Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

"Üsyançı səfir" həbs təhlükəsindən danışdı

Hesablama Palatası Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədov barəsində Baş Prokurorluğa müraciət edib. Hesablama Palatası yaydığı açıqlamada bildirir ki, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına (Həmin müddətdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov olub) büdcədən ayrılan vəsaitlərin istifadəsi zamanı qanunsuz xərcləmələr, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması halları aşkarlanıb.

Palatanın kollegiyası iyulun 15-də qərara alıb ki, müvafiq yoxlama materialları qanunun tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilsin.

Arif Məmmədov məsələ ilə bağlı “Amerikanın səsi” radiosunun suallarına da cavab verib. Keçmiş səfir deyib ki, onunla bağlı yoxlamaların getdiyindən xəbərdar olub: “Gözəl anlayıram ki, məqsəd mənim gələcək siyasi fəaliyyətimi məhdudlaşdırmaqdır. Azərbaycanda hazırda Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılın məhkəmələri onu göstərir ki, bunlar hamısı sifarişlə edilir.
Mən siyasi platformamla və gələcək planlarımla bağlı mətbuata açıqlamalar verdikdən sonra onların müxtəlif addımlarla mənim mümkün siyasi fəaliyyətimi məhdudlaşdırmaq məqsədilə kampaniya başlayacaqlarını anlayırdım və son hadisələr mənim üçün gözlənilən idi”.
Arif Məmmədov guya dövlət sirrini yayması haqda ittihama da cavab verib. Bildirib ki, Hesablama Palatası onun səlahiyyətlərinə daxil olmayan belə bir məsələ ilə bağlı ittiham irəli sürməklə, əslində sifariş yerinə yetirdiyini sübut edib. Keçmiş səfir bu ittihamı gülünc adlandırıb. “Mən mətbuatda da demişdim ki, Avropa Şurasında işləyən vaxtlar Azərbaycanda olan haqsız həbslərin müzakirəsi zamanı çalışırdım, avropalıları daha düzgün məlumatlandırım. Bu da yəqin onlar üçün dövlət sirri sayılır. Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram” deyə, bildirib.

Arif Məmmədov həbs təhlükəsini real sayır: “Onlar əlbəttə, məni zərərsizləşdirmək, hərəkət və fəaliyyət imkanlarımı məhdudlaşdırmaq, eyni zamanda hətta həbsimə nail olmaq istəyərlər. Amma bu, onlara nəsib olmayacaq və biz fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Arif Məmmədov Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı facebook səhifəsində yazdığı statusdan sonra gündəmə gəlib. Arif Məmmədov həmin statusda məmurları ittiham edib. Daha sonra Arif Məmmədov müxalifətə keçdiyini bəyan edərək vəzifəsindən istefa verib.
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP