Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Bakıda taksi üsyanı baş verə bilər

Taksi sürücüləri Nəqliyyat Nazirliyinin qadağasına etiraz edir

Xəbər verildiyi kimi Nəqliyyat Nazirliyi Bakının bəzi yerlərində özəl taksilərin fəaliyyətinə qadağalar qoyub. Nazirlik vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsinin qadağan edildiyi 14 yer müəyyən edib. Həmin zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “Içərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı. Bu məkanlarda yalnız “London taksiləri” işləyə bilər.

Artıq Nəqliyyat Nazirliyinin əməkdaşları taksi sürücülərini xəbərdar ediblər. Məlumatlara görə, demək olar ki, hər gün nazirliyin işçiləri reyd keçirir. Bunu taksi sürücüləri təsdiqləyir.

Əvvəllər 28 May metrostansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Tahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, Nəqliyyat Nazirliyindən onlara xəbərdarlıq ediblər: “Bir-iki gün əvvəl nəqliyyatdan (Nəqliyyat Nazirliyini nəzərdə tutur-red.) gəlmişdilər, dedilər ”gələn həftədən metronun qarşısında dayanmaq yoxdur", söz-söhbət olmasın deyə mən də daha orda dayanmıram".

61 yaşlı Məhəmməd Kərimov isə bildirib: “Orda dayanma, burda dayanma, onda desinlər ki, ”öl acından". Gör mən nə vəziyyətdəyəm ki, 88 yaşlı anam pensiyasının 100 manatını mənə verdi ki, get təkər al. Gündə 10-15 manat güclə qazanıram. 20 manat olanda sevinirəm, onun da tən yarısı benzinə gedir. Bəyəm biz ağ günümüzdən taksiçilik edirik" Ən aşağı işdir bu. Planı zorla verirəm, hər şeyini özüm eləyirəm. Indi də bu qadağa. Hələ bura metronun ağzıdır, müştəri zorla tapırsan, qıraqda neyləyəcəyəm?"

20 Yanvar metrostansiyasının yaxınlığında taksi fəaliyyətilə məşğul olan Kərim Əvəzov da deyib ki, qadağalarla bağlı onları xəbərdar ediblər: “Ancaq hələ bir-iki gün var. Işləməliyəm. Sonra Allah Kərimdir. Yəqin dayanmağa bir yer taparıq” deyib yaxınlıqdakı müştərini az qala zorla maşına oturdur.

Bir-iki gündür Xətai metrosunun yanında müştəri gözlədiyini deyən London taksilərindən birinin sürücüsü Hacıbaba Rəhimov isə onların da müştərisinin çox olmadığını bildirib: “Nə deyim, çörəyi yetirən Allahdır. Guya bizim maşına müştəri belə çox minir ki. Elə belə baxanda yenə onların müştərisi çoxdur. Çünki müştəri ilə sürücü danışır, ikisini də qane edən bir qiymətdə razılığa gəlirlər. Ancaq bizdə elə deyil, sayğac nə yazdı, müştəri onu ödəməlidir. Deyim ki, bu maşınlar bir yaxına, bir də uzağa gedənlərə sərf eləyir. Görək nə olur”.

Avqustun 17-dən küçələrdə Nəqliyyat Nazirliyinin daha çox əməkdaşına rast gəlinir.

Nazirliyin xətt nəzarətçisi Rafiq Əliyev söyləyib ki, ayın axırı London taksilərindən başqa digər taksilərə metroların qarşısında dayanmağa icazə verməyəcəklər: “Ayın axırından qərar qüvvəyə minəcək. Metronun qarşısında ancaq təzə London taksiləri fəalyyət götərəcək. Digərlərinə icazə verilməyəcək. Bu, həm də şəhərin gözəlləşdirilməsi üçündür”.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım birliyinin sədri Məzahir Rüstəmovun sözlərinə görə, taksi sürücüsünün lisenziyası varsa, ona harda dayanmaqla bağlı qadağa qoymaq doğru deyil: “Bu, həmin sürücünün hüququnun pozulmasıdır. Düzdür, taksi parkları olmalıdır, taksilər həmin parklara yığışmalıdır. Ancaq bizdə iri taksi parkları yoxdur. Olan parkların da imkanları aşağıdır”.

Ekspert deyib ki, taksi fəaliyyəti ilə bağlı reallıqları da nəzərə almaq lazımdır. Hansısa qadağalarla neçə illik problemi bir neçə günə həll etmək olmaz.

Məlumat üçün deyək ki, Bakıda şəxsi avtomobili ilə taksi xidməti göstərən minlərlə vətəndaş var. Nəqliyyat Nazirliyinin bu qadağası əslində həmin insanları çörəksiz qoymaqdır. Bəzi ekspertlər hesab edir ki, indiki ağır iqtisadi durumda belə bir qadağanın tətbiqi taksi üsyanına səbəb ola bilər./azadlıq/
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber