Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Müharibə veteranı qul bazarında çürüyür...

Mehman Aşurov Qazaxın Böyük Cəfərli kəndində doğulub. Şəhərdə hərbi komissarlığın yanındakı qul bazarında günə-muzd üçün axşama kimi "indi müştəri gələr, bu saat gələr" deyibən gözləyənlərdən biridir. Hər dəfə mərkəzə çıxanda təlik quzular kimi o yana, bu yana tüyüdüyünü, dərdini danışacaq bir adam axtardığını görürəm. Ah, bu dünyada nə qədər dərdli adamlar varmış ilahi!
Onu mənə yazar dostlarımdan biri tanıdıb. Keçmiş döyüşçüdür. Müharibə veteranıdır. Vətənin ağır günlərində səngərdə canını-qanını qoyan oğlanlardan biri olub. Qarda-qışda ayaqlarını dona vurdurub. İndi də onun ağrısını çəkir. Səngərdə çəkdiyi zülm bir yana, indi də qul kimi onun- bunun qapısında ağır yük qaldırmaqdan, vaqonlardan tonlarla sement boşaltmaqdan belinə də zor olub. Deyir, ayağımda, belimdə o dərəcədə ağrılar olur ki, az qalır canıma qəsd edəm. Ancaq balalarımı düşünəndə (mənim himayəmdə zar-zor yaşayırlar), mənsiz necə yaşayacaqlarını təsəvvür edəndə həyata dörd əlli sarılıram.
Bəli, nur topu kimi iki balası var Mehmanın. Qızı beşinci sinifdə, oğlu üçüncü sinifdə oxuyur. Hər ikisi Rusiyada doğulub. Yeri gəlmişkən, Mehman 6 il Rusiyada yaşayıb. Deyir: "Döndüyümə it kimi peşmanam. Bilsəydim gəlib burada zülm çəkəcəm, dönməzdim."
Mehmanın evi yoxdur. Xeyirsevər adamlar tərəfindən müvəqqəti olaraq normal şəraiti olmayan bir evdə məskunlaşdırılıb. Evlə bağlı dəfələrlə bütün əlaqədar orqanlara müraciət edib; İlham Əliyevə, Mehriban Əliyevaya, Qazax rayonunun deputatı Əhməd Vəliyevə, əli çatan, ünü yetən hər kəsə məktub ünvanlayıb. Əli hər yerdən üzüləndə övladları Rusiya doğumlu olduğuna görə, Rusiya səfirliyindən kömək istəyib: "Yenə insaflısı bu ruslar oldu, heç olmasa səfir özü bir başa mənimlə əlaqə saxladı, "biz sizə kömək edə bilmərik", dedi" - deyir. "Qalan məktublarımasa həmişə icra aparatından Tahir Musayev adında bir şəxs cavab verir, bilmirəm, İlham Əliyev hara baxır? Niyə ona yazdığım məktublara Tahir cavab verir."
Mehman hər dəfə kimə olur-olsun evlə bağlı müraciət ünvanlayanda Tahir Musayev ona təxminən bu ünvanda bir cavab verir: "Bizdə müharibə veteranlarına veriləcək ev yoxdur. Ancaq qeydiyyatda olduğunuz Böyük Cəfərli kəndində sizi həyətyanı torpaq sahəsiylə təmin edə bilərik." Yəni quru torpağı verirəm, evi isə sən tik. Amma elə olur, çörək almağa pulu olmur Mehmanın. Ağrılarından dolayı heç əməlli-başlı işləyə də bilmir; bir qarnı ac, bir qarnı tox yaşayırlar...
Bütün bunlarla dərd bitmir. Belə ki, həyat yoldaşı Gürcüstan vətəndaşı olduğuna görə, hər dəfə borc-xərc tapıb sərhədi keçməli olur. Dəfələrlə Miqrasiya xidmətinə yazılı şəkildə və yaxud birbaşa həyat yoldaşının Azərbaycan vətəndaşlığına qəbul edilməsini istəsə də, işinin düzəlmədiyini görüb vaz keçib.
Respublikada bu qədər inzibati binalar, cürbəcür yaraşıqlı idman zalları tikilir; ancaq torpaq uğrunda yarımcan olmuş bir adama ev tikməyə pul tapılmır bu ölkədə.

Bu bir yana. Bir ailənin aylıq dolanışığına yetməyən veteran pulu ver, üstəlik hələ de ki, 37-38 manat məbləğində veteran puluyla özünə ev də tik...
Bura sözün bitən yeridir. Allah insaf versin! /musavat.com/
1831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09
Az