Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

“Azərbaycan «üstü bəzək, altı təzək» bir ölkədir”

Aslan İsmayılov: «Paltarlarının altında gizlətdikləri   bülletenləri topa-topa qutulara dolduran müəllimlər və həkimlər bilməliydi ki, bu yolla formalaşan hakimiyyət qiymətləri də belə gizlin qaldıracaq»

Bu ilin may ayında Vəkillər Kollegiyasından çıxarılan  tanınmış hüquqşünas Aslan Ismayılov bununla bağlı şikayətinin təmin olunmamasına baxmayaraq vəkillik fəaliyyətini davam etdirir. Tanınmış vəkillə budəfəki söhbətimizdə üzləşdiyi problemlərlə yanaşı ölkənin gündəmini zəbt edən digər məsələlərdən də danışıldı.

“Vəkilliyimi davam etdirirəm”

- Vəkillikdən çıxarılmağınızla bağlı məsələ nə yerdədir?
- Noyabrın 25-də Apelyasiyası Məhkəməsi vəkilliklə bağlı  işimə baxdı. Belə ildırım sürəti ilə, 20 dəqiqəyə məhkəmə prosesinin yekunlaşmasını birinci dəfə idi ki, görürdüm. Bir neçə vəsatət verdim, məhkəmə müşavirə otağına getdi,  qayıdıb başlarını ayaqlarının arasına soxub qərarı oxudular və dərhal zaldan qaçdılar. Bununla belə “VIZA” hüquq firmasında vəkilliyimi davam etdirirəm. Bu gün Azərbaycanda baş verən bütün bəlaların başında duran məhkəmə sistemidir.  Məhz bu hakimlər sifariş əsasında Rəşad Ramazanlı kimi şərlənib cibinə nəşə atılana 9 il, “stoyanşikin” baş barmağını əzən, 5 uşaq, 7 nəvə başçısı Qurban Məmmədova 3 il və bir milyon dollar mandat üçün verilmiş rüşvət epizodunda dələduzluq etmiş, cinayəti bütün dünyaya yayılmış Gülər Əhmədovaya isə 3 il iş verirlər. Bunlar üçün Qurban Məmmədovun və Gülər Əhmədovanın əməlləri mütənasibdir.  R.Ramazanlının məhkəməsində sədrlik edən elə suallar  verirdi ki, mən ona bəraət veriləcəyinə əmin idim. Amma 9 il iş verdilər. Heç bir artist bu cür rol oynaya bilməzdi. NIDA-çılara da bu cür hökm çıxaracaqlar. Bunların heç biri  yaddan çıxmamalıdır. Qanunu pozan hakimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hamısı bilməlidir ki, onların bu qanunsuzluğu cəzasız ötüşməyəcək. Rüşvət yığıb öz qarınlarını şişirtmək üçün başqalarının evini yıxmamalıdırlar.

“Vəkillik hamı tərəfindən tapdalanan bir institutdur”

- Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində  üzləşdiklərinizlə bağlı şikayətinizin araşdırılması Sizi qane edirmi?
- “Bandotdel” ilə bağlı şikayətimi davam etdirirəm.  Dəfələrlə yazsam da, nə baş prokuror, nə də ki, şəhər prokuroru mənə rəsmi cavab verməyiblər. Bakı şəhər prokurorluğunun əməkdaşları mənə bir dəfə cavab verdilər  ki, sən demə Canpolad Daanov məni çox istəyən birisiymiş.  Məhz bu cəzasızlığa görə də iki gün əvvəl Xətai Rayon Polis Idarəsində Ismayıl Məmmədov adlı bir müstəntiq çox savadlı, mədəniyyətli, peşəkar, təxminən 50 yaşlarında olan vəkil Akif Əlizadəni küçə söyüşləri ilə söyüb, onun ünvanına təhqiramiz ifadələr yağdırıb. Əminəm ki, o da cəzasız qalacaq. Ona görə ki, vəkillik hamı tərəfindən tapdalanan bir institutdur. Hüquq mühafizə orqanlarının vəkillik institutundan  zəhləsi  gedir. Çünki vəkillər insan haqqını qoruyur, bunların özbaşınalığına maneçilik törədir.

“Qınaq, təpki olmayan yerdə hakimiyyət vətəndaşın güzaranı  barədə fikirləşməyəcək”

- Seçki ərəfəsində hakimiyyət təmsilçiləri yağlı vədlər verir, seçkidən sonra əhalinin rifahının daha da yüksələcəyini deyirdi. Lakin əksi baş verdi, qiymətlər bahalaşdı. Parlamentdə deputatlar buna haqq qazandırmağa çalışdı. Bununla bağlı nə demək olar?
- Sosial şəbəkədə status yazmışdım ki, paltarlarının  altında gizlətdikləri bülletenləri topa-topa qutulara dolduran müəllimlər və həkimlər bilməliydi ki, bu yolla formalaşan hakimiyyət qiymətləri də belə gizlin qaldıracaq.  Bu hakimiyyətin yerinə başqası olsaydı da, eyni addımı atacaqdı. Çünki Azərbaycan xalqı öz həyatına biganəlikdə həqiqətən analoqsuzdur. O yerdə ki vətəndaş qınağı, tələbi yoxdur, o yerdə heç vaxt hakimiyyət vətəndaşın güzəranı barədə fikirləşməyəcək! Bu gün büdcə talan edilir. Bir neçə misal çəkim. Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif və Bakıxanov küçələrinin kəsişməsində istismar müddəti bitmiş iki binanın zahiri görünüşünü dəyişirlər. Həqiqətən də zahiri görünüşü dünyaya göstəriləcək bir arxitektura nümunəsi alınır. Amma onun içindəki bina tökülüb itir, hər şey çürüyüb. Beş ildən sonra həmin bina artıq yararsız hala düşəcək. Araşdırmama  görə, bu binaları söküb yerində yenilərini tikmək üçün 20-30 faiz artıq vəsait ayrılmalı idi. Yeyinti daha çox olsun deyə, köhnənin üzünü bəzəyirlər. Bunu hamı, o cümlədən orda yaşayan vətəndaşlar da görür və susur. Ən azı özünə hörmət edən vətəndaş buna susmamalı idi. Yaxud hər gün mərmərlə döşənən və insanları şikəst edən keçidlər, metrolar. Bir müddət sonra bunlar sökülüb yerinə başqa bahalı daşlar düzüləcək. Axı bu havaya sovrulan milyardlar millətindir və millət də buna etiraz etməlidir. Görülən işlərin əksəriyyəti xaricilərə göstərmək üçündür və əsasən Prezidentin hərəkət etdiyi marşrutu əhatə edir. Kimsə Hava limanına gedən yolun kənarında çəkilmiş hasarın arxasına baxıbmı? Axı orada yaşayanlar da bizim vətəndaşlardır. Bu gün Azərbaycan el dili ilə desək, “üstü bəzək, altı təzək” bir ölkədir.

“Bəlamız odur ki, qiymət artımından çox niyə qiymətin məhz  gecələr qaldırılmasından danışırıq”

- Hakimiyyət qiymət artımı ilə bağlı qərarı bir qayda olaraq gecələr verir. Bu nəyə hesablanıb?
- Gecə, ya gündüz qaldır, nəticə eynidir. Gecə ilə gündüzün arasında fərq ondadır ki, bəzi sürücələr bir bak benzini ucuz qiymətə alıb 50 qəpik-bir manat irəli düşəcəkdilər. Bizim bəlamız odur ki, qiymət artımından çox niyə qiymətin məhz gecələr qaldırılmasından danışırıq. Ondan danışmırıq ki, niyə benzin xaricə daha ucuz satılır, nəinki ölkə vətəndaşına. Ağzı köpüklənə-köpüklənə buna bəraət verən saxta deputatlar bizdə benzinin xaricdən ucuz olduğunu deyəndə niyə onlara deyən yoxdur ki, ay saxtakarlar, xaricdə maaş beş min dollardan artıqdır, səndə isə heç 500 dollara çatmır. Hələ Azərbaycan kimi neft ixrac edən digər ölkələrdə benzinin qiymətindən danışmıram.

“Normal məmləkətin ən varlı vətəndaşı vəkil olmalıdır”

- Əlillərin kifayət qədər problemi olan bir ölkədə qiymət artımı da məhz Əlillər günündə baş verdi...
- Almaniyada təhsil alan bir tələbənin Facebook səhifəsində yazısını oxudum. 3 dekabr Beynəlxalq Əlillər günündə Merkel alman xalqına müraciət edir və deyir ki, Almaniyanın, alman xalqının inkişafı əlillərə olan münasibətlə ölçülür. Çünki biz hamımız bir cəmiyyətin üzvüyük. Əlillərin həyat tərzi nə qədər yüksəkdirsə, demək, Almaniya dövləti o qədər qüdrətlidir. Alman xalqına qısa hesabatında Merkel göstərir ki, biz əlillərə hansı şəraiti yaratmışıq. Bilirsiz nəyə görə, çünki Almaniyada hakimiyyətin mənbəyi xalqdır. Əlillər də xalqın, elektoratın bir hissəsini təşkil edirlər. 500 min əlili olan Azərbaycanda nə baş verir? Telekanallarda gördüyüm o oldu ki, yeni təyin olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslumov uşaq evinə gedib orda əl qaldırıb oynayır. Merkelin dediyi həqiqətən ölkə rəhbərliyinin əlillərə olan münasibətidir. Əl qaldırıb oynamaq isə sadəcə artistlikdir. Əlillərə hansısa yemək, oyuncaq paylamağı reklam etmək insanlara qarşı hörmətsiz yanaşma, onları aşağılamaqdır. Əgər doğrudan da Səlim Müslümov əlillər üçün nəsə etmək istəyirsə, gəlsin ona  Fəvvarələr bağına gedən yolları göstərim, nəinki əlil, sağlam adamlar belə o səkilərlə çətinliklə, dələ kimi tullana-tullana gedir. Ona görə də bu gün əlillər sadəcə dörd divar arasına məhkum olunmuş şəxslərdir. Onlar üçün nə binalardan çıxmaqları, nə avtobusa minməsi, nə də parkları gəzmələri üçün şərait yoxdur. Dövlət yol polisi tinlərdə gizlənib sürücüləri saxlayıb rüşvət yığmaqdansa, həmin o səkiləri təmizləməlidir ki, oradan insanlar keçə bilsin. Polisdən söz düşmüşkən. Bildiyimə görə, Daxili Işlər Nazirliyinin rəhbərliyi mənə məxsus əmlakın siyahısını yığıb onlara qulluq edən bir qəzetə ötürüb. Həmin qəzetin də rəhbərliyi dolayısı ilə məni şantaj etmək istəyirdi ki, sizin əmlakınız barədə məlumatı mətbuatda işıqlandıra bilərik. Hər ikisinə deyirəm: bacardığınızı edin. Sizdən fərqli olaraq qorxacağım məqam yoxdur. Sizin kimi əyri yollarla, vəzifəmdən sui-istifadə edib pul qazanmamışam. Yüksək vəzifələrdə çalışdığım zamanlarda belə aldığım halal maaşıma ailəmi saxlamışam. Respublika Prokurorluğuna, Prezident Aparatına sürücü ilə deyil, metro ilə getmişəm. Mən bu gün ölkənin ən varlı şəxslərindən biri olmalıyam. Azərbaycanda, həm də dünyada tanınmış bir vəkiləm. Normal məmləkətin ən varlı vətəndaşı vəkil olmalıdır. Mən onlardan fərqli olaraq əmlakımı qohum-əqrabanın adına yazdırmamışam. Nəyim var, öz adımadır. Onlar kimi evimə haram pul aparmamışam. Nə qazanmışam, alın təri ilə, halal əməyimlə qazanmışam. Mənim əmlakımı axtaran Daxili Işlər Nazirliyi ölkəni talan edənlərin əmlaklarının siyahısını çıxarsınlar.

“Oğrular Rusiyaya, doğrular Avropaya inteqrasiya edir”

- Ukraynadakı hadisələr dünyanın diqqət mərkəzindədir. Ölkə rəhbərinin Avropaya inteqrasiya kursundan imtinası insanları küçəyə çıxardı. Azərbaycan hakimiyyəti də oxşar addım atıb. Üstəlik, rəsmilər bunun milli maraqlara uyğun olduğunu deyir. Niyə Avropaya inteqrasiya hakimiyyətin maraqlarına uyğun deyil?
- Əgər bu gün hakimiyyət məmurlarının Qərbdə pulları olmasaydı, çoxdan Gömrük Ittifaqına daxil olmuşduq. Sadəcə yuxarıdakıların pulları Avropada və Amerikadadır. Onlar bilir ki, Gömrük Ittifaqına qoşulsalar, pulları dondurulacaq. Lukaşenko qoşulur ora, çünki onun Qərbdə bir qəpik pulu yoxdur. Rusiya ilə bir yerdə olmaq - rüşvətxorluğun, korrupsiyanın davam etməsi və bu gün ölkəni talayan 5-10 məmurun daha da varlanması deməkdir. Avropaya inteqrasiya isə şəffaflıq, rüşvətin, korrupsiyanın yığışdırılmasıdır. Doğrular Moldova, Gürcüstan Avropaya,  oğurlamaqda davam etmək istəyənlər isə Avrasiya Ittifaqına inteqrasiya edirlər. Bu yaxınlarda peykdən çəkilmiş gözəl rəsm paylaşdılar - Şimali və Cənubi Koreya. Şimali Koreya həmin Avrasiya Ittifaqı, Cənubi Koreya isə Avrointeqrasiya deməkdir. Yəni Şimali Koreya Rusiyanın, Cənubi Koreya isə Qərbin, Amerikanın müttəfiqidir. Peykdən gecə çəkilmiş şəkildən görünür ki, Cənubi Koreya, türklər demiş, pırıl-pırıl pırıldayır, Şimali Koreya isə zülmətə qərq olub. Bax, fərq budur.

“Bunlar heç vaxt Dünya Ticarət Təşkilatına üzv olmazlar”

- Azərbaycan Azad Ticarət Zonası ilə bağlı saziş imzalamadı, çünki Dünya Ticarət Təşkilatının üzvü deyil. Azərbaycan niyə bu quruma üzvlükdə maraqlı deyil?
- Çünki üzv olsalar, dərhal korrupsiya aradan qaldırılmalıdır, azad sahibkarlıq yaradılmalıdır. Vergi, gömrük şəffaf olmalıdır. Ona görə də onlar heç vaxt 159 dövlətin üzvü olduğu Dünya Ticarət Təşkilatına üzv olmazlar.  Ancaq Gömrük Ittifaqına üzv olmaq üçün heç bir tələb yoxdur. Əksinə, Rusiya yalvarır ki, gəl qoşul. Avropa Ittifaqı isə tələb qoyur ki, sən korrupsiyanı, rüşvətxorluğu yığışdıracaqsan, azad rəqabət yaradacaqsan, onda səni qəbul edərəm. Yeri gəlmişkən, bu il dünyada tanınmış korrupsiya ilə mübarizə təşkilatı olan “Transparency International”-ın yeni hesabatı yayıldı. Azərbaycan 177 ölkə arasında 127-ci, Ermənistan 94, Gürcüstan isə 55-ci yerlərlə qərarlaşıblar. Hakimiyyətin dili ilə desək regionun lider ölkəsiyik.

“Oğruya, quldura, cibkəsənə, abırsıza deyirlər çox bacarıqlı, pul qazanan oğlandır”

- Telekanallarda aparıcıların və verilişlərin səviyyəsi geniş müzakirə olunur. Siz bu tənqidlərlə razısınız?
- Sosial şəbəkədəki səhifəmdə mədəniyyətlə bağlı yazılar yazıram. Normalda oğrunun da bir abır-həyası olmalıdır. Oğru məmur da pulu xərcləyəndə ətrafa baxmalıdır ki, səfalət içində yaşayan insanların içində mən oğurladığım pulları onların gözünə soxmayım. Mən şəxsən istərəm ki, hamı varlı yaşasın. Amma insanların cibinə nəşə qoya-qoya qazandığın haram pulları gözə soxmaq ən böyük əxlaqsızlıqdır. Bu gün telekanallarda baş verənlərə baxın. Bir dənə də olsun insanlarda mədəniyyəti, əxlaqı, milli dəyərləri aşılayan veriliş yoxdur. Hamısı əxlaqsızlıq, yaltaqlıq, ikiüzlülük aşılayır. “Azadlıq”da hüquqşunas Əlövsət Əliyevin küçədəki mədəniyyətsizliklə bağlı gözəl yazısını oxudum. Biz idman zalında insanların mədəniyyətsiz hərəkətini, küçələrdə qışqıra-qışqıra danışmağını görürük. Bunun hamısı hakimiyyət tərəfindən mükafatlandırılır. Çünki bu tip insanları idarə etmək asandır, onların başı özlərinə qarışır. Həm də Qərbə hakimiyyət deyir ki, biz belə mədəniyyətsiz insanlarla işləyirik. Siz bizi Avropaya qatmağa tələsməyin. Ona görə də bu hakimiyyət xalqın mədəniyyətinin, savadının yüksəlməsində maraqlı deyil. Mən idmanda insanların istirahət otağında bağıra-bağıra danışmasına, oğurluğa bərabər addımlar atmasına etiraz edirəm. Mənə mərdimazar deyirlər. Bu gün savadı, ağıllı, abırlı, mədəniyyətli olan, dürüst olana  bacarıqsız, əfəlin biridir, deyirlər. Amma oğruya, quldura, cibkəsənə, abırsıza deyirlər, çox bacarıqlı, pul qazanan oğlandır. Bizim bəlalarımız burdan başlayır.

- Sonda bu yaxınlarda Ədalət partiyasının rəhbərliyi alim, tanınmış iş adamı Ilham Rəhimovu və Sizi təhqir etdi. Buna münasibətiniz?
- Bu mənim üçün maraqsız olduğundan danışmaq istəmirəm. Birinci və sonuncu dəfə sadəcə istərdim ki, Ədalət partiyasının rəhbərləri partiyanın kimin səyi nəticəsində qeydiyyata alındığını açıqlasınlar. Iki ildir dalbadal Bakı Dövlət Universitetində Azərbaycan və Rusiya alimlərinin iştirakı ilə Ilham Rəhimovun kitablarının təqdimatı keçirilir. Ilham Rəhimov biznes fəaliyyətindən başqa real elmi işlə də məşğuldur. Görünür, onun da uğurlarını və keçirilən təqdimatların möhtəşəmliyini bəziləri həzm edə bilmir./azadlıq/

1958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15