Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

İlqar Məmmədova həbsdə hücum olub

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov hücuma məruz qalıb. Bu haqda AzadlıqRadiosuna REAL-ın icra katibi Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, hadisə dünən – iyulun 29-da axşam saat təxminən 9-da baş verib:

“Dustaqlar həyətdə gəzərkən bir nəfər İlqar Məmmədova hücum edib. Ona bir neçə zərbə endirib. Ölkədə vəziyyətin yaxşı olduğunu, niyə İlqar Məmmədovun bununla razılaşmadığını bildirib. İlqar bəy bunun təxribat olduğunu anlayıb. Digər dustaqlar onları ayırıblar”.

Natiq Cəfərli bildirib ki, İlqar Məmmədova qarşı edilən təzyiqlər aylardır davam edir və burada məqsəd ona zorla əfv ərizəsi yazdırmaqdır.

İyulun 30-da səhər vəkil Fuad Ağayev İlqar Məmmədovla görüşüb. Vəkil hadisə ilə bağlı hüquq mühafizə orqanlarına, Qırmızı Xaç Komitəsinə və digər beynəlxalq təşkilatları müraciət ediləcək.

Respublikaçı Alternativ Hərəkatının bununla bağlı bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, iqtidar Avropa Məhkəməsi, Avropa Şurasının Nazirlər Komitəsinin İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnamələrini icra etmək yerinə, ona əfv ərizəsi yazdırmaq cəhdlərindən əl çəkmir:

“Bu cəhdlər yumşaq danışıqlar, təklif və şirnikləndirmələr, böhtan və təhdidlər, ünsiyyətdən kəsmək, birnəfərlik cəza otağına salmağa qədər müxtəlif formalarda olub. Lakin son vaxtlar bu cəhdlərin sırasına fiziki hücumlar, təhdidlər də əlavə edilib”.

Hərəkat onun sədrinə, eləcə də digər üzvlərinə qarşı baş verə biləcək bütün hadisələrə görə bir başa hökumətin məsuliyyət daşıdığını bildirir.

Hələlik bu hadisə ilə bağlı Penitensiar Xidmətdən hər hansı açıqlama verilməyib. ​
694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber