Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2015

Mingəçevirdə aksiyaçıların həbsi davam edir - VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsində (ŞPŞ) 27 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra şəhərdə başlayan etiraz aksiyasının iştirakçılarının həbsi davam edir.

Avqustun 22-də aksiya günü 21 nəfər saxlanılıb. Polisin bildirdiyinə görə, onların yarısı inzibati qaydada cərimə olunduqdan sonra buraxılıb.

Lakin yerli mənbələrin məlumatına görə, sonrakı günlərdə də həbslər davam edib. Hüquq-mühafizə orqanları aksiyanı əks etdirən videoyazılara baxaraq kadrlara düşənləri saxlayırlar.

Qeyri-rəsmi məlumatlara görə, hazırda 25-30 nəfər həbsdədir, onlara qarşı hansı maddələrlə ittihamın irəli sürüldüyü məlum deyil.

DİN və Baş Prokurorluq bununla bağlı məlumat vermir.

Eyni zamanda KİV-in məlumatına görə, mərhumun yaxınının yerli prokurorluğun müstəntiqini döyməsi faktı üzrə CM-in 315.2-ci maddəsi ilə cinayət işi açılıb. Bu, meyitxanada mərhumun cəsədinə baxış zamanı baş verib.

Bundan əvvəl DİN etiraz aksiyası zamanı polislərin xəsarət aldığını bildirib.

B.Hacıyevn ölüm faktı üzrə yalnız bir polis zabiti - baş leytenant Şahlar Şahlarzadə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə - 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Mərhumun doğmaları hesab edirlər ki, B.Hacıyevi saxlayan və dindirənlər də həbs olunmalıdır. Onlar B.Hacıyevin özünü pəncərədən atması versiyasına inanmırlar.

Mərhumun atası Dilsuz Hacıyev bildirib ki, oğluna elektroşokerlə işgəncə verilib və bundan onun ürəyi dayanıb. Pəncərədən atılmanı isə polis əməkdaşları özlərindən quraşdırıblar. Mərhumun cəsədində elektroşoker və digər zorakılıq formalarının əlamətləri olub.

Hüquq-mühafizə orqanları bildirirlər ki, B.Hacıyev narkotik maddə satışında və istifadəsində şübhəli kimi saxlanılıb. Mərhumun atası isə oğlunun narkotik maddələrə bağlılığını qəti şəkildə inkar edir (“Turan”).

843 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi