Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2015

Altı ay sürən qanunsuzluq

“Jiletin sağ cibində biz nəhəng ağ maddə bağlaması tapdıq, bunlar bir-birinin üstünə yığılmışdı; üç adam qalınlığındakı bu bağlama möhkəm iplərlə bərkidilib və qara işarələrlə cızma-qara edilib, bizim ehtimalımıza görə bu, yazıdır, yazının hər hərfi isə bizim ovcumuzun yarısı boydadır”

(Conatan Svift, “Qulliverin səyahəti”)

İki gün qabaq dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının tarixində çox böyük bir hadisənin əsasları qoyulmuşdur: Ağdərə rayonu düşməndən azad edilmişdir. Məzahir Pənahov seçki komissiyasını buraxmışdır, demokratik seçkilər qərarı verilmişdir.

Zarafat edirəm, qorxmayın, hər şey sabit şəkildə qalmaqdadır. Yalnız AzərTAc agentliyinin adında dəyişiklik olmuşdur. Agentliyin adındakı “teleqraf” sözü “informasiya” oxunacaqdır.
Əslində agentliyin adı hələ fevral ayında dəyişdirilmişdir, indi isə bəzi qanunlar və başqa zadlar da dəyişdirilir. Misal üçün, televiziya haqda qanunda yazılmışdır ki, Almaniyanın dağılmasını AzTV-yə AzərTAc-ın Frankfurtdakı müxbiri çatdırmalıdır və buradakı “t” hərfi “teleqrafı” bildirir. Yaxud, kənd təsərrüfatı haqda konstitusiyamızda (təəccüblənməyin, bizdə qanunlara o qədər dəhşət, böyük hörmət vardır ki, hər bir sahənin öz konstitusiyası qayırılmışdır; yəni, ana qanunsuz keçinmirik - çoxlu ana qanunları olanda camaat da qanunları rahat söyə bilir) kartof-soğan, erkək buzovun yumurtası boyda hərflərlə yazılmışdır: “Azərbaycan Teleqraf Agentliyi Fatmanisə xalanın hər inəkdən 1000 ton süd sağması haqda məlumatları xalqa çatdırmağa borcludur”.

Daha aydın olsun deyə prezidentin sərəncamından (indi guya diqqətli oxucu mızıldanacaq ki, girişdə fərman yazmısan, indi sərəncam yazırsan - buyursun, biz diqqətli oxucunun öz narazılığını çıxarması üçün də imkan yaradırıq, yoxsa gedər əlindən pis iş çıxar) bir bəndi burada göstərmək istərdim: “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 avqust tarixli 3077 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 957) 1.4-cü bəndində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilsin". Çox önəmli əvəzetmədir.

Uzun sözün qısası, fevralda agentliyin adı dəyişdirilmişdi, lakin başqa qanunlarda agentliyin adı olduğu kimi qalırdı. Təsəvvür edirsinizmi bu nə deməkdir? Hardasa 6 aydır ölkəmizdə qanunsuzluq hökm sürürdü! Görəsən niyə belə olub? Bunun məsuliyyəti kimin üzərində qalır? Deputatxanada belə anarxiyanı törədən əməkdaşlar cəzalanıbmı? Xalq həqiqəti bilmək istəyir. Canı yanmasın, çox həqiqətsevər xalqdır.

Mən başa düşmürəm, əgər möhtərəm cənab prezident 6 aydan sonra bu uyğunsuzluğu aşkara çıxarıb fərman verməsə, qanunlar eləcə qalacaqdımı? Niyə hər işi o özü görməlidir? Oqtay Əsədov nə işə baxır?

Ola bilər neftin qiyməti düşüb, qanunları dəyişdirən işçilərin paket maaşları azalıb, o üzdən gözlərindən yayınıb. Ancaq haçana qədər? Yenə qeyd edirəm, bəlkə ayrı qanun olsa bizi bu qədər yandırmazdı. Misal üçün, seçkilər haqda qanunda min dənə boşluq olsun. Cəhənnəmə ki. Onsuz idarənin başında oturan Məzahir müəllim hər şeyi dünya səviyyəsində düzüb qoşacaqdır. AzərTAc haqda qanun isə yüksək dəqiqlik tələb edir. Bəs necə, Almaniyanı dağıdan təşkilatda alman dəqiqliyi olmalıdır.

Sonda onu da qeyd edim ki, mən hələ fevralda bu məsələyə toxunmuşdum, amma hökumətdən nəsə açıqlama gəlmədi: əgər agentliyin adındakı “teleqraf” sözü “informasiya” ilə əvəz edilibsə, “T” hərfinin taleyi necə olmalıdır? Məntiqlə indən belə AzərTAc AzərİAc oxunmalıdır. Yox, əgər “tac” sözü monarxiya dövlət quruluşumuza işarədirsə bunu alqışlayırıq. Hətta xahiş edərdik ilin altı ayı agentlik Azərtaxt adlandırılsın. Polis nazirliyinə də çox pis səslənən Daxili İşlər adı yox, Fərraş Nazirliyi adı qoysaq yaxşı olardı. “Fərraş, gəl bu yazarın boynunu vur, çox çərənlədi” - necə gözəl səslənir...
İndi söz... özünüz bilirsiniz kimə verilir.

Z.Hacı/musavat
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı