Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2013

Haqq aşiqləri

Nemət Pənahlını xatırladığına və xatırlatdığına görə (Nemət Pənahlı: 25 il öncə və bu gün) jurnalist Xalid Kazımlıya çox minnətdaram. Çünki insan psixologiyasında belə bir şey var: hər hansı bir şəxsin qəhrəmanlığı, tarix yazan cəsarətli əməli nə qədər müsbət dəyərləndirilsə və dəstəklənsə də, belə insanlara qısqanclıq da olur. Bu təkcə bizim cəmiyyətə və bizim dövrə xas olan cəhət deyil. Və sözsüz ki, söhbət də tək Nemət Pənahlıdan getmir. Milli azadlıq hərəkatı tək Nemət Pənahlının adı ilə bağlı deyil. Bu taleyi yaşamış bir insanın gözümlə şahidi olduğum həyat gerçəkliklərinə əsasən deyirəm. Bu mənada kimliyindən asılı olmayaraq bir kəs bu gerçəklikləri yazırsa, mən o adamın özünün də cəsarət nümunəsi göstərdiyini hesab edirəm.

“Sonunu düşünən qəhrəman ola bilməz” deyib müdriklər. Məncə, Xalid bəy bu gerçəyin Nemət Pənahlının şəxsinə çox uyğun olduğunun bilən adamlardandır. Mən Neməti ilk gündən belə tanımışam: haqq, vətən və millət olan yerdə nəinki öz sonunu, ailəsinin, ata-anasının, balalarının belə sonunu düşünməyi xəyanət hesab edən bir insan olaraq. Belə olmasaydı, Nemətin də ata-anası son mənzilə öz oğlunun çiynində gedərdi. Çox ağır imtahandır bu Nemət üçün. Amma ağır olduğu qədər də mükəmməl və əsrlərlə yaşayacaq bir örnək. Çünki diqqətlə müşahidə etsəniz, tarix boyu yaşayan və yaşadan örnəklər Haqq üçün şüurlu şəkildə öz ailəsini və sevdiklərini qurban verənlərin göstərdikləri qəhrəmanlıq nümunələri olub.

O ki qaldı Nemət Pənahlının rus imperiyasının həbsxanasındakı durumu ilə bugünkü, yəni xəyallarını qurduğu azad Azərbaycanın həbsxanasındakı durumuna, çox haqlıdır Xalid bəy. 88-ci ildən bu yana Nemət dörd dövlətin həbsxanasında olub. O qədər böyük ürək ağrısı ilə deyir ki, heç bir dövrdə və heç bir zindanda bugünkü qədər haqsızlıq, ədalətsizlik, qanunsuzluq, özümə qarşı sayğısızlıqla üz-üzə qalmamışam. Qeyd edir ki, əvvəllər kim məni həbs edibsə, öz adımla həbs edib, mənə şər atmayıb, həqarət etməyib.

Çox dəhşətli hallarla üz-üzə qaldı Nemət bu 3 il ərzində. Amma həmişə sonda deyir ki, eyib etməz, qoy zindanda olum, amma azad Azərbaycanın zindanında olum. Yəni müstəqilliyin dəyərini onun qədər dərk edən az-az adam var bu ölkədə. Xalid bəy yazır ki, Nemət Pənahlının həyatı sakit və rəvan keçmir. Nemətin həyatı heç azadlıqda da sakit və rəvan keçmirdi. Onun özünə seçdiyi həyat tərzi, tutduğu yolun qanunauyğunluqları belədir. Neçə ki haqsızlıq var, neçə ki haqq-nahaq tərəzisi doğru çəkmir, Nemət Pənahlının həyatı necə rəvan keçə bilər?

Azadlıqda olan insanların haqları bu qədər tapdanırsa, əl-qolu bağlı dustağın halını təsəvvürünüzə gətirin. Amma Nemət Pənahlı nə durumda olursa olsun, satmaq, satılmaq, xəyanət etmək ona tamamən yaddır. Bəzən özüm də ondan prinsip və inancına zidd olan şeyləri tələb eləmək məcburiyyətində qalıram. Çünki Nemət övladımdan keçdim deyib bağrına daş basa bilər, amma elə gerçəkliklər var ki, insan bəzən nə edəcəyini bilmir.

Məsələn, bizim ailəmizdə bu dəqiqə bir problem yaşanır. Kiçiyimiz Oğuzxan 9 yaşındadır. Nemət həbs olunanda 1-ci sinfə gedirdi. Heç bir problemi də yox idi. Hazırda 4-cü sinifdə oxuyur. Bu yaxınlarda məktəbə getməkdən imtina etdi. Elə bir üsul olmadı ki, tətbiq eləməyək, amma səbəbini izah etmədən məktəbə çatan kimi ağladı. Hətta məktəbdən qaçıb soraqlaya-soraqlaya evə gəldiyi oldu. Sonda ağlaya-ağlaya dedi ki, mən hələ bir dəfə də olsun atamla məktəbə getməmişəm, bir dəfə də.

Görün azad Azərbaycanın həbsxanalarında onun müstəqilliyi uğrunda iztirablar çəkmiş necə adamlar yatır. Sözsüz ki, onların hamısının övladı bu acını çəkir. Hara gedir bunlar bu haqsızlıqlarla? Bu qədər günahla?

Amma məncə, Xalid bəy bir məqamda yanılır. Çünki xalqın fədakar oğullarının taleyi heç zaman bəd gələ bilməz. O fədakar oğullar özləri seçirlər fədakarlıqlarla dolu ləyaqətli ömrü və bunu da sevə-sevə yaşayırlar. Şəxsən mən bütün çətinlik və əzablara baxmayaraq Nemət Pənahlını və onun kimi mücahidləri dustaq hesab etmirəm. Xəlil Rza gözəl deyib: “Nə yaxşı ki, yer üzündə çox maraqlı təzadlar var, azad ikən dustaq olan, dustaq ikən azadlar var”.

Nemət Pənahlı və onun silahdaşları 88-ci ildə ölkəsini boyunduruq altına salmış düşmənə qarşı mübarizə aparırdılar. O adamlar sabah ölkənin müstəqilliyi təhlükə altına düşəcək olsa, hakimiyyətin onlara etdiyi zülmlərə baxmayaraq bir daha bu məmləkətin azadlığı üçün canlarından keçəcək insanlardır. Onlar üçün nə “mən” var, nə də “hakimiyyət”. Onlar üçün sadəcə vətən var, bir də millət.

Mən onları siyasi məhbus yox, Haqq aşiqləri adlandırıram./mediaforum/
1800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı