Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

“Oğlum həkimin laqeydliyinin qurbanı oldu”

Hacıqabul sakini Rafiq Məmmədov: “Hər dəfə onunla üz-üzə gələndə sanki oğlumun qatilini görürəm...”
“2010-cu ildə oğlum Eynar kiçik bir bıçaq yarası alıb və dostu tərəfindən Hacıqabul Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq cərrahiyyə şöbəsinin müdiri Hacıqulu Həmidovun səhlənkarlığı ucbatından oğlum dünyasını dəyişib. Bu həkim xəstələri puluna görə qəbul edir. Pulun yoxdursa, ölməlisən. Çünki pulu olmayanlara yaxın durmur. Oğlumun ölməsindən bir neçə il keçsə də bu həkim hələ də cəzalandırılmayıb”.
Bu sözləri Hacıqabul rayon sakini Rafiq Məmmədov redaksiyamızda olarkən deyib. Şikayətçinin sözlərinə görə, tibbi ekspertiza kitabında oğlunun dəhşətli ağrıları olduğu, buna görə ona ağrı kəsici iynə vurulmalı, dərhal cərrahiyyə olunmalı haqda qeydləri oxuyub: “Ancaq bunların heç biri olmayıb. Yazılıb ki, oğlum 7:43-də rəhmətə gedib. Ancaq mən 7:50-də xəstəxanaya gələndə oğlum sağ idi. 7:35-də isə xəstəxanaya aparılıb. Xəstəxanaya gələndə gördüm ki, oğlum bir taxtanın üstündədir. Həkimlər də durub baxır. Polislər isə ətrafında istintaq aparırlar. Həkimə dedim ki, yardım et, nə lazımdırsa verəcəyəm sənə. Mənə dedi çıx çöldə gözlə. Oğluma ikinci sistemi vurdular. Daxili qanaxma olanda sistem vurulmaz. Özüm məcbur olub uşağıma süni nəfəs verdim. Nəbzini yoxlayanda gördüm ki, vurur. Özüm müharibə veteranıyam. Müharibə vaxtı bu cür hallarla çox rastlaşmışam. Ona görə bilirəm. Həkimə yalvardım ki, oğlum yaşayır hələ, gəl kömək et. Həkim Hacıqulu isə damağında siqaret çöldə dayanıb polislərlə söhbət edirdi. Oğlumu xəstəxanaya dostu Elnur çatdırıb. Elnur deyir ki, həkimin ayağına düşüb ki, kömək et. Həkim isə deyib ki, valideyni burada yoxdu deyə, heç nə edə bilməz”.
Atanın dediyinə görə, müstəntiqlə cərrah əlbirdir: “Məhkəmə Hacıqulu Həmidovdan pul alaraq işi bağlayır: Hacıquludan başqa bu xəstəxanada cərrahiyyə əməliyyatını həyata keçirən yoxdur. Bu, Hacıqulunun ilk belə səhlənkarlığı deyil. Bir dəfə də Fikrət adlı oğlanın kafesində bir oğlan yanmışdı. Həmin uşağı da bu xəstəxanaya çatdıranda həmin cərrah uşağa yaxın durmayıb ki, onun atası içəndir, pul verməyəcək. Axırda kafenin sahibi həkimə zəng edib ki, pulunu mən verəcəyəm, sən uşağa bax. Bir oğlan da bıçaqlanmışdı. Hacıqulu bu uşağa da pula görə baxmayıb. Oğlanın valideynləri 3 gün qohum qardaşdan pul yığıblar ki, həkimə versinlər. Ancaq oğlan bu 3 gündə qanaxmadan öldü. Kasıb ailə olduğu üçün həkim onları hədələdi və iş bağlandı. Bu həkim üçün insan həyatı heç nədir. Baxmayaraq ki, Hacıqabul Mərkəzi Xəstəxanası dövlət xəstəxanası sayılır və burada pul alınmamalıdır. Həkim məhkəmədə mənimlə elə danışırdı ki, elə bil uşağı öldürən mənəm, valideyn isə budur. Onun özünün gətirdiyi şahid belə ağzından qaçırdı ki, uşaq 1 saatadək sağ qalıb. Bu zaman həkim şahid haqda dedi ki, onun başı xarab olub. Həkim elə bir insandır ki, o heç pulsuz qardaşına belə baxmaz. Hər dəfə onunla üz-üzə gələndə sanki oğlumun qatilini görürəm, əsəbiləşirəm. Məsələ ilə bağlı prezidentə və digər aidiyyəti qurumlara müraciət etmişəm. Ancaq heç birindən bir səs-soraq çıxmayıb”.
Şikayətçi oğlunun cəsədinin ekspertizasının da düzgün aparılmadığını bildirdi: “Oğlumun tibbi ekspertizasını istixanada ediblər Halbuki heç qoyunu istixanaya aparmırlar ki, antisanitariyadır”. Şikayətçi sonda cərrahın cəzalandırılmasını tələb etdi.

Məsələ ilə bağlı ittihamda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./musavat/
1612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33