Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

Onlar mənə gənc olduğumu xatırlatdılar - Natiq Ədilov

“Azadlıq”ın əməkdaşı yazılarına görə “Qorotdel”ə çağırıldı

Dövlət adına rəzalət: prokuror jurnalistə «ölkənin dinamik inkişafını görmədiyi üçün» xəbərdarlıq etdi FOTO

Natiq Ədilov məhkəməyə müraciət edəcək

“Azadlıq” qəzetinin əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov (Güləhmədoğlu) dekabrın 4-də Bakı şəhər Baş Polis Idarəsinə çağırılıb və orada ona rəsmi şəkildə xəbərdarlıq edilib.
Saat 16.00 radələrində Bakı Şəhər Baş Polis Idarəsindən Natiq Ədilova zəng gəlib. O, idarəyə “rəhbərliklə görüşə” dəvət edilib. Lakin jurnalistə hansı səbəbdən çağırıldığı barədə məlumat verilməyib.
Idarədə onu Bakı şəhər prokuroru Əziz Seyidov və Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasov qəbul edib. Natiq Ədilova rəsmi xəbərdarlıq təqdim edilib, onu imzalamaq istənilib.
Natiq Ədilov “Azadlıq”a açıqlamasında bildirib ki, o, xəbərdarlığı imzalamaqdan imtina edib. Xüsusi qeyd yazaraq, onu “düzgün olmayan, qeyri-obyektiv sənəd” kimi səciyyələndirib.
Bakı şəhər prokuroru Əziz Seyidovun imzaladığı xəbərdarlıqda isə göstərilir:
“AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ölkəmizin dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dövlətimizin iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirmiş və görüntülər yerləşdirmişdir.
Bununla əlaqədar bildiririk ki, sensasiya naminə yaydığınız məlumatlar və etdiyiniz çağırışlar heç bir real faktlara əsaslanmayaraq, respublikamızda iqtisadi sahədə həyata keçirilən islahatların və tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır".
Xəbərdarlıq belə yekunlaşır ki, gələcəkdə yuxarıda göstərilən xarakterli fəaliyyəti davam etdirsə, Natiq Ədilov barədə qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək.
Natiq Ədilov bu xəbərdarlığı fikir və söz azadlığına qarşı təzyiq kimi qiymətləndirib: “Mən söhbət zamanı da bu məsələni aydınlaşdırmağa çalışdım. Istədim, mənə izah etsinlər ki, harada, hansı yazımda etik və əxlaq pozuntusuna yol vermişəm? Onlarınsa sözü belə oldu ki, belə faktlar çoxdur. Mən dedim ki, siz konkret məqamlarla məni tanış etməlisiniz ki, bir daha elə səhvlər etməyim. Onlar isə mənə gənc olduğumu xatırladaraq, dövlətçilik əleyhinə fəaliyyətimə son qoymağı tələb etdilər. Görüş zamanı bircə onu öyrənə bildim ki, onlar benzin bahalaşan zaman ”facebook"da paylaşdığım karikaturadan narahat olublar".
Natiq Ədilov onu da əlavə edib ki, baş verənlərlə əlaqədar Media Hüququ Institutuna müraciət edib və bu məsələyə görə məhkəmədə iddia qaldıracaq.
Hüquqşünas Namizəd Səfərov bu xəbərdarlığı “dünyada analoqu olmayan bir sənəd” adlandırıb: “Mən çox təəssüf edirəm və hətta inanmaq istəmirəm ki, bu sənədin altında hörmət etdiyim hüquqşünas Əziz Seyidovun imzası var. Doğrudanmı, bu rejim Bakı şəhər prokurorunu bu sənədin altına imza atacaq vəziyyətə vadar edib?”/azadlıq/
1723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber