bunu sübut edir: Sabiq prezidentlər Jak Şirak və Nikola Sarkozidən sonra hazırkı dövlət başçısı Fransua Ollandın telefon danışıqlarının dinlənilməsi, habelə, hələ baş nazir olduğu vaxtlardan bu yana Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın danışıqlarına qulaq asilması ABŞ hökumətinin riyakarlığından, yalançı müttəfiqliyindən xəbər verir. Maraqlısı isə odur ki, Fransa hökumətinin dinlənilməsi ilə bağlı açıqlama verən Ağ Evin mətbuat katibi Coş Ernest dinləməni Fransada ciddi terror təhlükəsinin mövcudluğu ilə əlaqələndirmiş və guya bu addımı öz müttəfiqinə yardım göstərmək məqsədi ilə atdığını bildirmişdi.

Müsahibimizin sözlərinə görə, ABŞ rəsmisinin bu açıqlaması cəfəngiyyatdan başqa bir şey deyil: Birincisi, əgər rəsmi Vaşinqton sözlərində səmimi idisə, onda öz müttəfiqini terror barədə məlumatlandırmalı idi. Digər tərəfdən, dinləmələrlə bağlı sənəd yayılandan sonra Fransa ilə Birləşmiş Ştatlar arasında ciddi soyuqluğun yarandığı göz önündədir. Göründüyü kimi, maraqları tələb edəndə Ağ Ev hətta öz müttəfiqlərinə də zərbə vurmağa hazırdır.

E.Manafovun qənaətinə görə, hansı dövlət olmasından asılı olmayaraq, Vaşinqton onun maraqlarına cavab verməyən, müstəqil siyasət aparan hakimiyyətləri, ölkələri cəzalandırmağa çalışır. Və məqsədinə nail olmaq üçün istənilən iyrənc, anti-bəşəri variantlara əl atır. Hətta insan hüquqları ilə bağlı illik hesabatlarını da öz maraqlarına uyğun şəkildə hazırlayır./İslaminsesi/
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...