Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

14 saylı cəzaçəkmə müəssisəsindəki ölüm işinə xitam verildi

Məhkumun yaxınları qərarla razı deyil; onlar ədalətli araşdırma tələb edir

Məhkum Elşad Babayevin ölümü ilə bağlı başlanmış cinayət işinə xitam verilib. Bu haqda “Yeni Müsavat”a mərhumun bacısı Simuzər Babayeva məlumat verib. S.Babayeva qardaşının 14 saylı cəzaçəkmə müəssisəsində öldürüldüyünü sübut edən fotolar və məhkumların şahid kimi ifadə verə biləcəkləri təqdirdə cinayət işinə xitam verilməsini qanunusuz saydığını söyləyib:

“Yanvarın 29-da baş prokurorun 1-ci müavini Rüstəm Usubov məni qəbul edəndə demişəm ki, cinayət işinin bu cür aparılmasına etiraz edirəm. Qardaşımı dekabrın 13-də vəhşicəsinə döyüblər. Ancaq 22 dekabradək, yəni ölən günədək onun yanına həkim buraxılmayıb. Mənim qardaşıma yemək və su verməyiblər. Mən Usubovdan soruşdum ki, nə üçün mənim qardaşımla "kars"da olan və onun ölümünə şahid olan Zaur adlı məhkum bu günədək dindirilməyib. Tələb etmişdim ki, vəkil Qurban Məmmədov dindirilsin.

Çünki o, mətbuatda açıqlama verib ki, qardaşımın ölümü ilə bağlı çox fakt bilir. Hələ onda Rüstəm Usubov yanındakılara göstəriş verdi ki, Zaur və Qurban Məmmədov dindirilsin. Dindirməyiblər. Necə ola bilər ki, istintaq 14 saylı cəzaçəkmə müəssisəsində qardaşımın öldürülməsindən sonra 2 kompyüterin sındırılmasına görə 2 məhkumu müəyyən edə bilir, amma qardaşımı öldürən nəzarətçiləri tapmır? Niyə nəzarətçiləri cinayət məsuliyyətinə cəlb etmirlər? Qardaşımı öldürən nəzarətçilər bu gün də əl-ayaqlarını sallayıb gəzir, adam öldürərək cəzasız qalırlar. Budur ədalət?"

S.Babayeva deyib ki, qardaşının qatilləri cəzalarını almayınca geri çəkilən deyil: “Bu işi Qaradağ Prokurorluğundan alıb Bakı Şəhər Prokurorluğuna verəndə tələb etdik ki, həmin şəxsləri cianyət məsuliyyətinə cəlb etsinlər. Vaxtı uzadırlar, elə bilirlər ki, geri çəkiləcək, yorulacağıq. Mən qardaşımın qatilləri cəza almayınca dayanan deyiləm. Müstəntiq Cavid Abbasovun rəhbərlik etdiyi istintaq qrupu ilk gündən yerində sayırdı. Guya həmin qrup qardaşımın ölümü ilə bağlı obyektiv araşdırma aparacaqdı. Hazırda verdikəri qərar əvvəldən bəlli idi. Biz gözləyirdik ki, belə bir qərar verə bilərlər. Çünki istintaq mənə məktub yazmaqla işini bitmiş bilirdi. Düşünürdülər ki, qardaşımın meyitini eksqumasiya olunmasına razı olmayacağam. Gördülər ki, razıyam. Əlimdə qardaşımın morqda çəkdiyim fotoları var. Həmin fotolarda qardaşımın bədəni üzərində ağır bədən xəsarətlərinin olduğu görünür. Onu döyüb öldürüblər, bunun şahidləri də var. Mən qardaşımın qatilləri tutmayana qədər susmayacağam. Bunu hər kəs bilsin. Baş Prokurorluğa da üzümü tutub deyirəm - vəzifənizi icra edib cinayəti araşdırın, qardaşımın qatillərini cəzaya çatdırın”.

E.Babayevin ailəsinin nümayəndəsi Xalid Bağırov deyib ki, Bakı Şəhər Prokurorluğunun müstəntiqi Cavid Abbasovun qəbul etdiyi qərar qanunsuz və əsassızdır: “Bizə qəbul etdikləri qərarın surətini də təqdim etmirlər. Deyirlər ki, qanunda bu nəzərdə tutulmayıb. Əslində isə bunun özü də qanunsuzdur. Çünki qanunda qərarın nümayəndəyə verilməsi qadağası yoxdur. İstənilən halda ölkədaxili bütün mümkün məhkəmə instansiyalarını keçib tükədəcəyik. Çünki ölkə daxilində bu işə ədalətlə, qanunun aliliyi prinsipinə riayyət etməklə baxılması mümkünsüzdür. Bilirsiniz ki, Elşad Babayevin ölümündən sonra Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlamışdılar. Mərhumun yaxınları isə onun döyülüb öldürülməsi ilə bağlı cinayət işinin başlanmasını tələb edirdilər. Nə bunu etdilər, nə də ki, özlərinin başladığı maddə üzrə hər hansı bir qanuni tədbir gördülər”.

Qeyd edək ki, ötən il dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayev dünyasını dəyişib. Ölümündən sonra onun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Amma gözlənildiyinin əksinə olaraq məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan isə işi Qaradağ Prokurorluğundan alıb Bakı Şəhər Prokurorluğuna vermişdilər...

Yazmışdıq, bir də yada salaq ki, prokurorluq orqanının bir məhkumun döyülərək, işgəncə verilərək öldürülməsinə yanaşması ölkənin cəzaçəkmə yerlərində yeni qanlı cinayətlərə yol açacağı şübhəsizdir. Fakt budur ki, məhkumu öldürənlər bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsində çalışır və 2015-ci ilin dekabrında oxşar cinayətə yol verməyəcəklərinə də təminat yoxdur./musavat/
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber