Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

"Millət gərək qalxsın, tək bizim işimiz deyil"

Bu gün sürücülər kütləvi etiraz siqnal verəcək - AKSIYA

 “Allah bunların çörəyini kəssin. Səhərdən siftə eləməmişəm. Bahalı maşın sürənlərin vecinə deyil. Olan biz kasıb-kusuba olur. Nə edək gedək mitinqə? Getdik gördük də, ”dubinka" yedizdirdilər. Mənə lazımdır? Bir yandan nəqliyyat departamenti, o tərəfdən polis günümüzü qara eləyib. Benzini də bahalaşdırdılar, lap əla. Bizə bu da azdır".
Bu fikirlər metronun “Neftçilər” stansiyasının yaxınlığındakı taksi sürücülərinə məxsusdu.
Taksi sürücülərinin sözlərinə görə, benzinin bahalaşmasından sonra ağır vəziyyətə düşüblər. Hökumətin bu qərarını bolluca qarğışla qarşılayan sürücülər hara şikayət edəcəklərini belə bilmirlər. Sürücülər bir-birinə “bu işin axırı necə olacaq” deyə sual edirlər. Onlar dekabrın 8-də keçiriləcək mitinq anonsundan da xəbərdardırlar.
“Gündəlik ”rasxod" var, polisə, nəqliyyat müfəttişinə pul veririk, benzin də qalxıb, camaatı qınamaq da olmur. Qalmışıq pis vəziyyətdə. Hələlik köhnə qiymətlə gedirik. Ancaq müştəri də gərək bizi başa düşsün. Benzinin litri 80 qəpik olub. Millət gərək qalxsın, tək bizim işimiz deyil".
Onların sözlərinə görə, ayda 18 manat əvəzinə Nəqliyyat Departamentinə 69 manat rüsum ödəyirlər. Bundan əlavə, polis qanunsuz olaraq “haqq” istəyir: “Neft olan ölkədə bu qədər taksi sürücüsü olar? Həkim, müəllim, hərbçi, savadlı-savadsız hamısı ”taksovatlıq" eləyir. Bizi adam yerinə qoymurlar. Məqsədləri budur ki, kasıblar getsin, ölkədə varlılar qalsın. Ayıb olsun bu hökumətə".
Sürücülər qeyd etdilər ki, hamı bir yumruq kimi birləşib bahalaşmaya etiraz etməlidir. Onlar xalqdan tərpəniş gözlədiklərini söylədilər. Bildirdilər ki, Bakıda sürücü ordusu var və bahalaşmadan ən çox zərbə alan da məhz bu zümrədir: “Bir dəfə aksiya keçirdik, bizi qəddarlıqla döyüb dağıtdılar. Haqqımızı tələb edə bilmirik. Müştəri də minir taksiyə, köhnə qiymətə getmək istəyir. Bizi nəzərə almırlar ki, benzin daha 80 qəpikdir, evə çörək aparmalıyıq. İnan ki, gündəlik 10 manat öz xərcimdir. Dünəndən bəri siftəm olmayıb”.
“8-ci kilometr bazarı” ətrafında işləyən sürücülər də qəzəblidir. Onlar bu gün - dekabrın 6-da “Əllər siqnala” şüarı ilə keçiriləcək aksiyaya dəstək verəcəklər. Taksi sürücüləri qeyd etdilər ki, bu gün Bakını siqnal səsləri bürüyəcək.
Onların sözlərinə görə, fərdi avtomobillərin sürücüləri də məsələdən agahdır və “Əllər siqnala” aksiyası baş tutacaq. Narazı sürücülər hökumətin qərarını mürtəce hərəkət adlandırdılar: “Bu cür yaşamaqdan boğaza yığılmışıq. Dünyaya benzini ucuz satır, özününkünə baha. Buna namərdlik deyirlər. Hökumət xalqı süründürmək istəyir. Biz aksiya keçirib, sözümüzü deyəcəyik”. Facebook-da aksiya ilə bağlı yayılan müraciətdə deyilir ki, bütün sürücülər saat 16:00-da əllərini siqnala qoysunlar və bununla yanacağın qiymətinin qalxmasına etiraz etsinlər.
“Benzin bahalaşdısa, deməli, hər şey bahalaşacaq, işıq, su, qaz, çörək, yumurta, ərzaq da. Qardaş yumurta da qalxıb. Prezident çıxışında demişdi ki, yumurtanın qiymətini qaldıran şəxs cəzalandırılacaq. Seçki qurtaran kimi belimizə minib çapırlar bizi. Əvvəl benzinə 5 manat verirdimsə, indi 7 manat verirəm. 2 manat da bizim üçün böyük puldur” - sürücü Şahin belə deyir.
Avtobus sürücüləri də narazıdır. Onlar planı güclə toplayıb verdiklərini deyirlər: “Benzin qalxıb, indi pulu benzinə verək, yoxsa plana?! Gediş haqqını da qaldırsalar, camaatla üz-göz olacağıq. Bizi söyəcəklər. Elə bil qiyməti qaldıran sürücülərdi”.
Qeyd edək ki, gediş haqqı 20 qəpik olan marşrutların bəziləri artıq qiyməti 30-40 qəpiyə qaldırıblar. Nəqliyyat Nazirliyi isə mətbuata açıqlamasında avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırıb.
Onu da deyək ki, dekabrın 4-də də bir qrup sürücü benzinin qiymətinin qalmasına etiraz əlaməti olaraq aksiya keçirib./Yeni Müsavat/
1828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber