Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2015

Qiyamçı diplomatdan hakimiyyətə "Maydan" xəbərdarlığı: "...Bu, qaçılmaz olacaq"

Azərbaycanın Avropa Şurası və Avropa Birliyində nümayəndəsi olmuş və son vaxtlar adı "qiyamçı diplomat" kimi medianın gündəmindən düşmək bilməyən keçmiş səfir Arif Məmmədov Rusiyanın kavpolit.com saytına müsahibə verib. Müsahibədə o, Azərbaycandakı vəziyyət, özünə qarşı rəsmi Bakının təşkil etdiyi basqılar və planları barədə danışıb.

Arif Məmmədovun həmin müsahibəsini təqdim edirik:

- İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərə yenidən baxacaq. O, Avropaya inteqrasiya tərəfdarı olan məmurları da tənqid edib. Əliyevin mövqeyini necə qiymətləndirirsiniz?


- İlham Əliyevin dedikləri güman ki, Avropa Birliyi və bütövlükdə Qərblə münasibətlərdəki gərginliklə bağlıdır. İnsan hüquqlarını pozduğuna görə Azərbaycanı kəskin tənqid edən AŞPA-nın və Bundestaqın qətnamələri qəbul olunub. Ona görə də güman edirəm ki, İlham Əliyevin bəyanatı Avropanın sərt mövqeyi ilə bağlıdır.
Bu cür çıxışlarda böyük təhlükə var. İlham Əliyev deyir ki, Qərb bizə lazım deyil, bizim neftimiz, qazımız Qərbə lazımdır. Nəzərə alsaq ki, bu gün dünya bazarında neft və qaz həddən artıq boldur, bunlar çox təhlükəli bəyanatlardı. Üstəlik Vyanada uğurlu danışıqlardan sonra neft-qaz arenasına çox güclü oyunçu olan İran çıxıb. Yəni elə bir təhlükə yaranıb ki, Qərb «əgər ölkə ədəb qaydalarına riayət etmirsə, insan haqlarını qorumursa, onda bu ölkə ilə iqtisadi əlaqələr nəyə lazımdı?» deyə bilər. Bu fikir Avropa Birliyi dəhlizlərində daha çox səslənməyə başlayıb. İndiki vaxtda Avropa ilə, ümumilikdə Qərblə konfrantasiyaya getməyin ağıllı hərəkət olduğunu düşünmürəm. Həm ölkə daxilində, həm də Avropadakı tərəfdaşlarımızda narazılıq olmasın deyə islahatlar aparmaq daha düzgün olardı.

- İnsan haqları ilə bağlı mübahisədə AB-nin, yoxsa Bakının mövqeyi daha güclüdür?


- Qanunsuz olaraq mühakimə edilərək həbsdə yatan çoxlu adamlar var və bunu bütün beynəlxalq təşkilatlar bilir. Onların arasında Leyla Yunus, Xədicə İsmayıl, Tofiq Yaqublu və digərləri var, yəni siyahı çox böyükdür. Avropada bunu bilirlər və bundan olduqca narahatdılar. Bu işlərə yenidən baxmaq doğru olardı.
Bu gün Qərbdə ölkəmiz haqqında çox neqativ fikir formalaşıb. Azərbaycan mətbuatında Qərbin ünvanına yazılan sonsuz ittihamlar... Heç bilmirəm, başqa yerdə belə çirkin kampaniya gedirmi? Bunu səhv mövqe hesab edirəm. Bu, nə ölkəyə, nə də indiki hakimiyyətə yaxşı heç nə vəd etmir.

- Günahsız həbs edilənlərin sırasına Leyla Yunusu və digərlərini aid etdiniz. Sizcə, onlar nəyə görə həbsdədir? Hakimiyyət onlardan qorxur?

- Düşünürəm ki, bu, dəyişiklik qorxusu ilə bağlıdır. Bununla göstərmək istəyirlər ki, Qərb bizi sıxır, biz isə əyilmirik. Ancaq bu gün dünyada belə yanaşma keçmir. Bu gün dünyada qanunlara hörmət edilir. Qərb dəyərlərə çox böyük diqqət ayırır. Avropa dəyərləri – insan hüquqları, demokratiya və qanunun aliliyidir. Cinayət məsuliyyətinə cəlb edilməyin leqitimliyi məsələsi varsa və adamları uydurma ittihamlarla həbs edirlərsə, bu, Azərbaycana qarşı neqativ münasibət yaradır.
Bundan əlavə, bizim mətbuatda məlumat getdi ki, Azərbaycanın Strasburqda səfiri olduğum müddətdə yol verilən maliyyə pozuntuları ilə bağlı işi Hesablama Palatası prokurorluğa göndərib. Tamamilə səfeh əsaslandırmadı – eyni vaxtda həm oğurluq, həm də dövlət sirrinin pozulması. Başa düşmürəm, maliyyə yoxlaması dövlət sirri barədə qanunu pozduğumu necə müəyyənləşdirib? Görürsünüz, belə növ ittihamlar tamamilə qeyri-peşakar hazırlanır. Bu da Qərb tərəfdaşlarında şübhələr yaradır. Onlar bunun uydurma olduğunu görür. Artıq nə Azərbaycanın məhkəmə sisteminə, nə də ümumiyyətlə dövlət sisteminə inam var.

- Sizə qarşı başlanan kampaniyanın son məqsədi nədir?

- Yekun məqsəd məni Azərbaycanda mümkün siyasi mübarizədən uzaqlaşdırmaqdır.

- Sizi niyə təcrid etmək istəyirlər?


- Hakimiyyət məni təhlükə hesab edir. Özünüz baxın, 20 ildir Avropada olan, Qərb institutlarını yaxşı tanıyan, bir neçə dil bilən adam ortaya çıxır. Onlar bunu mövcud sistemə təhlükə kimi qəbul etdi. Ona görə də düşünürəm ki, bütün bunlara mənim Azərbaycanda mümkün siyasi fəaliyyətimi əngəlləmək üçün başlanılıb.

- Siz Azərbaycanda siyasi fəaliyyətə başlamağı planlaşdırırdınız?


- Konkret olaraq bu barədə danışmamışam. Ancaq feysbuk səhifəmdə dostlarıma və izləyicilərimə təklif etdim ki, 10 il sonra Azərbaycanı necə görmək istədiklərini yazsınlar. Bu da mənim hansısa siyasi rola iddiam kimi qəbul olundu. Məndən soruşurdular ki, növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşırsanmı? Dedim, bu barədə düşünməmişəm. Ancaq dəqiq qərara gəlmişəm ki, daha diplomatik fəaliyyətlə məşğul olmayacam. Yəqin, gələcək fəaliyyətim siyasətlə və Azərbaycana dair məsələlərlə bağlı olacaq.

- Əgər İlham Əliyev Sizi görüşə çağırsa, gedəcəksiniz?


- Bu çətin məsələdir. Cəmiyyətdə mənimlə bağlı müəyyən ümidlər var. İnsanlar mənim hansısa siyasi partiyada yaxud qruplaşmada olmağımı istəmir. İnsanlar olduğum kimi qalmağımı istəyirlər...

- Cəmiyyətin hansı hissəsi Sizi dəstəkləyir?


- Əsasən gənclər, çünki səfir olanda da həmişə gənclər üçün açıq olmağa çalışırdım. Xeyli rüsdilli vətəndaşlar, çünki mənim rusdilli olduğumu görürlər. Qərbdə təhsil alan gənclər, çünki diplomatik karyeramın böyük hissəsini Avropada olmuşam. Demək çətindir. Cəmiyyətin müxtəlif təbəqələri dəstək verir.

- Siyaçətçi kimi Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasını istəyirsiniz? Hansı planınız var?


- Azərbaycan unikal ölkədir. Hesab edirəm ki, o çoxvektorlu siyasət yürütməlidir. Düşünürəm ki, əsas istiqamət Qərbə olmalıdır. Bu, təkcə Azərbaycanın deyil, Rusiyanın da oriyentiri idi. Onsuz da elitanın övladları Avropada oxuyur. İstəyirik ki, bizdə də Avropa yolları, Avropa dəyərləri olsun, insan hüquqları qorunsun, korrupsiya olmasın. Avropa ilə qonşuluğu, yaxınlığı nəzərə almalıyıq və Avropa Birliyi ilə iqtisadi əlaqələr siyasətimizin əsas istiqamətlərindən biri olmalıdır.

- Avropa arzusunun pozitiv hissəsini reallaşdırmaq üçün Azərbaycana nə lazımdır? Avropa investisiyası və AB-dən kadrlar olmalıdır?


- Neftin qiyməti yüksək olanda özümüzü rahat hiss edirdik. Ancaq qara qızılın qiymətinin ucuzlaşması dərhal milli valyutamızda özünü göstərdi. Bu gün manatın nə qədər dəyərdən düşdüyünü, sosial problemlərin, işsizliyin artdığını görürük. Stabilliyin olması üçün hər şeydə ardıcıllıq olmalıdır. Burda məsələ təkcə investisiyalarda deyil. Burda ən vacibi insan hüquqlarıdır. Əgər vətəndaş hüquqlarının qorunduğunu bilirsə, özünün, övladlarının gələcəyinə görə qorxmursa, sabah uydurma səbəbdən həbs olunacağından ehtiyat etmirsə, o rahat işləyəcək, ölkənin inkişafına töhfəsini verəcək. Sabah nəyisə elə demədiyinə görə sistemin hər şeyi onun əlindən alacağından qorxmayacaq. Bütün bunlar olmayanda isə heç bir pul, heç bir investisiya nəticə verməyəcək. Yalnız pulla xalq üçün xöşbəxt gələcək almaq mümkün deyil.

- İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın dövlət idarəçiliyində belə dəyişikliklər mümkündürmü?


- Təəssüf ki, son çıxış hər şeyin əks istiqamətdə getdiyini göstərdi. Ancaq necə deyərlər, ümid sonda ölür.
Prezidentə açıq məktub yazıb Avropa ilə münasibətlərə və ölkədə baş verənlərə, o cümlədən diplomatların təqib edilməsinə yenidən baxmağa çağırdım. On diplomat heç bir günahı olmadan, faktiki olaraq, mayın 19-dakı yanğınla bağlı statusumu bəyəndiyinə görə işdən qovuldu. İndi mənimlə nahar edənləri axtarırlar…

- Kim  axtarır? Azərbaycanın xüsusi xidmət orqanları?


- Bəli, xüsusi xidmət orqanları araşdırır. Məndə olan məlumata görə, kimin mənimlə dost olduğunu, kimlərin birgə işlədiyini araşdırırlar. Keçmiş əməkdaşlarımın hamısı bu yoxlamadan keçir.

- Qayıdaq geosiyasətə. Neftin qiymətinin düşdüyü, İrana qarşı sanksiyalar aradan qalxdığı dövrdə AB ilə münasibətlərə yenidən baxılması barədə bəyanat verən Əliyev nəyə arxalanır?


- Məncə, bununla Brüsselə demək istəyir ki, təzyiq göstərməyin, əks halda belə edərik. Ancaq bu üsul işləmir. Bu, beş il əvvəl işləyə bilərdi. Bu gün dünya dəyişib. Belə şəraitdə Qərbə ultimatum vermək həm hakimiyyət, həm də ölkə üçün ağır nəticələrə gətirə biləcək tamamilə düşünülməmiş siyasətdir.

- Sizcə, Azərbaycana “Maydan”ın ixracı mümkündür?


- Bunu istəməzdim. İstənilən zorakı hərəkət kataklizmdir. Düşünürəm ki, dəyişiklik lazımdır, ancaq inqilab yox, təkamül yolu ilə.

- Azərbaycanın daxilində və ətrafında təsvir etdiyiniz situasiya bu gün “Maydan”ın ixracı üçün əlverişlidirmi?


- Əgər cəmiyyətdə yığılan bir çox problemlər həll edilməsə, bu, qaçılmaz olacaq. İslahatları həyata keçirmək üçün kifayət qədər müdriklik olsa, hadisələrin belə inkişafından qaçmaq mümkün olacaq.

- Sizcə, AB Azərbaycan prezidentinə nə ilə cavab verəcək?


- Avropa Parlamentində son bəyanatlardan çox narazıdırlar. Avropa Parlamentində və AB-nin digər strukturlarında görüşlərim olub. Düşünürəm ki, yanaşmalar dəyişməsə, siyasi məhbuslar azad edilməsə, real addımlar atılmasa, bunun ciddi nəticələri olacaq.

- Rusiya Azərbaycanı bu nəticələrdən qoruya bilərmi?


- Rusiya özü Qərblə yaxşı münasibətlərdə maraqlıdır. Rusiya Qərblə münasibətlərin vacibliyini gözəl anlayır. Hər halda Rusiya siyasi rəhbərliyinin belə bəyanatları yoxdur, Putin “AŞPA-nın qətnaməsi kağız parçasıdır” demir. Putin belə ifadələr işlətmir, çünki bunlar yersizdir. Bundan əlavə, Rusiya nəhəng sərvətləri olan böyük ölkədir, ABŞ və müttəfiqlərində olandan da çox nüvə başlıqları var. Ancaq buna baxmayaraq, Qərb Rusiyaya qarşı olduqca sərt mövqe tutur. Rusiya nəyi mümkündür, onu qorumağa çalışacaq, ancaq görəndə ki, daha qorumaq mümkün deyil, mövqeyinə yenidən baxa bilər./azadlıq/

1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı