Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2015

Əlil: "Ana-bala günlərlə ac qalırıq"

Anası və özü əlildir. İş qabiliyyətləri yoxdur. Bu kiçik ailəyə gələn aylıq pul orta hesabla 100-150 manatdır.

Söhbət Tovuzun Yuxarı Öysüzlü kəndində yaşayan Hüseynovlar ailəsindən gedir. 24 yaşlı Nicat Hüseynov «Qaynar xətt»ə ailə vəziyyətindən bəhs edir.

«DƏRMAN RESEPTLƏRİNİ CIRIB ATIRIQ»

Deyir, 2-ci qrup əlildir. Mənşəyi bilinməyən endokrin piylənmədən əziyyət çəkir. Xəstəliyi anadangəlmədir:

«İş qabiliyyətim yoxdur. Bir anamdır, bir də mən… Xadimə işləyir. Onun aldığı 100 manat maaş və mənim aldığım 50 manat pensiyanın ümidinə yaşayırıq. Həkimə gedirəm, dərman reseptləri yazır, ancaq almaq imkanımız olmadığına görə resepti cırıb tullayırıq. Kommunal borclar xirtdəyəcən yığılıb. Çox vaxt çörəksiz qalırıq. Çörək almağa pul tapmırıq».

Deyir, ağır vəziyyətlərindən Tovuz rayon İcra Hakimiyyətində də məlumatlıdırlar:

«Getdim ki, başçı mənə kömək eləsin. Acından ölürük axı… Qapıda məni bir polis serjantı qarşıladı. Soruşdu ki, xeyir ola? Nə lazımdır? Dedim, «çörək… Acından ölürük. Elə gərək ana-bala ölümüzü çıxardasız evdən, ondan sonra anlayasınız vəziyyətimizi?». Qulaq asdı, götürdü telefonu… Sevindim ki, axır bir adam məni sonadək dinləməyi bacardı. Telefonu götürdü, zəng vurdu. Elə bildim başçı ilə danışacaq…».

DEDİLƏR, SƏNİNLƏ MƏZƏLƏNİBLƏR

Mühafizəçi telefonla danışandan sonra ona bildirib ki, məsələni yaşadığı kəndin icra nümayəndəliyinə tapşırıb. Getsin ora, ona yardım göstərəcəklər:

«Gəldim nümayəndəliyə. Dedim, «bayaq icra hakimiyyətindən sizə zəng vurdular, mənim məsələmi tapşırdılar. Anamla mən ikimiz də əlilik. Sutkalarla ac qalırıq». Məni gülüşə tutdular. Dedilər, «polis səninlə məzələnib, a kişi»».

Nicat Hüseynov ailəni ağır durumdan çıxartmaq üçün yerli icra hakimiyyətindən kömək istəyir.

5-10 MANAT VERİB YOLA SALIRLAR

Tovuz rayon İcra Hakimiyyətindən isə bildirirlər ki, Nicat Hüseynov aradabir quruma müraciət edir. İşçilər ona əllərindən gələn az-çox yardım göstərməyə çalışırlar. Ancaq ailənin bütövlüklə xərclərini üzərinə götürmək qurumun imkanları xaricindədir:

«Bizdə belə bir fond yoxdur ki, rayon ərazisində yaşayanları ərzaqla, qidayla, geyimlə təmin edək. Büdcədən belə xərclərə pul ayrılmır. Bununla vətəndaşın yaşadığı ərazi üzrə bələdiyyə məşğul olmalıdır. Bizim əlimizdən gələn odur ki, əlil adamdır, gələndə 5-10 manat çörəkpulu verək, yola salaq».

Bələdiyyə isə deyir, kəndlilərdən torpaq vergisi, zibil pulu yığa bilmirlər. Buna görə də fond bomboşdur. Kənddə isə yardıma ehtiyacı olan belə ailələr kifayət qədərdir.

Beləliklə də, əlil ana-bala acından ölməmək üçün son ümidlərini xeyirxah insanlara bağlayır./azadlıq/
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber