Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Mandat alverçisini Qarabağ qazisindən üstün tutanlar

Əliyev hakimiyyəti erməniləri sevindirməkdə davam edir

Azərbaycanda hüquq sistemi, demək olar, məhv edilib. Dəfələrlə yazmışıq ki, bu ölkədə qanun şəxslərə görə dəyişir. Məhkəmə sistemi rejimin oyuncağına çevrilib və əyninə mantiya geyinib ədaləti bərpa etməli olanlar ədalətsizliyə xidmət edir. Ölkədə müstəqil qərar qəbul edə bilən bütün vəkillər, hakimlər sıradan çıxarılıb, vicdanlı hüquq müdafiəçiləri şərlənərək həbs edilib. Yəni bu ölkədə məhkəmələr hakimiyyətin cinayətlərinə son nöqtəni qoymaq üçün xidmət edir.
Xüsusən də siyasi xarakterli məhkəmə prosesləri dövlət adına utanc səhnəsidir. Bir qayda olaraq bu tipli məhkəmələrdə günahsızlığı sübut olunanlar cəzalandırılır. Son olaraq isə Qarabağ qazisi, 2-ci qrup əlil, AXCP Rəyəsət Heyətinin üzvü Asif Yusiflinin məhkəməsində hakimiyyətin xisləti bir daha aydınlaşdı. Hətta saxta ittihamlar üçün də arqument qalmayıb. Çünki, Asif Yusifli mənimsəmədiyi məğbləği də ödəyib. Ortada şikayətçi, zərərçəkmiş yoxdur. Amma son məhkəmə prosesində dövlət ittihamçısı Asif Yusifliyə 8 il həbs cəzası istəyib. Çünki, Asif Yusifli cəbhəçidir, ədalətsizliklə mübarizə aparır, haqsızlıqlara etiraz edir və erməniyə güllə atıb. Bu ölkədə erməniyə güllə atanlar düşmən sayılır. Bu məsələyə birazdan qayıdarıq.
Indi isə bir müqayisə ilə real vəziyyəti daha aydın şəkildə göstərək. Xatırlayırsızsa, Milli Məclisin deputatı Gülər Əhmədova dələduzluq ittihamı ilə həbs olunmuşdu. Həm də dövləti bir cinayətdən söhbət gedirdi. Çünki, Gülər Əhmədova mandat alveri etdiyinə, 1 milyon manata deputat yeri satışa çıxardığına görə həbs olunmuşdu. Həm də bu alver səhnəsini əks etdirən görüntülər yayıldı və ölkənin əsas gündəminə çevrildi. O zaman Gülər Əhmədovanın partiyadaşları da onun haqqında “dələduz” ifadəsini işlətdilər və partiyaya ləkə gətirdiyini bildirdilər. Amma bu qədər sənəd-sübutdan sonra Gülər Əhmədovaya 3 il həbs cəzası verildi. 1 ildən sonra isə azadlığa buraxıldı.
Təsəvvür edin ki, milyonluq dələduzluqda adı hallanan və cinayəti sübuta yetirilmiş şəxs 2 il həbs cəzası çəkir, amma 6500 manatlıq dələduzluqda ittiham olunan şəxsə 8 il həbs cəzası istənilir. Belə dövlət ittihamçıları dövlət adına ləkə deyilmi? Belə hakimiyyət düşmənlə mübarizə apara bilərmi?
Asif Yusifli Qarabağ döyüşlərində erməniyə güllə atıb, Bakıda Qarabağ qazisi özünü yandıranda həyəcan siqnalı çalıb və hakimiyyətdən hesabat tələb edib. Ona görə də cəzalandırılır. Hazırda əməliyyata ehtiyacı olan, səhhətində ciddi problemlər olan Asif Yusifli Azərbyacan hakimiyyətinin əsarətindədir. Öz yurdunu ziyarət etdiyinə görə Dilqəm və Şahbaz Ermənistan həbsxanasında, öz vətənini sevdiyinə görə Asif Yusifli Azərbaycan həbsxanasında saxlanılır. Bu ölkədə Qarabağ qazisinin, erməniyə güllə atanların taleyi belədir. Hakimiyyət Asif Yusiflini şərləməklə ermənilərə növbəti sevinc hissini yaşatmaqdadır. YAP hakimiyyəti ermənilərə nümayiş etdirir ki, sizə güllə atanlar həbslə cəzalandırılır.
Bu hakimiyyətə mandat alveri edənlər, korrupsiyaya işıq salanlar, vətənə xəyanət edənlər lazımdır. Bu hakimiyyət üçün Asif Yusiflilər sərf eləmir. Çünki, Qarabağ probleminin tez-tez xatırlanması, vətənpərvər adamların aktiv siyasətdə olması hakimiyyətin marağında deyil.
Ədalət mütləq öz yerini tapacaq. O zaman günahsız insana 8 il həbs cəzası istəyənlər də, günahkarları mükafatlandıranlar da cavab verməli olacaq. Və məlum olacaq ki, ən böyük dələduzlar Asif Yusifliyə qarşı bu ittihamı irəli sürənlərdi.
Bir sözlə, bugün Qarabağ həm də Asif Yusiflinin timsalında həbsdədir. Ermənilərin işğal siyasətini Azərbaycan hakimiyyəti “yüksək səviyyədə” davam etdirir./azadlıq/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...