Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Rusiyadan nə qədər azərbaycanlı qovulub?

Əlövsət Əliyev: «Deportasiya olunanlar da bir qayda olaraq, bu barədə danışmaq istəmir»

Rusiyadan deportasiya dalğası güclənməkdə davam edir. Rusiyanın rəsmi mənbələrinə istinadən apa-nın yaydığı məlumata görə, təkcə oktyabr ayında Moskvanın Lyublino bazarında 700, Samara şəhər mərkəzi bazarında 263, Inquşetiyadakı ticarət obyektlərində 600 nəfər miqrant saxlanılaraq ölkədən deportasiya olunub. Ötən həftə Moskvanın “Sadovod” bazarında aparılan yoxlama zamanı 700, “Moskva” Ticarət Mərkəzində isə 1000 nəfər miqrant saxlanılıb, onların əksəriyyəti deportasiya edilib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Ilqar Hacıyev bildirib ki, konqresin “qaynar xətt”inə hər gün çoxlu zənglər daxil olur: “Bu zənglər yerli rəsmi qurumlarla soydaşlarımız arasında yaranan problemlərlə bağlıdır. Bizim əlimizdən ancaq öz vəkillərimiz vasitəsilə onlara dəstək olmaq, məsləhət vermək gəlir. Sənədləri düzgün olanlar zəng edirlər ki, polis, miqrasiya xidməti işçiləri tərəfindən incidilirlər. Sənədləri qaydasında olmayanlar və barələrində deportasiya qərarı verilənlərin çoxu isə bizə heç müraciət etmir, birbaşa vətənə dönürlər”.

Rusiyadan deportasiya edilən şəxslər arasında nə qədər azərbaycanlının olduğu sualına isə I.Hacıyev cavab verməkdə çətinlik çəkib və onda belə bir məlumatın olmadığını söyləyib.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Fəridə Ağazadə də bu barədə heç nə deyə bilməyəcəklərini söyləyib.

Diasporla Iş üzrə Dövlət Komitəsinin rəsmisi Rizvan Əliyev də bu barədə heç nə deməyib. Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm də öz növbəsində Rusiyadan deportasiya olunan azərbaycanlılarla bağlı hər hansı rəqəm və ya məlumat verə bilməyəcəklərini vurğulayıb.



Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir Rusiyadan deportasiya olunan azərbaycanlıların qeydiyyatının ölkəmizdə aparılması mümkün deyil. Çünki həmin şəxslərin deportasiya olunduğu və ya öz istəyilə gəldiyini müəyyənləşdirmək mümkün deyil: “Deportasiya olunanlar da bir qayda olaraq, bunu demək istəmir. Normal prosessual qanunvericiliyə uyğun olaraq, Rusiyada yaşayan azərbaycanlılar ölkədən çıxarılmır. Onlar ölkədən qanunsuz əsaslarla çıxarılırlar. Bu kimi halların artması davam edir və Rusiya ərazisində belə insanların dəqiqləşdirilmiş siyahısı mövcud deyil”.

Ekspert onu da qeyd edir ki, Rusiyada yalnız məhkəmə qərarıyla çıxarılmış şəxslərlə bağlı ümumiləşdirmələr aparmaq, statistik rəqəmlər əldə etmək mümkündür. Yəni, Rusiyanın dövlət büdcəsi hesabına, orada haqqında məcburi qərar çıxarılmış şəxslərin dəqiqləşdirilmiş sayı var: “Onların neçəsinin azərbaycanlı olduğunu Rusiya tərəfi deməlidir. Amma bunu da bir qayda olaraq demirlər. Bu mənada, bizdə də Rusiyadan çıxarılan azərbaycanlıların dəqiqləşdirilmiş siyahısı yoxdur”.
1796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber