Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2015

“Ağ Blok”un iddialarına Arif Məmmədovdan cavab gəldi

Keçmiş səfir ideyanı Mahatma Qandiyə bağladı; o, blokun üzvlərini də aksiyada iştirak etməyə çağırdı
Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədov avqustun 10-da Azərbaycan xalqına müraciət edib. O, cəmiyyəti avqustun 15-də saat 12:00-da Şəhidlər Xiyabanından Park Bulvara “Ağ Marş” adı altında demokratiya yürüşü etməyə çağırıb.

Keçmiş səfir müraciətində aksiyaya gələnlərin ağ köynək geyinməyini, əllərində ağ qərənfillər tutmalarını təklif edib. A.Məmmədovun təklifi bu ilin noyabrında keçiriləcək seçkilərlə bağlı yaradılmış “Ağ Blok”un üzvlərinin kəskin etirazlarına səbəb olduğu barədə xəbər vermişdik.

Onlar keçmiş səfirin bu ideyanı onlardan oğurladığını iddia edirdilər. Blokun təmsilçilərindən Tural Abbaslı da müsavat.com-a verdiyi açıqlamada bu faktı dolayısı yolla təsdiq etmiş, keçmiş səfirin ünvanına tənqidi fikirlər səsləndirmişdi. T.Abbaslı onun çağırışının nəticə verməyəcəyini də qeyd etmişdi. “Ağ Blok” təmsilçisi onu da bildirmişdi ki, ağ rəng onların brendidir, keçmiş səfir “Ağ Marş” ideyasını irəli sürərkən onlarla məsləhətləşməli idi.

A.Məmmədovdan barəsində səslənən fikirlərlə bağlı mövqeyini öyrəndik. O, “Ağ Marş” ideyasının Mahatma Qandiyə məxsus olduğunu bildirdi: “İlk olaraq, ”Yeni Müsavat"ın “Ağ Marş” ideyasına dəstək verən bütün oxucularına təşəkkür edib, hər birini, həmçinin “Ağ Blok”un nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirəm. İlk dəfə “Ağ Marş”ın keçirilməsi barədə məlumat vermək istərdim. Bu tədbiri ilk olaraq, Mahatma Qandi reallaşdırıb. “Ağ Marş”lar dünyanın bir çox yerlərində, o cümlədən 1996-cı ildə Brüsseldə keçirilib. Mən o tədbirdə iştirak etmişəm.

Deməli, “Ağ Marş”ın müəlliflik hüququ, dahi tarixi şəxsiyyət Mahatma Qandiyə aiddir. Düşünürəm ki, o sağ olsaydı, bizi dəstəkləyərdi. Dünyada hər bir şeyin olduğu kimi, ağ rəngin də müəlliflik hüququ yalnız uca Allaha aiddir. Bu ideyanı dəstəkləyən insanların sayı həddindən artıq çoxdur. Bundan əlavə, yəqin ki, fikir verdiniz. Mən marş əvəzinə, 15-16 avqust tarixlərində dostlar və tanışların hər birini 3-5-10 nəfərdən ibarət qruplar şəklində ağ geyimdə parklarda dinc gəzinti keçirməyini təklif etdim. Həmçinin, dostların ağ qərənfillərlə gəzintiyə çıxmaq ideyasını məmnuniyyətlə dəstəklədim. Bu qərənfillər kağızdan, yəni süni də ola bilər, əsl də. Fərq etməz.

Eyni zamanda, təklif etdim ki, Rasim Əliyevin ad günündə, yəni 15 avqust tarixində jurnalistin evi ziyarət edilsin və yaxınlarına başsağlığı verilsin. O cümlədən, bu iki gündə bütün həbsdə olan dostlarımızın - Xədicə xanımın, Arif və Leyla Yunusların, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Anar Məmmədlinin, Yadigar Sadıqovun və digər qanunsuz olaraq, həbsdə saxlanılanların da evlərini ziyarət etmək olar"./musavat/
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27