Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2015

Azərbaycanda bank terroru: 8 min kreditə 30 min faiz hesablayıblar

Masallı rayon sakini Siyasət Şükürov bank sisteminin qurbanı olduğunu deyir. O, "Bizim Yol"a göndərdiyi şikayət məktubunda banka olan külli miqdarda borcunu ödəyə bilmədiyindən çıxılmaz vəziyyətə düşdüyünü bildirir.

45 yaşlı şikayətçinin sözlərinə görə, öz kiçik biznes fəaliyyətini davam etdirmək üçün 2008-ci ildə "Access bank"dan kredit götürüb: "Bankdan 8 min dollar məbləğində kredit götürdüm. Ancaq həmin il kartof əkini yaxşı olmadı və nəzərdə tutduğum məbləği əldə edə bilmədim. Buna görə həmin pulun 1700 dollarını banka geri qaytardım. Qalan 6300 dolları isə hissə-hissə ödəyəcəyimi, faizi dayandırmalarını xahiş etdim. Onlar da razılaşdılar. Ancaq indi məlum olub ki, faiz dayandırılmayıbmış. Mənim indi banka 30 000 manat məbləğində borcum var və ödəmək üçün də maddi imkanım yoxdur".

S.Şükürov deyir ki, kredit borcunu ödəyə bilmədiyindən psixoloji gərginlik keçirir. Bir yol tapmadığı təqdirdə intihara belə əl atmağı düşünür: "Artıq o həddəyəm ki, intihar etmək istəyirəm. Bilmirəm necə çıxım bu vəziyyətdən. Bütün dövlət qurumlarına müraciət etmişəm. Ancaq bir nəticəsi olmayıb. İndi tək əlacım İ. Əliyevə müraciət etməkdir. İnanıram ki, o, mənə bu problemdən çıxış yolu tapmaqda köməklik göstərəcək".

Hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bankın faizləri dayandırması razılığı yəqin ki, şifahi olub: "Şikayətçi onu sübut edə bilməyəcək. Məhkəmə qərarına baxmaq lazımdır, əlbəttə. 30 min çox böyük rəqəmdir. Birmənalı olaraq nə isə düz deyil orada. Buna görə də məhkəmə qərarından şikayət vermək lazımdır. Şikayətdə həmçinin qeyd etmək lazımdır ki, nəyə görə bank üstündən bu qədər müddət keçəndən sonra məhkəməyə müraciət edib? Nəyi gözləyirdi? Faizlərin artmasını? Bu açıq-aşkar vicdansız hərəkətdir bank tərəfindən. Daha sonra faizlər yəqin ki, aylıq hesablanıb. Lakin Mülki Məcəlləyə əsasən illik ödənilməlidir faizlər. Daha sonra Konstitusiya Məhkəməsinin məlum may qərarının 6-cı bəndinə əsasən həmin şəxsin bankdan güzəşt tələb etmək hüququ var. Bir sözlə, məhkəmə qərarından şikayət vermək lazımdır. Ola bilər ki, başqa əsaslara görə də. Buna görə işin detallarını bilmək, məhkəmə qərarı ilə tanış olmaq lazımdır. Xarici təcrübəyə gəldikdə isə, inkişaf etmiş ölkələrdə bu məsələlər qanunla ətraflı tənzimlənir, bank qanunu pozanda cəzalandırılır. Bizdə isə qanun səthidir, müştərini qorumur, buna görə də banklar istədiyini edir".
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50