Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2013

“Milli Şuranın müqavimət imkanları xeyli dərəcədə güclənəcək”

Cəmil Həsənli: “Milli Şuranın müqavimət imkanları xeyli dərəcədə güclənəcək”

“Rüstəm İbrahimbəyovun fəxri sədr olmağının siyasi proseslərə heç bir dəxli yoxdur”

Milli Şuranın yeni sədri seçilmiş Cəmil Həsənli sədr kimi ilk müsahibəsini “Yeni Müsavat” qəzetinə verib. Müsahibəsində Cəmil Həsənli Milli Şuranın gələcəyi, baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib.

- Cəmil bəy, Milli Şuranın sədri kimi hədəfləriniz nədir? Qurumun fəaliyyət istiqamətlərini necə planlaşdırırsınız?

- Milli Şuranın hədəfləri ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın demokratik dünyaya inteqrasiyası, siyasi məhbuslarsız, hər kəsin hüquqlarının qorunduğu, sosial ədalətin bərqərar olduğu sistemin qurulmasıdır. Bizim hədəflərimiz Milli Şuranın memorandumunda və bəyannaməsində öz əksini tapıb. Son sessiyada da biz Milli Şuranın fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmin istiqamətlərdə fəaliyyət gücləndiriləcək. 
- Sessiyadan əvvəl fikirlər səslənirdi ki, Milli Şurada struktur islahatları aparılacaq, komissiyaları, icra aparatı yenidən formalaşdırılacaq. Bu istiqamətdə addımlar atılacaq?
- Milli Şuranın strukturlarının iş mexanizmi bərpa ediləcək. İşgüzar bir mühitin bərqərar olması istiqamətində addımlar atılacaq. Milli Şuranın əsasnaməsində bəzi dəyişikliklər edildi. Sessiyalararası müddətlə bağlı dəyişikliklər də edilib. Şübhəsiz ki, biz İcra Aparatında da dəyişiklik etdik, Sədr Aparatı yaratdıq. Struktur islahatları davam edəcək. Komissiyaların əksəriyyəti formalaşıb, qalanları da formalaşacaq. Komissiyalarda işgüzar mühitin bərqərar edilməsi, görülən işin səmərəliliyinin, faydalılıq əmsalının artması istiqamətində irəliləyişlər olacaq. Yaxın gələcəkdə yəqin ki, biz bunları görərik. 

- Bundan sonrakı mərhələdə Milli Şuranın sıralarında dəyişiklik gözlənilirmi?
- Milli Şura fəaliyyətdə olan təşkilatdır və onun sıralarında genişlənmə də ola bilər, yeni üzvlər qəbul edilə bilər, qəbul edilməlidir də. Çünki Milli Şuraya böyük maraq, diqqət var. Orada təmsil olunmaq istəyən şəxslər, qüvvələr var. Biz bu məsələləri, əlbəttə, gündəlikdə saxlayacağıq. Ola bilsin ki, Milli Şuradan getmək istiqamətində də hər hansı addımlar müşahidə edilsin. Bunu da təəccüblə qarşılamaq lazım deyil. Milli Şura demokratik bir təşkilatdır və demokratiyanın bütün prinsiplərinə onun fəaliyyətində əməl olunacaq. Amma bütövlükdə Milli Şura güclənəcək. Milli Şura Azərbaycan müxalifətinin birlik modelidir. Milli Şura bu gün Azərbaycanda bir güc mərkəzidir və onun yeni-yeni imkanları, eyni zamanda müqavimət imkanları xeyli dərəcədə güclənəcək. Milli Şuranın Azərbaycanın aparıcı güc mərkəzi kimi hadisələrə təsir imkanları artacaq.   
- Milli Şura növbəti mərhələdə kütləvi etiraz aksiyaları keçirəcək?     
- Mitinqlər siyasi mübarizənin bir formasıdır, Azərbaycan vətəndaşlarının, siyasi partiyaların, hərəkatların konstitusion hüququdur. Lazım gəldikdə bu hüquqdan həm Azərbaycan vətəndaşları, həm də Milli Şura olaraq biz istifadə edəcəyik. Xüsusilə son bahalaşma ilə bağlı, Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” ilə bağlı müəyyən narahatlıq doğuran məsələlər var. Bu istiqamətdə real addımlar atılacaq. Yaxın günlərdə bu məsələlər müzakirə ediləcək.
- Rüstəm İbrahimbəyov xaricdə olduğu üçün onun sədr kimi Bakıda xüsusi bir ofisinin olmasına ehtiyac yox idi. Artıq sədr sizsiniz, sədr kimi işlərinizi həyata keçirmək üçün konkret bir yer, ofis varmı? Sizi tapmaq üçün ofis olaraq konkret ünvan nəzərdə tutulur? 
- Məni axtaranlar hamısı asanlıqla tapıblar və tapırlar. Kommunikasiya imkanları elədir ki, Azərbaycanda istənilən adamı tapmaq, əlaqə saxlamaq olar. Amma mən də çalışacağam ki, stabil bir yerimiz olsun və bizi tək kommunikasiya sistemi ilə yox, şəxsən axtaranlar da rahat tapa bilsinlər. O istiqamətdə də axtarışlar gedir və müəyyən bir qərara gələcəyik.
- Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsinə Müsavat Partiyasının münasibət mənfi oldu. İsa Qəmbər və digər müsavatçılar Milli Şurada qalıb-qalmamaq məsələsinə baxıla biləcəyini  bəyan ediblər. Bunun baş verməməsi üçün İsa Qəmbərlə danışıqlarınız olubmu, yaxud olacaqmı?
- Əvvəla, mən hesab eləmirəm ki, Müsavat kimi Azərbaycan cəmiyyətinin aparıcı partiyalarından biri bu kiçik məsələyə görə Milli Şuradan getmək qərarına gəlsin. Rüstəm İbrahimbəyovun fəxri sədr olması ona bir münasibətdir, onun fəaliyyətinə, gördüyü işlərə, Milli Şuranın yaranması üçün atdığı addımlara bir münasibətdir, təşəkkür formalarından biridir. Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı. Milli Şuranın sessiyasından sonra Rüstəm İbrahimbəyovla əlaqə saxlamışam. Rüstəm İbrahimbəyov üçün sədr, fəxri sədr, yaxud Milli Şuranın üzvü olmaq məqbuldur.
Rüstəm bəyin fəxri sədr olmağının siyasi proseslərə heç bir dəxli yoxdur. Rüstəm İbrahimbəyov Milli Şuranın üzvüdür və bundan sonra da Milli Şurada fəaliyyətini davam elətdirəcək. Hesab edirik ki, Milli Şuranın bundan sonrakı fəaliyyətində də Rüstəm bəyin aparıcı rolu olacaq. Amma bu məsələ ətrafında hər hansı böhran yaranacağını mən düşünmürəm.     
İsa Qəmbərlə görüşməyimizdə də heç bir problem yoxdur. Biz istənilən vaxt görüşürük. /musavat.com/
1848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber