Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

"Çox təhlükəli ölkədə yaşayırıq"

"Səhiyyə sistemində kök salmış cinayətkarcasına səhlənkarlığı durdurmaq lazımdır"

Əli Kərimli: "Səhiyyəmizdəki acınacaqlı durum, ölkədə cəzasızlıq, məsuliyyətsizlik, rüşvət və korrupsiya mühiti, insan həyatına dəyər verilməməsi ilə bağlıdır"

AXCP sədri Əli Kərimli "facebook" səhifəsində curnalist Rasim Əliyevin xəstəxanada cinayətkarcasına həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsinə münasibət bildirib. Həmin statusu təqdim edirik:

"Sizlərdən soruşuram, dalağı dağılmış, mədəaltı vəzinin quyruğu partlamış, qarnında litr yarımdan çox qan toplanmış xəstənin əməliyyat olunmasını 6-7 saat ləngidib, ağrıkəsicilərlə müvəqqəti sakitləşdirib, yaxınlarına xəstədə ciddi problem yoxdur demək cinayətkarcasına səhlənkarlıqla xəstənin tədrici ölümünə səbəb olmaq deyilsə, bəs nədir?

Jurnalist Rasim Əliyevin öldürülməsinin detalları aşkarlandıqca, adam dəhşətə gəlir. Etiraf edirəm ki, dünən (10 avqustda - red.) "Rasim ölməyə bilərdi, onu xilas etmək mümkün idi, curnalistin əsl qatili səhiyyə sistemi olub" yazanda, Rasimin xəstəxanada başına gələnlərlə bağlı məlumatlı deyildim. Sadəcə Rasimin döyüləndən sonrakı videosuna baxmışdım və səhiyyə sistemimizdən də xəbərdaram deyə, bu qənaətə gəlmişdim. İndi isə məsələ detalları ilə aydınlaşır.
Görün, Rasimin anası Seyfurə xanım oğluna vaxtında lazımi tibbi xidmət göstərilməməsindən necə gileylidir: "Həkim əvvəlcə bizə dedi ki, Rasimin daxili orqanlarında ciddi problem yoxdur... Əgər vəziyyət bu qədər ağır idisə, həkimlər niyə bizi aldatdılar? Niyə zamanında əməliyyata göndərmədilər? Niyə yalnız Rasimin halı pisləşəndən sonra onu əməliyyata göndərdilər? Rasimin ölümündə ciddi həkim səhlənkarlığı olub".

Bəli, səhiyyə sistemi özü də anlayıb ki, ölümün baş verməsində onların ciddi məsuliyyəti var. Ona görə də yeni saxtakarlığa başlayıblar. Elan ediblər ki, guya Rasim xəstəxanaya 18:45-də daxil olub, onu dərhal hər cür müayinədən keçiriblər və cəmi 1 saat 15 dəqiqədən sonra - 20:00-da əməliyyata götürüblər. Yalan məlumatdır. Rasimin sevgilisi təsdiqləyir ki, Rasim həkimin iddia etdiyi kimi axşam 7-yə qalmış yox, 6-ya qalmış artıq xəstəxanada olub və xəstəxanadan ona zəng edib. Rasimin axşam 6-ya qalmışdan gecə saat 1-ə qədər əməliyyat olunmadığını isə onunla əlaqədə olmuş bütün yaxınları, o sıradan dostu, tanınmış bloqçu Mehman Hüseynov təsdiqləyir.

Baş verənlər dəhşətlidirmi? Bəli. Bəs bizləri təəccübləndirirmi? Xeyr. Xeyli adamın yaddaşında yaxınlarının başına gəlmiş oxşar hadisələr var. Çox təhlükəli ölkədə yaşayırıq. Burada insan həyatının heç bir qiyməti olmadığından, ölüm hər birimizin ətrafında dolaşır. Səhiyyəmizdəki bu acınacaqlı durum, şübhəsiz ki, ölkədəki cəzasızlıq, məsuliyyətsizlik, rüşvət və korrupsiya mühiti, bütövlükdə ölkədə insan həyatına dəyər verilməməsi ilə bağlıdır. Amma birbaşa səhiyyə ilə bağlı da səbəblər var. Dünyanın hər yerində ən yüksək əmək haqqı alanlardan sayılan həkimlərə, tibb işçilərinə 150-200 manat maaş verib, üstəlik də keçirdiyi əməliyyatların sayına görə özündən yuxarılara da pul verməsini tələb edəndə, həkim, tibb işçisi xəstəyə qulluğunda durulacaq hörmətli subyekt kimi deyil, pul çıxarılacaq obyekt kimi baxmağa çalışır. Hamılıqla səhiyyədə islahat tələb etməliyik. Səhiyyədə icbari tibbi sığorta sistemi tətbiq olunmalı, həkimlər və tibb işçiləri yüksək əmək haqqı ala bilməlidirlər (bu barədə daha ətraflı sonra yazaram). Onların fəaliyyətinə nəzarət də yüksəlməlidir.

Jurnalist Rasim Əliyevi həyata qaytarmaq mümkün olmayacaq. Amma ölkədəki cəzasızlıq, qudurğanlıq mühitini dəyişmək, səhiyyə sistemində kök salmış cinayətkarcasına səhlənkarlığı durdurmaq olar və lazımdır. Ona görə lazımdır ki, Rasimin doğmalarının indi yaşadığı acıları başqaları yaşamasın"./azadlıq/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı